Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-17 11:52:00
Bu rayonda yalnız kimya fənni üzrə orta göstərici qənaətbəxşdir-Statistik təhlil

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Ağcabədi rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 1210 şagird bitirib, onların 1132 nəfəri buraxılış imtahanında iştirak edib və 539 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

 Rayon məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 14.15, riyaziyyat fənnindən 13.52, xarici dil (kimya) fənnindən 11.48, hər üç fənn üzrə birlikdə 39.15-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 18.59%, 19.84%, 22.11%, 20.08% aşağıdır. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 25.88%-i “2”, 39.93%-i “3”, 21.11%-i “4”, 13.07%-i “5”, riyaziyyat fənni üzrə 34.10%-i “2”, 30.30%-i “3”, 21.38%-i “4”, 14.22%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 36.22%-i “2”, 38.43%-i “3”, 14.05%-i “4”, 11.31%-i “5” qiyməti alıb.

Ümumilikdə, 1138 nəfər attestat alıb. Attestat alanların 52.72%-i (600 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 53.87%-i (613 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə, attestat alanların 61.42%-i (699 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 318 məzunu (imtahanlarda iştirak edənlərin 45.49%-i) tələbə adını qazanıb. Onların 24.53%-i (78 nəfəri) dövlət, 0.31%-i (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 60.06%-i (191 nəfəri) dövlət, 15.09%-i (48 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplarda ana dili, ədəbiyyat, riyaziyyat, fizika, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Kimya fənni üzrə göstərici respublika üzrə orta göstəricidən yuxarıdır. Rayon məzunlarının 72 nəfəri 500-dən, o cümlədən 23 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 246.233-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 10.1% aşağıdır.

Beləliklə, rayon abituriyentlərinin yalnız 35.00% 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 1.94%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 45.63%-dir.

Qəbul imtahanlarında 50 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Poladlı kənd tam orta məktəbinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. R.Abbasov adına Gələbədin kənd tam orta məktəbi abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 3 saylı şəhər məktəb-liseyi, M.Uluxanov adına Sarıcallı kənd, Cəfərbəyli kənd və Pərioğullar kənd tam orta məktəblərini qeyd etmək olar.

Ayşə MÜSEYİB