Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-19 12:29:00
Təhsil naziri müəllimlərin maaşından danışdı – Artım olacaqmı?

“Ölkə başçısı tərəfindən imzalanmış  “Təhsilin inkişafı üzrə Dövlət Stratergiyasi” istiqamətində aparılan işlər arasında ən çox müsbət nəticə əldə etdiyimiz müəllim amilinin, peşəsinin nüfuzunun artırılmasıdır. 

Bu  görülən digər  işlərdən xeyli dərəcədə fərqlənir. Burada əməkhaqqı amili vacibdir və bu istiqamətdə sistemli, davamlı addımlar atılır”. 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən hesabat tədbirində deyib. O qeyd edib ki, son 5 ildə müəllimlərin maaşında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

“Ötən illər müəllimlərinin maaşları ölkə üzrə orta aylıq gəlirdən 33 faiz geri idisə, hazırda bu rəqəm orta əməkhaqqına yaxınlaşıb.  Bu il sentyabr ayının  1-dən 20 faiz artım nəticəsində ümumtəhsil sistemində çalışan müəllimlərin maaşı 600-ü,  bir sıra amillərdən asılı olaraq 5000 müəllimin əməkhaqqı isə  1000 manatı ötüb.

Hesab edirəm ki,  gələcəkdə də bu tendensiya davam etdiriləcək.  Bundan əlavə diaqnostik imtahanlar, müəllimlərinin işə qəbul müsabiqəsinin keçirilməsi amillərini nəzərə alaraq son illər ali məktəblərə 500 baldan yüksək nəticə göstərən hər 4 abituriyentdən 1-i  ixtisas seçimində birinci müəllimliyi seçib. 55 min namizəd müəllimlərin işə qəbulu müsabiqəsinə qatılmışdı. 5 il bundan əvəl bu rəqəm 12 minə çatırdı.  Bütün bunlar bizim təhsil sisteminə nikbin yanaşmağımıza ciddi əsaslar verir”.

Nazir bildirib ki,  cəmiyyətdə müəllimin nüfuzunun artırılması repetitorluq problemini də həll edə bilər:

“Heç bir təhsil sisteminin gücü onun orta müəlliminin səviyyəsindən yüksək ola bilməz.  Müəllim peşəsinin cəmiyyətdə nüfuzunun artırılması ən yaxşı nəticə göstərən məktəb məzunlarının bu sahəyə  üz tutmasını stimullaşdıran amillərdir. Müəllimlərimizin səviyyəsi nə qədər yüksək olarsa, repetitorluğa ehtiyac da azalar”- deyə təhsil naziri C. Bayramov əlavə edib.

Ayşə MÜSEYİB