Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 10:43:00
Məktəblini DOST bilənlər

Onlar şagirdlər üçün təhlükəsiz mühit yaradırlar

Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə 2016-cı ildən həyata keçirdiyi bir uğurlu layihəsi var. Dünyada sınanıb Azərbaycanda da tətbiq edilən layihələrdən biridir. Bakıdakı 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlasa da, fəaliyyətdə olduğu məktəblərin sayı ilbəil artıb. Əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək olan bu layihə getdiyi məktəblərdəki fəaliyyəti ilə hələ gedib çıxmadığı məktəblərə də səs salıb. Məktəbdə geyiminin yaratdığı fərqi davranışı aradan qaldırıb və biri ilə aralarındakı məsafə bir anda, bir başqası ilə zamanla aradan qalxıb. Artıq onlar əsl dost olduqlarını sübut ediblər. Qısa zamanda şagirdlərin və onların valideynlərinin ürəyinə yol tapıblar. Bununla da, hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılması prosesinə qoşulublar. Məktəblinin dostlarını ötən 4 ildə çoxları tanıyıb. Necə deyərlər, bilən bilir, bilməyənlər də bundan sonra tanıyacaq.

Söz hər yaş mərhələsindən düşmüşkən,  onların daha çox sinfinə, müəlliminə, məktəbinə alışa bilməyən, anasının isti qucağından ayrılması mümkünsüz görünən, dəyişən mühitə çətin adaptasiya olan birinci sinif şagirdlərinə, məktəbəhazırlıq qrupunun kiçik üzvlərinə lazım olduğunu düşünürsünüzsə, yanılırsınız. Məktəblinin dostları hər məktəbli ilə eyni məsafədədirlər. Üstəlik, bunun üçün məktəblinin addım atmasını da gözləmirlər. Sorğusuz-sualsız, qeyd-şərtsiz, ehtiyac duyan hər məktəblinin yanındadırlar.  Hər yaşda məktəbli ilə dil tapa bilmələri üçün də məktəblinin dostları məhz 21-30 yaş arasında olan gənclər arasından seçilirlər.

Məsələn, Nəcibə İsmayılova 21 yaşını tamamlayan, hələ 30 yaşına çatmayan gənclərdəndir. Bu ildən məktəblinin dostunun vəzifələrini icra edir. Yəni, bu yolun hələ başındadır. Yəqin elə bu səbəbdəndir ki, dostlaşdıqları əsasən aşağı sinif şagirdləridir. Hələ ki, yetkinlik yaşına çatan məktəblilərin ürəyinə gedən yolu tapa bilməyib. Ancaq bu, tapa bilməyəcəyi anlamına da gəlmir. Dediyinə görə, onların “divarları” bir az hündürdür. Aşmaq elə asan olmasa da, mümkünsüz də deyil. Üstəlik, bu yolda yardımçıları da var. Fəaliyyətdə olduğu məktəbdə ondan başqa məktəblinin 4 dostu da iş başındadır. Nəcibənin çətinlik çəkə biləcəyi yaş qrupları ilə işi ondan daha təcrübəli olan Orxan boynuna götürür: “Bu yaşda məktəblilərin elə vaxtıdır ki, onlarla nə uşaq kimi davranmaq olur, nə də böyük kimi. Yeniyetmə oğlanlarla işi, əsasən mən öz üzərimə götürürəm. Onlarla hər hansı problemi müzakirə edib ortaq məxrəcə gələ bilirik. Biri ilə bir problemi çözmək başqalarının da GÜVƏNini qazanmağımıza kömək edir”.

Bu məktəblərə “Məktəblinin dostu” gəlib

Elə bu GÜVƏNin də nəticəsidir ki, artıq 70 məktəbdə 300 məktəblinin dostu fəaliyyət göstərir. Bu ilin may ayında verilən qərara əsasən layihənin əhatə dairəsi genişləndirilib. Bu ildən layihənin əhatəsinə 31 tam orta məktəb, 2 gimnaziya, 2 internat məktəb olmaqla, ümumilikdə 35 ümumtəhsil müəssisəsi əlavə edilib. Əlavə olunmuş ümumtəhsil müəssisələrindən 4-ü Sumqayıt şəhərindədir. 2  tam orta məktəb  isə Abşeron rayonunda fəaliyyət göstərir. Ancaq bu da son deyil. Tezliklə məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır. Məkəblinin dostlarına gəlincə, məktəbdə onların sayı şagirdlərin sayından asılı olaraq,  3, 5,  8, hətta 9-a çatdırıla bilər. Hazırda ən çox məktəblinin dostu 20 nömrəli məktəb-liseydədir.

