Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 09:54:00
“AMEA-da bulaq suyunu butulkaya doldurub qablaşdırmağı elmi məhsul kimi təqdim edirdilər” - RUBRİKA

AzEdu.az  “5+1” rubrikasını davam etdirir. Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.

Redaksiya əməkdaşlarından   5 nəfər onları narahat edən sualları  hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayırlar...

Yəni, 5+1 formatında qısa söhbət...

Rubrikamızın növbəti qonağı  Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucludur.

Nəzrin Cavid: - İctimai Şuranın Fəaliyyət Planında əsas prioritetlər nədir?

-Məlum olduğu kimi, İctimai Şura Təhsil Nazirliyi yanında yaradılan  qurumdur.  Fəaliyyət Planı beş istiqaməti əhatə edir və sənəddə hər bir istiqamət üzrə planlaşdırılan fəaliyyət növləri müəyyənləşdirilib. Sənəddə eyni zamanda Təhsil Nazirliyi və onun qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, Təhsil Nazirliyi və onun yerli idarəetmə orqanlarının fəaliyyətində aşkarlıq və şəffaflığın təmin olunması, təhsil sahəsində siyasətin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların maraqlarının öyrənilməsi, təhsil subyektlərinin qanuni maraqlarının təmin və müdafiə edilməsi məsələləri, birgə əməkdaşlıq və əlaqələndirmə tədbirləri əksini tapıb.Qeyd edim ki, nəzərdə tutulan bu məsələlər 2019-2020-ci tədris ilini əhatə edir və növbəti ildə də bu işlərin görülməsi nəzərdə tutulur.  Artıq “Fəaliyyət Planı”nda olan məsələləri həyata keçirmək üçün komissiyalar yaradılıb.  Məktəbəqədər, orta, tam təhsili əhatə edən  ümumtəhsil komissiyası təhsilin bu pilləsində olan məsələləri əhatə edir.  İkinci komissiya ali təhsilə, digəri isə təhsil subyektlərinin hüquqlarının müdafiə edilməsi, növbəti isə İctimai Şuranın piar işləri, sosial şəbəkələrdə iş, mətbuatla əlaqələr ilə  bağlıdır.   

Adıçəkilən komissiyaların hər birində Şuranın üzvləri ilə yanaşı, təhsil ekspertləri, peşəkar kadrlar təmsil olunur. Bizim nəzərdə tutduğumuz məsələlərdən biri də hər 3 aydan bir, yəni rüb başa çatdıqda görülən işlərin hesabatını hazırlamaq və onu ictimaiyyətə təqdim etməkdir.

Elmin Nuri: AMEA –da hazırda nisbətən də olsa inkişaf, aktivlik hiss olunur. Lakin uzun illər idi ki, bunun tam əksini müşahidə edirdik. Sizcə, AMEA-da ötən illər ərzindəki durğunluğa, passiv iş fəaliyyətinə nə səbəb oldu?

-Son 16 ildə akademiya mənim nəzərimdə 3 amillə yadda qaldı: Birincisi, son 6 ildə idarəçilikdə ciddi qüsurlar  müşahidə olundu  və görülən işlər də sadəcə görüntü xatirinə idi. 

Elm görüntünü,  populist sözləri sevmir.  Mən 10 il bundan əvvəl akademiyada magistratura pilləsinin təşkil olunması ilə bağlı təklif irəli sürdüm. Bununla bağlı müfaviq qurumlara, ölkə başçısına müraciət etdik və burada magistratura pilləsində təhsil təmin olundu. 

Növbəti mərhələdə nə oldu? Akademiya  rəhbərliyi  magistratura pilləsində dərs deyəcək müəllimləri tapa bilmədi.  Səbəb ondan ibarətdir ki, işi qurmaq, təşkil etmək, həyata keçirmək üçün ilk növbədə peşəkarlıq olmalıdır.

Bu illərdə yadımda qalan həm də o oldu ki, akademiyanın həyətində işçilərə, alimlərə aidiyyatı olmayan və 24 saat fəaliyyət göstərən çayxana,  lazımsız bir mühafizə xidməti yaradıldı. Kifayət qədər vəsait onlara xərcləndi. 

Digər tərəfdən, gənclərimiz elmdən soyudular. Yaşlı insanlar bizim akademiyada yaratdığımız gənclər hərəkatına çox ciddi zərbə vurdular. Nəticədə Azərbaycan elmi inkişafdan  xeyli geri qaldı.

Bildiyiniz kimi,  akademiyanın yataqxanasında 118 əməkdaş çox acınacaqlı şəraitdə yaşayırdı. Biz bununla bağlı ölkə başçısına müraciət etdik. Həmin şəxslərin durumun yaxşılaşdırılıması, gənc alimlər üçün tikilməsi  ilə  bağlı ölkə başçısı göstəriş verdi. Amma o mənzillərin verilməsi necə oldu? Həmin mənzillər  yaşlı alimlər arasında bölüşdürüldü. Bunu görən gənc elmə gələr?- Gəlməz!

