Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 17:42:00
“Azəri-Çıraq-Günəşli – 25” kitabı ictimaiyyətə təqdim olundu –BP-nin dəstəyi ilə  

 

BP və onun Azəri-Çıraq-Günəşli layihəsindəki tərəfdaşları – “SOCAR”, “Chevron”, “İNPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “İTOCHU”, “ONGC Videsh Ltd (OVL)” – bu gün Azərbaycanın yeni neft dövrünün 25 illik tarixinin əsaslı tədqiqatını özündə əks etdirən kitabın təqdimatını keçiriblər. Bu kitab 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci il dönümü münasibətilə dərc edilib və AÇG səhmdarlarının Azərbaycanın yeni tarixindəki bu əlamətdar hadisənin qeyd olunmasına töhfəsidir.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:

“İnanırıq ki, bu kitab AÇG yataqları haqqında etibarlı informasiya mənbəyi kimi xidmət edəcək. Ötən 25 il ərzində AÇG haqqında məlumatlar Azərbaycanda və Azərbaycandan kənarda dərc edilmiş, neft sənayesi ilə bağlı, demək olar ki, bütün nəşrlərdə öz əksini tapıb, amma ilk dəfədir ki, bu möhtəşəm uğur hekayəsinin bütün aspektləri bir kitabda toplanıb.

1994-cü ildən bu vaxtadək əldə olunmuş nailiyyətlər Azərbaycan üçün, Azərbaycan xalqı və regiondakı digər dövlətlər üçün, BP və AÇG müqaviləsindəki digər tərəfdaşlar kimi şirkətlər üçün, AÇG layihələrində işləmiş və işləməyə davam edən minlərlə yerli əməkdaş üçün, layihəyə cəlb edilmiş yüzlərlə Azərbaycan şirkəti üçün müstəsna əhəmiyyət kəsb edib. Bu nəşri dəstəkləməklə biz - BP və AÇG-dəki tərəfdaşlarımız - bu müqavilənin bizim həyatımızda və bütün ölkənin inkişafına gətirib çıxarmış hər bir sahədə oynadığı mühüm rolu bir daha vurğulamaq istəmişik.”

Şəkillərlə zəngin bu 190 səhifəlik kitabda AÇG-nin uğur hekayəsi üç bölmədə təsvir edilir-

1) Sovet dövründə AÇG-nin kəşfi və bu yataqların ilkin işlənməsi;

2) AÇG 1994-cü ildən bu günədək: dünya səviyyəli apstrim (kəşfiyyat və hasilat) və midstrim (emal və nəqletmə) infrastrukturunun yaranması; və

3) Azərbaycanın AÇG yatağından gəlirləri – xarici valyuta ehtiyatları; artan dövlət büdcəsi və pensiya fondu gəlirləri; neft-qaz  sənayesinə xidmət göstərmək imkanına malik çoxsaylı yerli podratçılar;  BP və onun AÇG müqaviləsindəki tərəfdaşlarının sosial sahənin inkişafına qoyduğu dayanıqlı sərmayələr.

Kitab 500 nüsxədə dərc edilib və bu nüsxələrin hamısı universitetlərə, tədqiqatçılara, kitabxanalara və biznes icmasının üzvlərinə təqdim ediləcək.

 Tədqiqatın və kitabın müəllifi biznes sahəsində aparıcı jurnalist və beynəlxalq miqyasda tanınmış iqtisadçı-analitik İlham Şabandır. İlham Şaban Azərbaycanın enerji sənayesi haqqında və bu sənayenin yalnız yeri tələbatdan deyil, həm də geo-siyasi və geo-iqtisadi proseslərdən irəli gələn inkişafı barədə dərin biliklərə və böyük təcrübəyə malikdir.

 Qeyd edək ki, ötən 27 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.2019-cu ildə BP və tərəfdaşları Azərbaycanda öz sosial investisiya layihələrinə təxminən 4 milyon ABŞ dolları vəsait xərcləyib. Ümumilikdə isə, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə 84 milyon ABŞ dollarından çox vəsait xərcləyib.