Bu il məktəblinin dostlarına qapılarını açan ümumtəhsil müəssisələrindən biri olan Bakı şəhər 220 nömrəli məktəb-liseydə 5 məktəblinin dostu fəaliyyət göstərir.  Məktəb-liseyin beş dostu Nəcibə İsmayılova, Orxan Yusifov, Aynur Arzumanova, Qəmər Cəfərova və Şahlar Məmmədzadədir. Onlar məktəbə ayaq basandan burada çox şey dəyişib.

Məktəbdə sıxlıq: Məktəblinin dostlarının çıxış yolu

Nə dəyişib? Məktəbdə hərəkət planından tutmuş sosial-psixoloji mühitə qədər hər şey. Elə ondan başlayaq ki, 220 nömrəli məktəb-lisey şagird sıxlığı müşahidə olunan təhsil müəssisələrindəndir. 2600-ə yaxın şagirdi olan məktəbdə V sinifdən yuxarı olan şagirdlər hər dərsi ayrı-ayrı otaqlarda keçir və 5 dəqiqəlik tənəffüsdə onların hamısı sinifdə öz yerini tutmalıdır, o zaman  tənəffüs vaxtı dəhlizdəki vəziyyəti təsəvvür etmək heç kimə çətin olmaz. Təəccüblü deyil ki, tənəffüslərdə tez-tez şagirdlər zədələnib, hətta ciddi xəsarət alanlar olub, tibbi müdaxilə zərurəti yaranıb. Məktəblinin dostları bu məktəbə gələnə qədər belə olub.  Ən çox tibbi yardım çağrılan məktəblərdən birinin, necə deyərlər, artıq taleyi dəyişib.

Məktəblinin dostları danışır ki, V sinif şagirdi sıxlıq zamanı yıxılaraq ayağı bud sümüyündən qırılıb. Uşağa tibbi yardım göstərən məktəblinin dostları bu vəziyyətə birdəfəlik çıxış yolu düşünüb: “Məktəbdə hərəkəti rahatlaşdırmaq və şagirdlərin təhlükəsizliyini təmin etmək üçün giriş və çıxışı ayırdıq. Artıq tənəffüs zamanı dəhlizdə hərəkəti tənzimləmək üçün hər mərtəbədə 2 məktəblinin dostu vəziyyətə nəzarət edir”.

Məktəblinin dostu olmaq üçün...

Məktəblinin dostu olmaq göründüyü qədər də asan deyil. İbtidai təhsil pilləsində oxuyanın bir çətinliyi, yetkinlik çağına çatanların ayrı problemləri olur. Ona görə də məktəblinin dostu olacaq şəxsləri tək-tək, çox diqqətlə seçirlər. Bu vəzifəyə təyin olunana qədər keçdiyi yolu Nəcibə İsmayılova danışır. Azərbaycan Dillər Universitetinin məzunu, artıq qeyd etdiyimiz kimi, bu tədris ilindən ilk dəfə məktəblinin dostu vəzifəsinin icrasına başlayan 300-ə yaxın yeni əməkdaşdan biridir. İngilis dili  müəllimliyi ixtisası üzrə bakalavr təhsilini 2017-ci ildə bitirib. Məktəblinin dostları ilə tələbəlik illərindən tanışdır: “Təcrübəyə getdiyim məktəb “Məktəblinin dostu” layihəsinin icra olunduğu təhsil müəssisələrindən idi. Orada məktəblinin dostlarının fəaliyyəti ilə tanış olmaq imkanım oldu. O vaxtdan diqqətimi çəkmişdilər. Xoş təəssüratlarım vardı. Universiteti bitirdikdən sonra mütəmadi təhsil səhifələrini izləyirdim. 2019-cu ilin iyul ayından etibarən yeni məktəblərdə məktəblinin dostu vəzifəsini icra edəcək əməkdaşların seçimi üçün verilən elanı gördüm. İctimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil bilən 21-30 yaş aralığında ölkə vətəndaşlarına üstünlük verilməsi şansımı artırırdı. Bu şərtlərə uyğun gəldiyimi düşünərək mən də müraciət etməyə qərar verdim və seçilənlərdən biri oldum. “ASAN xidmət” Mərkəzinə dəvət edildim. Psixologiya, məntiq və dünyagörüşündən salınan 50 sualdan ibarət test imtahanından uğurla keçən 749 nəfərdən biri idim. Müsahibəyə dəvət olunan və bu mərhələni də uğurla başa vuran 272 namizədin arasına da qatıldım. Sonra təlimlər keçdik. Psixologiyadan, koordinatorluq, media təlimlərində olduq. FHN əməkdaşları bizə yanğın və başqa fövqəladə vəziyyətlərdə necə davranmağı öyrətdilər. Təlimlər çox maraqlı idi”.

Yeri gəlmişkən qeyd edək ki, məktəblinin dostlarının fərdi və peşəkar bacarıqlarının inkişafı məqsədi ilə onlar mütəmadi təlimlərə cəlb edilirlər. Elə 220 nömrəli məktəb-liseydə fəaliyyət göstərən məktəblinin dostlarından biri Qəmər Cəfərova da təlimdə olduğundan bu günlərdə məktəblinin dostları burada 4 nəfərlə təmsil olunurlar. Biri ekran başında kameraların göstərdiyi nöqtələri daimi nəzarətdə saxlayır, digər üçü isə dəhlizlərdə, məktəbin həyətində dolaşaraq dəcəl məktəblilərin gizli niyyətlərini aşkara çıxarırlar.

Məktəblinin dostu onu qoruyur

Onlar dostlarını hər şeydən qoruyurlar. Ailədaxili şiddətdən tutmuş hər problemə qədər zərbənin önünə keçirlər. Bu zərbə fiziki də olsa, psixoloji də. Cəmi 2 aydır işləməyinə baxmayaraq, Nəcibə İsmayılova məktəbdə artıq çətin psixoloji vəziyyətlə qarşılaşıb: “Dəhlizdə müəllimlərdən biri mənə yaxınlaşaraq sinifdə şagirdlərdən birinin öhdəsindən gələ bilmədiyini dedi. Həmin şagirdlə danışmağımızı, mümkün olmasa, Psixoloji Mərkəzin psixoloqlarının köməyindən istifadə etməyimizi xahiş etdi. Həqiqətən də uşaqla ünsiyyət qurmaq çətin idi. Dərs prosesinə mane olur, dərsdə ağlayır, özünü yerə çırpır, anasını istəyirdi. Uşaqla bir neçə həftə ərzində apardığımız davamlı iş, söhbətlər nəticə verdi. Birinci sinifdə oxuyan həmin şagirdlə bağlı artıq hər hansı problem yoxdur. Müəllimdən bunun üçün təşəkkür də aldıq. Hazırda isə məktəbimizdə təhsil alan sağlamlıq imkanı məhdud bir uşaqla işləyirik. İnklüziv sinifdə təhsil alır. Düşünürəm ki, tezliklə həmin uşaqla da problem qalmayacaq”.

Nəcibə deyir ki, məktəblinin dostu olaraq işə başladığı ilk iki ayda yaddaşında ağır iz qoyan hadisə də olub: “Məktəblilərdən biri gözümün qarşısında huşunu itirib yıxıldı. Tez onun yardımına qaçdım. Sonra onunla tibb otağında bir az söhbətləşdik. Ünsiyyət qurub ürəyinə yol tapmağı bacardım. Öyrəndim ki, IX sinif şagirdi olan bu məktəblimiz atasından ciddi təzyiq görür. Bu hadisə atasının onları təhdid etdiyini deyən Ayselə olduğu qədər mənə də pis təsir etdi. Ancaq o gündən Aysellə çox möhkəm dost olduq”.

Məktəblinin dostu Aynur Arzumanova isə sinifdə müəllimin şagirdə qarşı şiddətinin şahidi olub: “Şagird dərsi pozmuşdu. Müəllimi özündən çıxartdığı üçün vəziyyət bu həddə çatmışdı. Lakin hamımız bilirik ki, heç bir səbəb uşaqların vurulmasını, döyülməsini haqlı çıxara bilməz. Dəhlizdə gəzərkən gördüyüm faktla bağlı dərsdən sonra müəllimlə danışdım. Onu gördüyümü bilirdi. İrad tutan kimi üzr istəyərək bu halın bir daha təkrarlanmayacağına söz verdi. Buna baxmayaraq, üzərimizə düşəni etdik: faktla bağlı məktəb rəhbərliyinə, Nazirliyə və uşağın valideyninə məlumat verdik”.

Məsələ burasındadır ki, məktəblinin dostları onları nəinki müəllimlərinin qəzəbindən, valideynlərinin hikkəsindən, elə öz həmyaşıdlarından, hətta özlərinə vura biləcəkləri ziyandan belə qoruyurlar. Uşaqların biri-birinə sağlam münasibətini formalaşdırmaq, aralarında səmimi ünsiyyəti bərpa etmək məktəblinin dostlarının iki ayda əldə etdiyi ən böyük uğurlardandır.

Məsələn, 1 nömrəli Uşaq Evinin məktəbə gələn 66 sakinindən biri Azaddır. Çətin idarə olunan  Azad Sarıyev artıq 20 yaşın içindədir. Yaşından da göründüyü kimi, vaxtında məktəbi bitirə bilməyib. Hazırda 220 nömrəli məktəb-liseyin XI sinif şagirdidir: “Bu ildən ingilis dilini öyrənməyə başlamışam. Artıq V sinfin materialını çox qəşəng bilirəm. Yaxşı təşkilatçıyam. Uşaq Evində də, məktəbdə də bu bacarığımdan istifadə edirlər. Məktəbdə sinif nümayəndəsi oldum.  Məktəblinin dostu da məni bir layihəsinə cəlb elədi. Həyatla birlikdə “Arşın mal alan” tamaşasının ssenarisini hazırlayırıq”.

Azadın barəsində danışdığı IX sinif şagirdi Həyat Allahverdiyeva da 1 nömrəli Uşaq Evində yaşayır. Azaddan fərqli olaraq o, özünə, davranışlarına nəzarət etməyi bacaran bir şagirddir. Təhsilinə uğurla davam edir. İndiyədək məktəbdə hər hansı problemi yaranmayıb. “Arşın mal alan” üzərində birgə işdə Azad qədər olmasa da, o da həvəslidir.

Həyatla Azadı birləşdirən yeni layihə ilə bağlı söhbəti “Məktəblinin dostu” layihəsinin PR meneceri Nərgiz Kərimova davam etdirir. Dediyinə görə, məktəblərdə maraqlı layihələr həyata keçirirlər: “Azad məktəbdə dəcəl, ipə-sapa yatmaz şagird kimi tanınır. Buna baxmayaraq, əməkdaşlarımız onun istedad və bacarığını aşkarlamağı bacarıb. Həyatla Azadın hazırlayacağı ssenariyə yazıçılardan rəy alıb, həmin ssenari üzrə tamaşanı səhnəyə qoyacağıq. Ümumiyyətlə, belə tədbirlərimiz çoxdur və istedadlı uşaqları çox uğurla üzə çıxarırıq. Rəsm, mahnı, şeir və başqa yaradıcı sahələr üzrə istedadları müəyyənləşdiririk. Bunun üçün məktəblilər arasında sorğu keçirib onların maraq sahələrini öyrənirik. Məktəblərdən birində diktorluğa həvəsi olan uşaqlar olduğunu aşkarladıq. Biz də Rafiq Həşimovla həmin uşaqları görüşdürdük. Maraqlandıqları suallara Rafiq Həşimovdan cavab aldılar. Ümumiyyətlə, sorğu nəticəsində uşaqlar üçün maraqlı olan insanları müəyyənləşdirir, onların görüşünü təşkil edirik. Uşaqların maraqlarına uyğun tədbirlər, müsabiqələr, yarışlar keçiririk. İstedadı olanları seçmək məqsədi ilə keçirdiyimiz belə tədbirlərdən uğurlu nəticələr əldə edirik. Hətta direktorlar belə, rəhbərlik etdikləri məktəblərdə təhsil alan uşaqların belə bacarıqlarının olduğuna təəccüblənirlər”.

220 nömrəli məktəb-liseydə məktəblinin dostlarının təsir göstərdiyi və artıq dəyişməyə nail olduğu məqamlardan biri də valideynlərlə bağlıdır. Məktəblərin valideynlərlə sıx əməkdaşlığı əsas tələblərdən olsa da, bu əməkdaşlıq bəzi hallarda məqsədini aşır. 220 nömrəli məktəbdə də uzun illər belə olub. Valideynlərin məktəb binasına girişində, orada saatlarla qalmasında heç bir məhdudiyyət olmayıb. Lakin artıq valideynlər əvvəlki qədər sərbəst deyillər və təəssüf ki, bununla barışmaq istəməyənlər də olur. Hətta binaya buraxılmadığı üçün qapıçıya qarşı fiziki zorakılıq göstərən atalar da olub. Faktlardan birinin şahidi olan məktəblinin dostu Şahlar danışır ki, qapıçıya hücum edən valideyni sakitləşdirmək üçün araya girib: “Hər gün məktəbə gələn valideyndir. Qapıçı onu içəri buraxmayanda əsəbləşib ona hücum elədi. Yaxşı ki, ordaydım. Tərəfləri ayırdım. Əslində,valideynin qolundan tutub geri çəkəndə onun  özünün də hərəkətindən peşiman olduğunu anladım. Sanki kiminsə onu ayırmasını, sakitləşdirməsini gözləyirmiş kimi, mən müdaxilə edən kimi çəkildi”.

Bəs, hücum edən şəxs qərarında daha qəti olsaydı... Bir anlıq hirslə deyil, planlı şəkildə, məktəbliyə və məktəblilərə ziyan vurmaq məqsədilə gələn bir şəxs olsaydı... Orxanla Şahlar deyir ki, fərq etməz. Onlar hər hansı hücumun qarşısını almağa hazırdırlar. Yaxın döyüş növləri üzrə hər biri təlim keçib. İstənilən hücumu dəf etmək, hücum edən şəxsi zərərsizləşdirmək iqtidarındadırlar.

“Məktəblinin dostu” layihəsinin PR meneceri Nərgiz Kərimova təsdiq edir ki, təlimlərdə bu tip hazırlıqlara xüsusi əhəmiyyət verilib. Tapşırıqların yerinə yetirilməsində qızlara  belə güzəştə gedilməyib: “Təlim tapşırığı olan  birinci mərtəbədən tullanmaqda qızlara belə güzəştə getmədilər. Yerimək, hadisə yerindən özü çıxmaq iqtidarında olmayan məktəblini qorumağı və ordan uzaqlaşdırmağı hər bir əməkdaşa öyrədiblər”.

Məktəblinin dostları 220 nömrəli məktəb-liseyin inklüziv təhsil siniflərindəki münasibətlərə də təsir göstərib. Məktəblinin dostları danışır ki, inklüziv təhsil siniflərində uşaqların sağlamlıq imkanları məhdud uşaqlara münasibətləri pis idi. Bu yanaşmaya doğru müdaxiləni edən məktəblinin dostları sinifdə səmimi ortam yaratmağa nail olub. İndi sağlamlıq imkanları məhdud uşaqlara münasibət nəinki dəyişib, hətta valideynlərinin onlarla bərabər dərsdə iştirakına da artıq ehtiyac qalmır. Sağlamlıq imkanı məhdud uşaqlara sinif yoldaşları kömək edirlər.

Valideynin güvəni

İşi asanlaşan, həyatı nisbətən rahatlaşan, sadəcə sağlamlıq imkanı məhdud şagirdlərin valideynləri deyil. Məktəblinin dostu gələndən valideynlərin fikri məktəbdə, uşaqlarının yanında qalmır. Nərgiz Kərimova valideynlərlə iş və onlar arasında məktəblinin dostlarının nüfuzuna diqqət çəkir: “Yeni olan məktəblərdə valideyn iclası keçiririk. Onlara layihə ilə bağlı məlumat veririk. Tanışlıq məqsədi ilə keçirilən belə görüşlərdə məlum olur ki, valideynlər bizi tanıyır: Həmin toplantılarda uşağı ilə söhbət aparmağı xahiş edənlər çox olur. Belə müraciətləri valideynlərdən  tez-tez eşidirik. Hətta, övladı ilə birlikdə özünün də iştirak istəyini bildirənlər olur”.