40 ildir institutlara rəhbərlik edən alimlərimiz var. Amma o institutların adı Biləcəridən o tərəfdə tanınmır. Axı hansı haqla bir instituta 40 il rəhbərlik etmək olar?!  Uzun müddət bir müəsissədə rəhbərlik etmək oranı bataqlığa çevirmək deməkdir. Yaşlı insanların marağı  nədir  ki,  vəzifələrdən “yapışıb”lar?  Xaricdə olan hər bir alim məktəb yaradır, gənc alimləri elmə gəlməyə sövq edir.  Amma bizim alimlərimiz əksinə, gəncləri elmdən uzaqlaşdırırlar. Danışanda da ağızdolusu, fərəhlə deyirlər ki, “30 ildir rəhbərlik edirəm”. Bütün bunlar çox ikrah doğurur. 

Biz dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Ölkə başçımızın hər zaman elmli, savadlı gənclərə, yenilikçi olmağa çağırışları var. Gəlin görək akademiya bunlara cavab verirmi?

Akademiyanın “Yüksək Texnologiyalar” adlı parkı var.  Bu park bulaq suyunu butulkaya doldurub qablaşdırmaqla öyünür  və bunu elmi məhsul kimi təqdim edirdilər. Nə vaxtdan butulkada su qablaşdırmaq elmi məhsul hesab olunur?! Və yaxud mühərrik yağını öz məhsulları kimi təqdim edirdilər. Bu yağı adi sexlər buraxır.  Axtarsanız görəcəksiniz ki, nə qədər burda “ölü canlar”, mənasız şişirdilmiş ştatlar var.  Şöbələrin hamısı baş idarəyə çevrilib. Buna ehtiyac yox idi.  Mənasız ştatlar açmaq, qohum-əqrəbasını ora yığmaq, elmdə bürokratik bir aparat düzəltmək hamısı əlavə xərclərdir və Azərbaycan elmini uçurumdan da o tərəfə aparır. Elə ona görə də dünya elm miqyasından çox geridə qalırıq. 

Amma indi yeni islahatlar gedir, xeyli dəyişiklər olub.Yeni AMEA prezidenti Ramiz müəllim həm Azərbaycan elminin vəziyyətini, həm də idarəetməni mükəmməl bilir. Eyni zamanda o, elmdə olan problemlərlə hər zaman mübarizə aparır. Plagiatçılıq, təkrar mövzuların işlənməsi, mənasız mövzularla bağlı dissertasiya yazılması,  və digər Azərbaycan elminin dünyada nüfuzunun olmaması ilə bağlı  məsələləri bilir və zaman-zaman mübarizə aparır. Ümidliyəm ki, bu işdə ciddi dönüş olacaqdır.  Prezident Admistrasiyasında işləyərkən yazdığı “İctimai elmlər zamanın konteksində” məqaləsi çox ciddi qüsurları ortaya qoymuşdu. Ramiz müəllimin həmin məqalədə ortaya qoyduğu problemlər akademiyanın 6 bölməsində mövcuddur və bəlkə də daha çoxdur.

Şükufə Süleymanlı: Magistraturanın ikinci mərhələsinin ləğvi barəsindəki müzakirələr aparılır. Sizcə, bunun tətbiqinin nə kimi müsbət və mənfi tərəfləri ola bilər?

 

-Açığı çox istəyirdim ki, magistraturanın ikinci mərhələsi ilə bağlı İctimai Şuraya müraciət olunaydı və bununla bağlı həm ictimaiyyətin, həm tələbələrin, təhsil işçilərinin mövqeyini öyrənərdik. Məsələni  geniş müzakirə etdikdən sonra müvafiq qurumlara nəticəni təqdim edərdik. Amma məsələ bundan ibarətdir ki, magistratura pilləsinə qəbulu xeyli asanlaşdırmaq lazımdır. Gənclərimizin magistraturaya marağı xeyli azalıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsində təhsilin keyfiyyətində ciddi problemlər var. Magistr kadrlarımız bu təhsilin onların peşəkar inkişafında ciddi dönüş yaratdığını düşünmürlər. Bir məsələnini qeyd etmək istərdim: Məlum olduğu kimi Bakı Ali Neft Məktəbi  prezident təqaüdçüləri, 700 bal toplayan tələbələrin ən çox seçdiyi universitetdir. Amma buranın məzunlar,  bakalavr pilləsini qurtarıb magistraturaya qəbul olduqdan  sonra da öz peşəkar fəaliyyətlərini təhsillə bağlamırlar daha çox iqtisadiyyatda işləməyə meyil edirlər. BANM magistr pilləsində onlara iş,  əməkhaqqı təklif edir, onlar yenə də üstünlüyü iqtisadiyyata verirlər. Çünki onlar bununla  daha çox maaş qazanırlar və bu baxımdan magistr oxumaqda maraqlı olmurlar. Mən xatırlayıram ki,  bir dəfə BANM rektoru ilə söhbətləşəndə  dedi ki, biz magistrlar üçün bütün imkanları yaradıb onlara iş təklif etsək də,  onlar yenə də bu səviyyəsi üzrə təhsilə meyil etmirlər.  Hətta belə bir ifadə də işlətdi ki, biz onlara güzəştlərə gedirik,  çox tələb edə bilmirik ki,  magistraturada oxumaqdan imtina edəcəklər, yarımçıq atacaqlar.  Bu onu göstərir ki, magistratura pilləsinə gənclərin marağı ciddi deyil. Çünki əmək bazarında təəssüf  ki, əlavə imkanlar yaradılmır. Bu diplomun əhəmiyyəti o qədər də görünmür və digər tərəfdən bizdə bu pilləyə elmi tədqiqatatlara başlanılan ilk pillə kimi də yanaşılmır. Onsuz da gənclərin marağı yoxdur, magistraturaya qəbulu çətinləşdirsək, onların marağı bir daha azalacaq. Amma təlim elə qurulmalıdır ki, gənclər bu pilləni bitirdikdə keyfiyyətli təhsil aldıqlarınıni hiss etsinlər.

