Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 11:06:00
Repetitorluqla  mübarizə sərtləşdirilməlidir –  İctimai Şuradan nazir  fikirlərinə dəstək

Təhsil naziri Ceyhun Bayramovun Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən hesabat tədbirində repetitorluq probleminə toxunması, bu məsələni daha da aktuallaşdırıb.

Nazir bildirib ki, repetitorluq  kifayət qədər dərin kökü,  tarixi olan problemdir:

“Nəzərə alaq ki, belə nüfuz etmiş problemlərin asan və tez həlli yoxdur.  Biz də istərdik ki,  müəyyən qərar qəbul etməklə bir il müddətində bu problemin tam həllinə nail olaq”.

Bəs, repetitorluq sisteminin əhatə dairəsini müəyyən qədər kiçiltmək, şagirdləri müəllimlərdən alıb məktəblərə qaytarmaq üçün hansı konkret tədbirlər görülməlidir?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun fikrincə, repetitorluq yalnız nəticədir. Onu meydana çıxaran səbəblər isə  dərindir:

“Repetitorluğun 2 əsas səbəbi var: Əvvəla, orta məktəblər bir-birilərinə bərabər deyillər. Yaşadığınız binanın yanındakı məktəb zəifdir və 5 km aralıdakı məktəb güclüdürsə, övladınızı orada oxudacaqsınız. Bu da repetitorluğun bir növüdür. Yəni, bu məktəbin müəllimi sizi təmin etmədiyinə görə başqa müəllimə müraciət edirsiz.

İkinci və əsas səbəb isə ali məktəblərə qəbul imtahanlarıdır. Qəbul imtahanları o qədər mürəkkəbdir ki, bu suallara cavab verib ali məktəbə düşməkdən ötrü valideyn mütləq repetitora müraciət etməlidir”.

Şahlar müəllim onu da qeyd edib ki, ali məktəblərə giriş sadələşdirilməlidir:

“Çünki biz kosmonavt hazırlamırıq. Ali məktəbdə oxumaq, universitetdə mühazirə dinləyib anlamaq qabiliyyətinə malik gənclər hazırlayırıq. Suallar sadələşsə, repetitora ehtiyac qalmaz. Bu il 700 bal toplayan olmadı. Sual asan olsa, 100 nəfər 700 bal toplayar. Düzdür, 700 bal kriteriya deyil, subyektdən asılıdır. Amma sual asan olmalıdır”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Oruclu isə bildirib ki, repetitorluq Azərbaycan təhsilini kölgə altında, orta təhsilin keyfiyyətini isə sual altında qoyur:

“Hər valideyn aylıq büdcəsindən kifayət qədər pul xərcləyir, xeyli iqtisadi məsrəflər hesabına övladını məktəbdənkənar müəllim yanına hazırlığa qoyur. Çox zərərli tendensiyadır. Heç bir valideyn bu vəsaiti repetitorlara sərf etmək istəməz. Bu, bəladır. Burada həm kölgə iqtisadiyyatı, həm də vergidən yayınma halları var. Bunu qanuniləşdirmək lazımdırmı? Və ya repetitorluğun Azərbaycan təhsilinə vurduğu zərbə nədir? Bununla bağlı müxtəlif dinləmələr aparılır. Repetitorluq nəticədir. Bəs onun səbəbi nədir? Bu, məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasının nəticəsidir. Xeyli mürəkkəb və oturuşmuş məsələdir.

Bəzi yaxşı özəl məktəblərin şagirdlərinin repetitora müraciət etmələrinə ehtiyac yoxdur. Çünki, həmin məktəblər müəllimləri çox ciddi yoxlamlardan keçirərək işə qəbul ediblər. Həmin müəllim şagirdə lazım olan biliyi məktəbdə verir. Amma bizim məktəblərdə vəziyyət necədir? Əvvəla, orta ümumtəhsil müəssisələrində bütün müəllimlərin bilik səviyyəsi yüksək deyil. Etiraf edək ki, çox zəif müəllimlər də var. Düşünürəm ki, attestasiyanın formasını bir qədər də çətinləşdirməyə ehtiyac var. Özəl məktəblər isə müəllimləri sərt kriteriyalarla seçirlər. Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin müəllimi ilə bizim orta məktəb müəllimi eyni səviyyədə deyillər. Müəllimlərin peşəkarlığı, seçimi məsələsinə ciddi yanaşılmalıdır. Fikrimcə, müəllimlərin seçimi başa çatdırıldıqdan sonra onların əməkhaqlarının ciddi artırılmasına ehtiyac olacaq.

Gəlin, real danışaq, heç bir müəllim dərsdən sonra evdə repetitorluğa vaxt sərf etmək istəməz. Xeyli çətin bir işdir, insanın bütün enerjisini alır. Həm də  bir məsuliyyət məsələsidir. Valideyn müəllimdən tələb edir. Buna gör də repetitor bütün gücünü, enerjisini sərf edir. Müəllimdə bu enerji varsa, onu elə məktəbə qoysun. Əksər müəllimlər məktəbdə dərslərini normal keçmirlər. İstəyirlər, şagird onların yanına hazırlığa gəlsin”.

İlqar müəllimin fikrincə, təhsil üçün heç də yaxşı əlamət olmayan repetitorluq məsələsi ilə mübarizə sərtləşdirilməlidir:

“Bunu yalnız repetitor müəllimlər  sıxışdırılmaqla etmək olmaz. Sadəcə səbəbi araşdırıb üzərinə getmək lazımdır. Səbəb isə odur ki, müəllimlər şagirdə əlavə gəlir mənbəyi kimi baxırlar. Yaxşı müəllimlərin əməkhaqlarını qaldırmaq, onlar üzərinə ciddi tələblər qoymaq lazımdır.

Bu məsələ bir–iki ekspertin fərqli fikirləri üzərində qurula bilməz. Bununla bağlı dinləmələr təşkil etmək lazımdır. Məsələ İctimai Şuranın da fəaliyyət planına da daxildir. Repetitorluqla mübarizə, onun aradan qaldırılması ilə bağlı geniş dəyirmi masa kçirəcəyik. Bu dinləmədən sonra İctimai Şura adından bir münasibət ortaya qoymaq olar. Şəxsi fikrimcə isə bununla mübarizə  yalnız müəllimlərin seçimini obyektiv aparmaq, onlara bacarıqlarına uyğun əməkhaqqı vermək, onlardan ciddi nəticə tələb etməkdən ibarətdir.

Hər valideyn istəyir, övladı ali məktəbə qəbul olunsun. Sadəcə, bizim cəmiyyətdə fərqli yanaşma var. Hamı repetitorluğa can atır. Bu, repetitorluq institutunun daha geniş vüsət almasına səbəb olur. Açığı, valideyn müəllimin hansı keyfiyyətdə dərs deməsi ilə maraqlanmır. Amma müəllimdən soruşur ki, övladımı nə vaxt hazırlığa gətirim. Hətta pul verirlər ki, şagird məktəbə getməsin. Heç kim bunu boşuna istəməz. Səbəb odur ki, orta təhsilin keyfiyyətində ciddi problemlər var.

Bundan əlavə, imtahanları DİM keçirir, təhsili isə Təhsil Nazirliyi verir. Bu iki qurumun bir – birindən ayrı olması da repetitorluğa yol açır. Fikrimcə, təhsili nazirlik verirsə, onun  yekun nəticəsini də elə nazirlik qiymətləndirməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları