Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-15 16:22:00
"Onun Azərbaycan intellektual mühitini necə zənginləşdirdiyini müşahidə edirəm"

AzEdu.az xəbər verir ki,tanınmış media eksperti, professor Qulu Məhərrəmli moderator.az-a açıqlamasında bu gün 73 yaşını qeyd edən Xalq şairi Ramiz Rövşən haqqındakı fikirlərini bölüşüb:

"Çağdaş Azərbaycan şeirinin görkəmli nümayəndəsi Ramiz Rövşən ona görə bu qədər sevilir ki, o, Füzulidən gələn, Müşfiqlə, Səməd Vurğun, Rəsul Rza, Əli Kərimli və başqaları ilə davam edən poeziyamızı yeni səviyyəyə qaldırdı. Bir söz adamı kimi R.Rövşən realist olduğu qədər də metafizik və sürrealistdir. O, bizim poeziyamızda ən kinematoqrafik şairdir, yəni təsvir etdiyi situasiya və obrazlar, poetik lövhələr mücərrəd deyil, gözlə görünən, asan dərk olunandır. Bu mənada Ramizin poeziyası rəngarəng situasiyalar poeziyasıdır. Əlbəttə, bu situasiyaları qeyri-adi formada ifadə etmək isə onun böyük sənətkarlığının göstəricisidir. Bir də Ramiz Rövşən yaradıcılığında ədəbi dil hadisəsi var. Bu yaradıcılıq ana dilimizin enerjisini, onun ifadə gücünü, zərifliyini parlaq bir şəkildə əks etdirən virtual meydandır. Mən Ramiz müəllimlə 30 ilə yaxındır ki, dostluq edirəm, onun Azərbaycan mənəvi həyatını, intellektual mühitini necə zənginləşdirdiyini müşahidə edirəm. Və bu mənada Ramiz Rövşəni son dövrümüzün ciddi kulturoloji hadisəsi sayıram".