Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 11:57:00
Hərtərəfli inkişafa dəstək

Təhsil sahəsində yeni Dövlət Proqramı hədəflərinə çatacaq

Məlumdur ki, müasir dünya reallıqları  şəraitində ölkənin inkişafı yüksək ixtisaslı, müasir səriştə və bacarıqlara sahib insan kapitalından, onun intellektual səviyyəsindən çox  asılıdır.   Bu isə bir çox hallarda ölkənin davamlı inkişafında  həlledici rol oynayan elmi-tədqiqatçıların hazırlanmasını zərurətə çevirir.  Bu mənada ötən ilin noyabrında Prezident İlham Əliyev tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”  ölkəmizdə yüksək hazırlıqlı mütəxəssislərin hazırlanmasına mühüm töhfədir.  Özündə  xaricdə doktorantura hazırlığı və beynəlxalq ikili diplom proqramlarının təsis olunmasını  ehtiva edən yeni  Dövlət Proqramının  artıq reallaşdırılmasına başlanılıb.  Azərbaycanın hazırda xarici universitetlərdə elm və təhsil sahəsində tədqiqatlar aparan gənc alimləri proqramın əhəmiyyəti barədə nə düşünür? Onlardan bəzilərinin “Azərbaycan müəllimi” ilə bölüşdükləri  fikirlərini oxucuların diqqətinə çatdırırıq.

“Proqramın bütün cəmiyyət üçün böyük faydası olacaq”

Sevinc Məmmədova, ABŞ-ın Corc Vaşinqton Universitetinin  layihə direktoru, PhD məzunu: - Mən düşünürəm ki,  “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  doktorantura təhsili Azərbaycan təhsilinə böyük töhfələr verəcək. Çünki doktoranturada oxuyan tələbələr daha çox tədqiqatlar üzərində fokuslaşırlar. Tələbələrin tədqiqat aparmaq bacarığının inkişaf etdirilməsinin isə birbaşa iqtisadi inkişafa  böyük təsiri var.  Çünki tədqiqat bacarığı olan insanların dünyada olan yeniliklərdən,  araşdırmalardan xəbərləri olur və öz bacarıqları ilə ölkə iqtisadiyyatına, ölkənin inkişafına  kömək edir, öz töhfələrini verirlər. Mən bir misal  gətirim. Məsələn, təhsil  istiqaməti üzrə oxuyan doktorant və ya  fəlsəfə doktoru (PhD)  gələcəkdə Azərbaycanın, tutaq ki, təhsil problemlərini nəzərə alaraq  dünyada olan yenilikləri tədqiqatlar vasitəsilə öyrənib  Azərbaycan üçün  hansısa təkliflər paketi hazırlaya bilər.  Yəni, doktorantura proqramının bu kimi əhəmiyyəti var.   Bu proqramın üstünlüyü ondadır ki, tələbələrdə tədqiqatçılıq bacarıqlarını artırır və müəyyən konkret  mövzular üzrə daha dərin bacarıqlar və biliklərə malik olmalarına kömək olur.  Doktorantura  adətən bir sahə üzrə fokuslaşır. Adətən magistr və bakalavrlar ümumi biliklər əldə edərək ümumi sahəyə yiyələnirlər. Doktoranturanın ən böyük üstünlüyü ondan ibarətdir ki,  konkret   bir mövzu üzrə mütəxəssislər hazırlanır.  Məncə, bu, Azərbaycana çox vacib olan bir qərardır.    Çünki  bizdə tədqiqatçılar var, ancaq dünya standartlarına cavab verən, qlobal iqtisadiyyatlarda rəqabət apara bilən bacarıqlar hələ ki,  o səviyyədə deyil.  Beynəlxalq ikili diplom proqramlarına  gəlincə, hesab edirəm ki,  bu layihə də  Azərbaycan təhsil sisteminə ən yaxşı töhfələrdən biri olacaq.  Burada iki məsələ  var. Birinci məsələ odur ki,  ikili diplom  proqramından  yalnız tələbələr yox,  həm də ali məktəblərin müəllimləri də  bəhrələnə biləcəklər. Yəni, proqram çərçivəsində Azərbaycana gələcək professorlarla əlavə tədbirlər, görüşlər planlaşdırılır.   Bu cür proqramlara xaricdə sıçrayış təfəkkürü deyirlər. Yəni, təkcə proqram iştirakçıları deyil,  başqa iştirakçılar da  bundan bəhrələnə biləcəklər.  İkinci ən böyük töhfə odur ki, Azərbaycana gələn əcnəbi professorlar  bizim universitetlərdə işləyən yerli professorlarla əməkdaşlıq edəcək.  Söhbət təkcə birgə dərs deməkdən getmir,  həm də birgə  tədqiqatlar aparmaq, layihələr işləmək kimi imkanlar  yaranacaq.  Bu baxımdan,  ikili diplom proqramları,  Azərbaycanda, mən deyərdim ki, təhsildə ən mütərəqqi addımlardan biridir. Çünki  tək tələbələrin diplomla, tədrislə təmin olunması deyil, həm də yerli fakültəyə, yerli  administrasiyaya yüksək dərəcədə köməklik  göstərəcək ki,  onlar   həm inzibati, həm də  tədqiqat bacarıqlarını inkişaf etdirsinlər.  Proqramın təkcə tələbələrə deyil,  həm də bütün cəmiyyət üçün böyük faydası olacaq. 

