Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 11:22:00
Beynəlxalq konfransda Azərbaycanın tarixi məkanının formalaşmasında İpək Yolunun rolundan danışılıb

Almaniyanın Leypsiq şəhərində “Mədəniyyətlərarası transfer – yeni nəzəriyyənin 35 illik təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Leypsiq Universitetinin təşkil etdiyi tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, konfransda Ş.Mustafayev “Azərbaycanın tarixi məkanının formalaşmasında İpək Yolunun rolu” mövzusunda elmi məruzə ilə çıxış edib. Azərbaycan aliminin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Konfransın əsas məqsədi keçən əsrin 80-ci illərindən etibarən Fransa və Almaniyanın ictimai-humanitar elmlərində tətbiq edilməyə başlanan və “mədəni transfer” adı ilə müasir Qərb elmində geniş yayılan və populyarlıq qazanan yeni nəzəriyyə və tədqiqat metodologiyasının keçdiyi inkişaf yolunu dəyərləndirmək, onun perspektivlərini müzakirə etmək olub. Son illərdə qeyd olunan nəzəriyyə və tədqiqat metodologiyası Avropada Şərq cəmiyyətlərinə, o cümlədən Qafqaz və Azərbaycana aid araşdırmalarda da tətbiq edilməyə başlanıb.

Beynəlxalq tədbirdə Almaniya, Fransa, Yunanıstan, Türkiyə, Livan, Çin, Vyetnam və digər ölkələrdən alimlər iştirak ediblər.