Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 11:06:00
Nəsimi irsi ilə bağlı məktəblilər arasında keçirilən müsabiqənin qalibləri müəyyənləşib

Bakı məktəbliləri arasında keçirilən “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” müsabiqəsinin qalibləri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 80 nömrəli tam orta məktəbin şagirdi Nurlan Cəbrayılzadə I, 125 nömrəli tam orta məktəbin şagirdi Rauf Muradlı və 110 nömrəli tam orta məktəbin şagirdi Qüdrət Hacızadə II, 92 nömrəli tam orta məktəbin şagirdi Ləman Sadıxova, 76 nömrəli tam orta məktəbin şagirdi Daniil Borisov və 309 nömrəli tam orta məktəbin şagirdi Sərtac Ələkpərov III yerə layiq görülüblər. Həmçinin 139, 46, 189-190, 181, 99, 283, 210, 322 və 231 nömrəli ümumi təhsil müəssisələrinin şagirdləri həvəsləndirici yerə layiq görülüblər.

Müsabiqənin final mərhələsində 51 məktəbli münsiflər heyəti qarşısında tədqiqat mövzuları üzrə çıxış edib. Səsləndirilən fikir və ideyaların mövzuya uyğunluğu, jest və mimikalardan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, düzgünlüyü və təqdimat üçün ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülərək məktəblilər 4 ballıq sistem üzrə qiymətləndiriliblər.

Qeyd edək ki, müsabiqə Nəsimi irsi barədə məktəbliləri daha geniş məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq məqsədilə keçirilib. Həmçinin şagirdlərdə mütaliə vərdişlərini, bədii, obrazlı və məntiqi təfəkkürü, tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı, yüksək analitik düşüncə və təhlil qabiliyyətinə malik şagirdlər yetişdirmək də müsabiqənin əsas hədəflərindəndir.

Müsabiqə qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.