“Gözləntilər böyükdür!”

Rəşad Əliyev,  Dövət Proqramı təqaüdçüsü,  2018-ci ilə qədər ADA Universitetinin müəllimi, hazırda Koreyanın KAİST Universitetinin PhD tələbəsi: -  İlk növbədə qeyd edim ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın ölkəmiz,  təhsil sistemimiz üçün çox müsbət nəticələri oldu. Həmin proqram məzunlarının bir çoxu artıq Azərbaycana qayıdaraq müxtəlif sahələrdə çalışır və ölkəmizin  inkişafına  öz töhfələrini verməkdədir.  Dövlət Proqramının daha bir nəticəsi  o oldu ki, ölkə daxilində daha yüksək səviyyəli müasir təhsilə tələbat artdı. Bu tələbatın nəticəsi olaraq artıq bir çox uğurlu yeni ali məktəblərimiz var. Yüksək keyfiyyətli bakalavr təhsili mövcuddur. Ancaq ölkədə elmin və sənayenin inkişafı üçün magistratura və doktorantura təhsili də güclü və müasir olmalıdır. Universitetlər yalnız dərs keçməklə deyil,  elmi araşdırmalarla məşğul olmalıdır. Bunun üçün gənc və bacarıqlı alimlərə, müəllimlərə ehtiyac var. Fikrimcə, yeni, “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”  da məhz bu istiqamətə yönəlib. Bu, çox vacib bir addımdır. Yeni proqramın məzunları artıq bir neçə il sonra elmi işlə, professor fəaliyyəti ilə məşğul olacaq. Bu isə ölkəmizin hərtərəfli inkişafına dəstək olacaq. 

Qeyd edim ki, hazırda PhD  təhsili aldığım Koreya Respublikası  da  hazırkı  inkişaf səviyyəsinə çatmaq üçün vaxtilə xaricdə təhsil proqramından yararlanıb. Koreyada professorun əsas işi dərs yox, elmi araşdırmadır.   Koreyanın ən məşhur ali məktəblərində dərs deyən professorların çoxu ABŞ-da doktorantura təhsili alıb. Yeni proqram bizdə də insan resurslarının inkişafına xidmət edəcək. Gözləntilər böyükdür! 

“Doktorantlar artıq qlobal kadra çevrilir”

Fariz  Hüseynli,   ABŞ-ın Şimali Dakota   Universitetinin  dosenti,  PhD  məzunu: - “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan doktorantura təhsili və beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi ali təhsilimiz üçün mühüm  qərarlardır.  İlk növbədə qeyd edim ki, doktorantura hazırlığı gənclərə geniş imkanlar açır. Əksər xarici universitetlərdə doktorantların təhsil haqqı  qrant, ya da ümumi fakültənin, ixtisasın gəlirləri hesabına ödənilir.  Yəni,  Amerikada bir çox tələbə özü universitetin hesabına doktorantura oxuya bilər. Düzdür, son illərdə büdcə problemləri yaşayan universitetlərə qəbul olunan tələbələrin sayı azalıb.  Belə bir vəziyyət  azərbaycanlı tələbələrə əlavə şans verə bilər.  Proqramın effektivliyi dövlətin məqsədlərindən asılıdır. Doktoranturanı bitirənlər ya ali məktəblərdə dərs deyib araşdırmalar edirlər, ya da yüksək vəzifəli idarəetmə işləri görürlər. Məzunların Azərbaycana qayıdıb uğurlu iş qurmaları üçün uyğun mühitin hazırlanması, onların biliyindən düzgün istifadə olunması öz müsbət nəticəsini göstərəcək. Səviyyəli universitetin doktoranturasını bitirən şəxs artıq qlobal kadra çevrilir.

O ki qaldı beynəlxalq  ikili  diplom proqramlarına, əlbəttə, bu, yaxşı haldır. Tələbələrin, müəllimlərin təcrübə qazanması üçün çox  faydalıdır.

Oruc MUSTAFAYEV(Azərbaycan müəllimi)