Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-19 09:53:00
“Çox istərdik ki,  bir il müddətində repetitor probleminin tam həllinə nail olaq” –Ceyhun Bayramov

“Təhsil Nazirliyi olaraq  repetitorluq  bizi daimi düşündürən məsələdir. Onu da vurğulayım ki, bu, kifayət qədər dərin kökü,  tarixi olan problemdir və nəzərə alaq ki, belə nüfuz etmiş problemlərin asan və tez həlli yoxdur.  Biz də istərdik ki,  müəyyən qərar qəbul etməklə bir il müddətində bu problemin tam həllinə nail olaq”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin "Yeni imtahan modeli:islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən hesabat tədbirində deyib. O, repetitorluq fəaliyyətinin aradan qaldırılmasında Təhsil Nazirliyinin,  təhsil işçilərinin və medianın fəaliyyətindən danışıb:

“ Repetitorluq təkcə Azərbaycan təhsil sistemində yox, eləcə də digər ölkələrdə də düşündürücü, qlobal məsələlərdən biridir.  Minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, təhsil nümayəndələri  dəyirmi masalar, mətbuat işçiləri sorğular keçirməklə bu məsələni diqqətdə saxlayırlar.  Son zamanlar  Təhsil  Nazirliyin bu istiqamətdə gördüyü işləri də qeyd etmək istərdim. Məktəblərdə təmayül siniflərin yaradılması və genişləndirilməsi, buraxılış imtahanlarında fənlərin sayını artırılmaqla  ümumi nəticələrin  ali məktəblərə qəbulda nəzərə alınması  bu məsələlərin qarşısını almağa yönəlib.

Hesab edirəm ki,  11 il ərzində tədris olunan biliklərin qısa zaman müddətində mənimsənilməsi mümkün deyil.  Həmçinin, yeni qəbul modelində bacarıqları yoxlamaq məqsədilə situasiya tipli tapşırıqların əlavə edilməsi də  bu istiqamətdə görülən işlərdən biridir. Qısa müddətdə repetitor amili ilə  o bacarıqlara yiyələnmək və nəticə əldə etmək mümkünsüzdür. Sözügedən bacarıqlar, səriştələr yanlız uzun müddətlik məktəb mühitində əldə oluna bilər”-deyə Təhsil naziri C. Bayramov əlavə edib.