Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 14:17:00
Zoologiya İnstitutunun direktoru: Deyirlər ki, quş adı dəyişməkdən başqa işləri yoxdur

Əslində, quşların adının dəyişdirilməsi təklifi cəmiyyət üçün nəzərdə tutulmayıb.

AzEdu.az xəbər verir ki, bunu  açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib.

Onun sözlərinə görə, quşların adının dəyişdirilməsi sırf alimlər üçün nəzərdə tutulub:

“Alimlər quşların adını fərqli yazır. Bizim əsas məqsədimiz odur ki, hamı bir vahid ad qəbul edib, elmi məqalələrdə onu qeyd etsin. Bir müddət əvvəl biz quşların adının dəyişdirilməsini təklif etdik. Bu da rezonans yaratdı, necə deyərlər, “stəkanda fırtına” oldu və qərara aldıq ki, kompromis variantı seçək.

Yəni, adlarının dəyişməsini istədiyimiz “Maygülü”, “Anqutu” və digər quşların adını saxlayaq, mötərizədə təklifdəki adı yazaq. Hansının daha işlək olacağını zaman göstərəcək və gələcək nəsil bundan istifadə edəcək. Fikrimcə, bu təklif artıq qəbul olunacaq”. 

Direktor bildirib ki, bu cür terminologiya elmdə böyük problem yaradır:

“Quşların adını hərə bir cür tərcümə edir, necə edir, elə yazır. “Maygülü”nün adını “İyrəncə” kimi yazırdılar. Bu da ornitoloqların xoşuna gəlmirdi. Sonradan bu quşun kəkili erkən mayda çıxan güllərə bənzədiyi üçün “Maygülü” qoymuşdular.

Digər alimlər dedi ki, bu quşdur, niyə gül adı? Onun adının “Batağan” olmasını istəyirlər. Bu adı o quşun həyat şəraitinə uyğun seçiblər. Adlar bir neçə prinsip əsasında qoyulur. Latın adından tərcüməsi, fəaliyyətini, həyatının xarakterik xüsusiyyəti götürülür.

Bizim işimiz-gücümüz çoxdur. Bəzi jurnalistlər bizi pis gözlə göstərməsinlər ki, işləri yoxdur, indi quş adı dəyişirlər. Bu, elə deyil. Bir quşun adı müxtəlif elmi ədəbiyyatda fərqli şəkildə yazılır. İnsanlar quşların adını istədikləri kimi deyə bilər, bizim təklif etdiyimiz adlar elmi məqalələr üçün nəzərdə tutulub”.

“Konsensus olmalıdır və hamı birlikdə yekdil qərar qəbul etməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasında quşların adının dəyişdirilməsi müzakirə olunur. Biz iclas keçirdik və müzakirə etdik.

Orada cəmiyyətin münasibətini də nəzərə almaq üçün qərara alındı ki, daha böyük bir komissiya təşkil edilsin. Adların dəyişdirilməsi təklifində bilavasitə iştirak edən adamların qatılması ilə sonuncu dəfə müzakirə ediləcək. Son qərar o zaman veriləcək”, - deyə E.Yusifov qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu “Maygülü”, “Sultantoyuq”, “Anqut”, “Alacəhrə” və bəzi quşların adının dəyişdirilməsi məsələsini gündəmə gətirmişdi. Bu da cəmiyyətdə müzakirələrə səbəb olmuşdu. (Oxu.az)