Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 12:25:00
Ucqar  kənd müəlliminin  təsirli hekayəsi – Maşın keçməyən şaxtalı yolla dərsə gedənlər-FOTOLAR

Mən Hacıyev Araz Rövşən oğlu 5 dekabr 1989 cu ildə Goranboy rayon Lenin kəndində ( indiki Nərimanlı ) anadan olmuşam.  

2008-ci ilə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının Tarix-coğrafiya müəllimliyi ixtisasına qəbul olunmuşam. 2012-ci ildə Müəllimlərin işəqəbulu müsabiqəsində iştirak edərək Yardımlı rayon Dağüzü kənd tam orta məktəbinə coğrafiya müəllimi təyin olunmuşam.

Dağ kəndi, çətin relyef forması, sərt iqlim şəraiti işimi çətinləşdirsə də amma ilk müəllim kimi fəaliyyət göstərməyim, bir az müəllim olmağın həyəcanı,  fərqli adət - ənənələr çox maraq yaradırdı məndə...

Mən heç vaxt o qədər qar və yağışlı günlər görməmişdim. Amma inanın ki, bu yazını oxuyan hər kəs hər hansı bir sıradan bir müəllim yazısı kimi qəbul edə bilər, amma ordakı insanların səmimiyyətini hələ də unutmamışam. Telefon ilə çətin şəbəkə tutmaq, futbola baxmaq üçün qaldığım evdə hər müəllim yoldaşımın birindən televizor, birindən kabel, birindən antena taparaq ağ-qara televizora baxmaq kimi maraqlı anlar inanın  ki hər cür çətinliyi unutdururdu.

Məktəb kollektivi uzaqdan gələn bir müəllimə isə ümumiyyətlə həddindən artıq hörmət edirdilər. Yardımlı rayonu ilə başlanan  pedaqoji fəaliyyətimin  davamını 2014-cü ildən Goranboy rayon Sahib Pirəliyev adına Buzluq kənd tam orta məktəbində davam etdirirəm.

 Buzluq kəndi də dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. Rayon mərkəzindən 55 km uzaqlıqda olmağına baxmayaraq,  əvvəllər dağ kəndlərində işləmək  burada daha rahat  uyğunlaşmağıma, həm də artıq bu insanların səmimiyyətindən aldığım həzzə səbəb olur.

Uşaqların baxışlarındakı saflıq, yeni müəllimlə qurduqları ilk münasibətdən hiss elədiyim sevginin yeri başqadı. Hər həftənin birinci günü tezdən yola düşüb ilk saata çatmaq, qarlı havalarda yalnız NİVA markalı avtomobilin  getməsi mümkün olan yolları adlamaq nə qədər çətin olsa da, bunun da müəyyən qədər marağı və yeri var.

İnternetin çox aşağı səviyyədə olması, hündürlüklərdə internet şəbəkəsi axtarmaq - bunların hər biri bir müəllim həyatının ən maraqlı anlarıdır... Bəlkə də sizə qəribə gələcək. Amma bu çətinliklər bizim üçün əsl marağa çevrilib.  

Bəzən avtomobilimizdə yaranan nasazlıqlar zamanı dik yolla maşın itələmək, ya təkər dəyişmək bunlar yada düşəndə yanaqlarda yaranan təbəssümlərdir. Evə gəlmək günü gələndə uşaqların rayon mərkəzindən almaq lazım olan kitab-dəftər ləvazimatları üçün verdikləri siyahı isə bir müəllimin sevə-sevə şagirdlərinə etdiyi kiçik bir xidmətidir.

Səhər tezdən yuxudan durmaq, soyuq su ilə əl-üz yumaq və şaxtalı-qarlı havada dərsə getmək bunlar hamısı ucqarlarda işləyən müəllimlərin əsl fədakarlıqlarıdır.

Sonda isə hər nə səbəb olur olsun, həmişə şagirdlərimə öz vicdanımla və şərəfimlə bildiklərimi öyrətməyi özümə həyat prinsipi seçmişəm. Bu peşəni seçdiyim üçün isə çox amma çox məmnunam.