Əmək bazarında o diplomla üstünluk əldə edə bilsinlər, buna  təlabat olsun. Mən açığı bir ya iki pilləli imtahanın olmasına o qədər də əhəmiyyət vermirəm. Amma bütün hallarda qəbul şərtlərini  “yumşaltmaq” vacibdir.

Təhsilin Avropa standartlarına uyğunluğu, magistratura üzrə təlimin məzmunu, keyfiyyəti məsələsi daha vacibdir, nəinki qəbul imtahanının ikipilləli, yaxud birpilləli olması.

Lamiyə Süleymanlı: Məktəb ətrafında nəqliyyat ilə bağlı şagirdlərin təhlükəsizliyi təmin etmək məqsədilə hansı təkliflər irəli sürülə bilər?

- İctima Şuranın sədri Şahlar müəllim Əsgərovun  tövsiyəsi ilə biz bu məsələni gündəmə gətirmişik.  Şahlar müəllim Təhsil naziri Ceyhun Bayramovla görüşdə də bu məsələni nazirin diqqətinə çatdırdı və bir mövqe ortaya qoydu. Bu mövqe ondan ibarətdir ki, ümumiyyətlə, Bakıda müxtəlif məktəblərdə təhsilin keyfiyyət fərqi olduğuna görə əhali daha çox mərkəzdəki bir neçə məktəbə üstünlük verir. Bu da çox ciddi şəkildə siniflərdə şagird sıxlığına səbəb olur . Tutaq ki,  bir valideyn övladını Əhmədlidən “Azneft”ə gətirirsə, o,  həmin məsafəni  maşınla gəlməlidir. Yaxından-uzaqdan bütün valideynlər bir məktəbə axışır, onların çoxu da şəxsi nəqliyyatdan istifadə edir. Təhsilin keyfiyyəti məsələsində bərabərliyi təmin etsək, şəhərdə tıxac problemi də həll olunar. Şahlar müəllimin qaldırdığı digər məsələlərdən biri də repetitorluqla bağlıdır. Şagirdlər şəhərin bir hissəsindən başqa hissəsinə repetitor  hazırlığına gedir. Sözsüz ki, sözügedən məsələlərlə bağlı İctimai Şura Təhsil Nazirliyinə xüsusi təkliflər hazırlayıb təqdim edəcək.

Ayşə Müseyib:  -Azərbaycan  Gənc Alim, Doktorant  və Magistrlar Cəmiyyətinin fəaliyyəti nədən ibarətdir?

-Bu təşkilat 2003-cu ildə yaradılıb.  Azərbaycanda ilk dəfə olaraq elmi gənclik hərəkatını yaradan bir qurum olub və bu dövrdən elmi fəaliyyətlə məşğul olan gənclərin maraqlarını, arzularını əks etdirən bir qurumdur.  Tutaq ki, güzəştli ipoteka kreditləri ilə bağlı cənab Prezident qərar qəbul etdi.  Həmin qərarda kredit şərtlərindən yararlananlar arasında kifayət qədər  elmi doktorantlar, təhsil işçiləri  nəzərdə tutulmuşdu. Biz bu məsələ ilə bağlı zamanında müraciət etmişdik.  Gənclər üçün Prezident mükafatının təsis edilməsi və gənclərin əldə etməsi məsələsini biz irəli sürmüşdük.  Bununla yanaşı, Gənclər və İdman Naziliyi ilə birlikdə hər il 60-dan çox gəncin beynəlxalq elmi konfranslarda iştirakını təmin edirik. Gənc alimlərin  məqalələrinin nüfuzlu jurnallarda növbəsiz, ödənişsiz və problemsiz çapı da reallaşdırılır. Eyni zamanda təşkilat Avropa Gənc Alimlər Şurasında Azərbaycanı təmsil edir və həmin şuraya üzvdür.  2005-2008-ci illərdə  Avropa Birliyinin çərçivə proqramlarında 18 dəfə  gənc alimlərimizin müxtəlif elmi mərkəzlərə ezam olunaraq, ordakı müəsissələrdə doktorantura təhsili almasını təmin etdik. Xüsusilə qeyd edim ki,  artıq  dünyada 2020-ci ilin trendi sayılan “Open Science” proqramının Azərbaycanda tətbiqinə başlamışıq .

Ayşə MÜSEYİB