Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-14 16:30:00
Məhəbbət Vəliyevanın direktorlara xəbərdarlığı alqışlandı: “Çox düzgün addım atdı”

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın məktəb direktorlarına xəbərdarlıq etməsi təhsil cameəsində müzakirələrə səbəb olub. Xəbərdarlıqda orta ümumtəhsil müəssisələrindəki davamiyyət məsələsinə toxunulub. Bildirilib ki, Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsizliyə yol verən direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq.

Bəs, Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri davamiyyət məsələsini qaydasına qoymaq üçün hansı konkret addımların atılmasını məsləhət görürlər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan İctimai Şuranın sədri Şahlar Əsgərov davamiyyəti repetitorluq sistemi ilə bağlayıb. Bildirib ki, repetitorluq təhsil sistemini içindən məhv edir:

“Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Onu yaradan səbəblərdən biri də məktəb direktorlarının bu işə şəxsi mənada yanaşmalarıdır. Şagirdi qeydiyyata alsalar da, o, məktəbə gəlmir. Məhəbbət xanım direktorlara inzibati yolla ultimativ şəkildə məlumat verməklə çox düzgün addımatdı. Bunu alqışlayıram”.

Xəbərdarlıqların nə dərəcədə effektiv olacağına gəlincə isə ekspert bildirib ki, nəticəni deyil, səbəbi araşdırmalıyıq:

“Bu haqda Baş Nazirin müavini cənab Əli Əhmədovla da söhbət etmişəm. Müzakirələrdən sonra bu məsələni gündəmə gətirəcəyik. Bu, bizi də çox narahat edir.  Davamiyyətlə bağlı təhsil naziri Ceyhun Bayramovla da geniş söhbətimiz olub. Məhəbbət xanımın dedikləri həm nazirlik, həm də İctimai Şuranın fikirlərini təmsil edir.

Təbii, heç bir qüsuru inzibati yolla həll etmək mümkün deyil. Onu yaradan səbəbi tapıb aradan qaldırmaq lazımdır. Amma xəbərdarlığın özünün də böyük əhəmiyyəti var”.

İctimai Şuranın üzvü Etibar Əliyev isə bildirib ki, bu xəbərdarlıqda heç bir məktəbə xüsusi yanaşma olmadı. İstənilən halda nazir müavini səviyyəsində xəbərdarlıq olunubsa, onun tapşırıqları yerinə yetirilməlidir:

 “Bəzi məktəblər həddindən artıq sərbəstlik əldə edib, özbaşınalıq mühiti yaradıblar. Nazir müavini özü də uzun müddət məktəb rəhbəri vəzifəsində çalışıb, davamiyyətin nə olduğunu çox yaxşı bilir. Burada heç bir ayrı – seçkilik ola bilməz. Məktəbdaxili nizam- inztizama əml etməyən  direktorlar birmənalı olaraq cəzalandırılmalıdırlar. Bəzi mətkəblərdəki yığım prosesi, şagirdlərdən ödəniş tələb olunması halları yığışdırılmalıdır.  Hesab edirəm ki, bu istiqamətdə direktorların özləri də məsuliyyət hiss etməlidirlər”.

İctimai Şuranın davamiyyətlə bağlı hansı tədbirlər görəcəyinə gəlincə isə şura üzvü bildirib ki, İctimai Şuranın fəaliyyət planında orta məktəblərdə təhsilin keyfiyyəti, davamiyyət, hesabatlılıqla bağlı müəyyən dinləmələr nəzərdə tutulub:

“Gələn həftə Lənkəran məktəbləri ilə tanış olacağıq. Orada da bəzi məsələlər gündəmdə olacaq. İctimai  Şuranın fəaliyyət planında orta təhsilin keyfiyyətinin yükəldilməsi, nizam – intizam yaradılması, dərsliklərin vəziyyəti, direktorların fəaliyyəti və s. ilə bağlı məsələlər nəzərdə tutulub”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları