Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-15 12:40:00
M.Ə.Sabirin əsərlərinin nəşri üçün ilk maddi yardım göstərən qadın kim idi?

AzEdu.az Kaspi.az-a istinadən M.Ə.Sabirin əsərlərinin nəşri üçün ilk maddi yardım göstərən Sara xanım Vəzirzadə haqqında məlumatı təqdim edir.

Kim idi bu qeyrətli vətən qızı? O, Sara xanım Vəzirzadə idi. Sara xanımın bu xeyirxahlığı haqqında 1911-12-ci illər də çap olunan dövrü mətbuatda yetərincə informasiya var. Məsələn, "Yeni İrşad” qəzeti 28 avqust 1911-ci il tarixli birinci sayında Sara xanımın məktubunu dərc edib. Xanım məktubunda yazır: "Müdir əfəndi! Möhtərəm "Kaspi” qəzetəsində "Mehdibəy” imzalı, şairi-şəhirimiz (məşhur şairimiz) Sabir əfəndi haqqında bir məqalə dərc olunmuşdu. Məqalədə müşarulileyh (yuxarıda adı çəkilən) Mehdibəy cənabları mərhum Sabirin əsərlərini çap etmək təklifini etmişdir. Böylə ki, əsərlərdən cəm olunmuş pul mərhum Sabirin ailəsinə məsrəf olunsun. Özümə borc bildim ki, aldığım məvacibimdən 5 manat xidmətinizə göndərib, rica edim ki, bu az məbləği gələcəkdə Sabirin əsərlərini çap etmək üçün cəm olan sərmayəyə (fonda) daxil edəsiniz. Və bununla bərabər ümid edirəm ki, sahibi-sərvət qardaşlarım və bacılarım Sabirin bizim həqqimizdə çəkdiyi zəhmətini yaddan çıxarmayıb onun yadigarı olaraq əsərlərini çap etdirələr. Tainki, həm millətimiz o əsərlərdən bəhrəmənd olub, həm də o mərhumun övrətinə bir iyanə olunsun. 

Bakıda ikinci şəhər rus müsəlman ünas məktəbinin müdirə və nazirəsi: Sara xanım Vəzirzadə.
 
Sara xanımın M.Ə.Sabirin yaradıcılığına qarşı belə sevgi və sayğı ilə yanaşması o qədər də təəccüb doğuracaq hal deyildi. Çünki o, görkəmli yazıçımız Nəcəf bəy Vəzirovun ailəsində dünyaya gəlmiş, böyüyüb-başa çatmışdır. Bakıda Gimnaziya, Peterburqda Universitet, Moskvada Akademiya təhsili alan Nəcəf bəy Qarabağda sayılıb-seçilən Vəzirovlar nəslindən idi. Onlar xeyirxahlığı ilə daima maarifin, elmin inkişafına dəstək olmuş və Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına böyük və ünlü şəxsiyyətlər bəxş etmişlər. Nəcəf bəyin ömür yoldaşı Xurşud xanım da Ədürrəhman bəy Haqverdiyevin nəslindən olub və Şuşada   Mirzə Abbas bəyin ailəsində dünyaya gəlib. Xurşud xanım ilk təhsilini Şuşada rus-tatar məktəbində aldıqdan sonra Dağıstanda Teymurxan Şura şəhərində progimnaziyada davam etdirib. Bakıda Xeyriyyəçi Qadınlar Cəmiyyətinin üzvü olan Xurşud xanım Nəcəf bəyin təkcə ömür yoldaşı olmayıb. "Nəcəf bəyin əsərlərinin ilk oxucusu və tənqidçisi də mən idim” deyən Xurşud xanım, Nəcəf bəyin həm də məslək, amal yoldaşı olub. Birlikdə üç övlad (Şamil, Sara, Sürəyyə) böyüdüb, tərbiyə ediblər. Ailədə nizam-intizamın, təhsilə marağın olması uşaqların sağlam düşüncəli böyüməsi, formalaşması həm də Xurşud xanımın böyük əməyinin nəticəsi idi.
 
Ailənin maddi durumu o qədər də yaxşı olmasa da, Nəcəf bəy də, Xurşud xanım da övladının təhsil üçün heç nəyi əsirgəmədilər. Ailənin ilki Şamil 1882-ci ildə anadan olub. Evdə ata-anasından yazıb-oxumağı öyrənən Şamil sonra Bakı real məktəbində oxuyub. Avropada təhsil almaq arzusunda olduğunu valideynlərinə bildirdikdə, hər ikisi sevinclə xeyir-dua verərək oğlanlarını Berlinə yola salırlar. Şamil burada kənd təsərrüfatı üzrə ali təhsil alaraq vətənə dönür. İlk olaraq Yevlaxda torpağın mexaniki becərilməsinin bazasını yaradır. Sovetlər hakimiyyəti zəbt edəndən sonra da Şamil yalnız kənd təsərrüfatı işləri ilə məşğul olur. Şamil bəy də atası Nəcəf bəy kimi iş başında - Ağdamda ezamiyyətdə olarkən 1935-ci ildə vəfat edib.
 
Qardaşından 8 il sonra Sara dünyaya gəlir. Ailənin ikinci övladı olan Sara daha çevik, işgüzar və bacarıqlı idi. Xurşud xanıma ev işlərindən həmişə yardımçı olan Saranın ilk müəllimi də elə anası olur. O, Bakıdakı "Müqəddəs Nina” məktəbinə oxumağa gedərkən yazıb-oxumağı bacarırdı. Bacısı Sürəyya xanımla birlikdə gedərdilər məktəbə. Sürəyya "Müqəddəs Nina” məktəbini qurtardıqdan sonra Bakıda əl işləri, biçmə-tikmə dərsini demək üçün xüsusi kurs keçmiş və dərs demək hüququnu əldə etmişdir. 1907-ci ildə məktəbi əla qiymətlərlə başa vuran Sara isə ilk olaraq Bakıda rus-müsəlman qızlar məktəbində hesab fənnindən dərs deməyə başlayır və tez bir zamanda həmin məktəbə müdir təyin edilir.
 
1920-ci ilin aprel işğalından sonra Sara xanım Vəzirzadə dönüb olur Sara Vəzirova. Çünki sovetlər belə istəyirdilər... Necə ki, M.Ə.Sabir sovet dövründə sinfi mübarizə nəzəriyyəsi prinsipləri əsasında yazılmış əsərlərdə "proletar şairi”, "inqilabcı şair” kimi təqdim edilirdi. Vətənpərvər, millətsevər əsilzadələr "düşmən”, onlara hücum edən böhtançı kəmsavadlar isə olurdu xalqın "dostu”.
 
Xoşbəxtlikdən Sara xanımın gəlin köçdüyü ailədə də maarifə, elmə xüsusi diqqət, qayğı var idi. O, Bakının general-polkovniki Rəşid bəy Axundovla ailə həyatı qurur. Onların üç qız övladı olur. O, ər evində xoşbəxt olsa da, əzizlərini tez itirməsi bir müddət onu bədbinləşdirir. 1914-cü ildə anasının, 1926-cı ildə atasının, 1920-ci ildə gənc bacısının və 1935-ci ildə qardaşının yoxluğu ilə "barışmalı” olur. Ailənin sonuncu üzvü Sara xanım isə 1961-ci ildə dünyasını dəyişir.
 
Dəyişməyən isə onun etdiyi xeyirxahlıq olur ki, bu gün də fəxrlə deyirik: "Sara xanım M.Ə.Sabirin əsərlərinin nəşri üçün ilk maddi yardım göstərən qeyrətli vətən qızı idi”.