Valideynlərin məktəblinin dostuna olan isti münasibətini Nigar Məlikova da təsdiq edir. Nigar xanımın iki övladı 220 nömrəli məktəb-liseydə oxuyur. Hələ ibtidai sinif şagirdidirlər: “Məktəb Bakının ən yaxşı təhsil müəssisələrindəndir. Bu məktəbi onun şöhrətini eşidib seçmişik. Məktəblinin dostları gələndən sonra da daha güvənli olub. Qızlarım dostlarını çox sevirlər. Adlarını bilməsək də, qızlarım da, mən də onları geyimlərindən tanıyırıq. Çox mehribandırlar. Evdar qadınam. Uşaqları məktəbə özüm  aparıb-gətirirəm. Qapıdan onlara təhvil verir, onlardan da alıram”.

Nigar xanımın sözlərinə görə, məktəblinin dostlarına çox güvənir. Bu güvəni isə həm öz təcrübəsi, həm də başqa bir valideynlə bağlı gördüyü hadisələr yaradıb: “Məktəblinin dostlarından biri dişi ağrıdığı üçün qızımı diş həkiminə aparıb. Mənə xəbər verdilər. Dərhal mən də uşağımın aparıldığı həkimin yanına getdim. Gedib gördüm uşağımın yanında gözləyir. Mən ora gələnə qədər uşağın başından çəkilməmişdi. Bir dəfə şahid olduğum fakt isə onlara güvənimi birə-beş artırdı. Valideynlərdən biri uşağının dalınca gələ bilməmişdi. Qonşusundan xahiş etmişdi ki, onun uşağını da aparsın. Mənim üçün maraqlı və çox təsirli hadisə oldu. Məktəblinin dostları valideynlə əlaqə saxlayıb qonşu valideynin dediklərinin doğruluğunu təsdiq etmədən uşağı ona vermədilər”.

Şagirdlərin sevgisi...

Bəs, bu dostluq haqqında məktəblilər nə düşünür? Onlar da bu dostluqdan məmnundurlarmı?

220 nömrəli məktəb-liseyin şagirdləri bəzən necə müraciət edəcəyini belə bilmədiyi məktəblinin dostlarını  dost bildilər. Bəzən heç adını da bilmədən qarşılıqlı dost münasibətindən yararlandılar. Ötən iki ayda nə vaxt sevdilər, nə zaman doğmalaşdılar, özləri də anlamadılar. Azad Sarıyev deyir: “Hər gün onları burda qoyub gedirəm. Ancaq  nə vaxt gəlirəm, görürəm burdadırlar. Təzə gələndə düşünürdüm ki, görəsən, bunların evi-eşiyi yoxdur?”.

Yasəmən Nəsibova X sinif şagirdidir. Məktəblinin dostlarını çətin anında tanıyıb, sevib: “Sinif yoldaşımın ürək problemi var. Məktəblinin dostu olmasaydı,  yoldaşımız üçün nə edə biləcəyimizi bilməzdik. İstər ilk yardım göstərməkdə, istərsə də onun həkimə çatdırılmasında dostlarımızın rolu danılmazdır. Onlar gələndən dəhlizlərimizdə də sakitlikdir”.

Leyla Şəfaqətova isə XI sinif şagirdidir. Təmayüllü sinifdə təhsil alır. Diktor da olmaq istəyir, hüquqşünas da. Hələlik qərar verməyib. Elə sinifləri təmayülləşəndə də qərar verməkdə çətinlik çəkib: “Bütün ixtisas qruplarını “gəzmişəm”. Qərar verməkdə çətinlik çəkdiyim üçün də təmayülləşmə zamanı müəllimlərim kömək etdilər. Onların tövsiyəsi ilə humanitar istiqamət üzrə təmayülləşdim. Məktəblinin dostlarının da məktəblilərə ixtisas seçimində istiqamət verdiyini bilirəm. Bu da daxil olmaqla, qərar verə bilmədiyim bir çox məsələlərdə onlarla söhbətləşirəm. Dərsdən sonra hazırlıqlarım başlayır və o vaxta qədər arada fasilə yaranır. Həmin vaxtda hər zaman qapının yanında olan məktəblinin dostları ilə söhbətləşmək imkanım olur. İstənilən məsələdə onların məsləhətini alıram”.

Leyla üçün məktəblinin dostları həm də ədalətin təminatçısıdır: “Məktəbimizdə voleybol yarışı təşkil etdi məktəblinin dostları. Biz bu yarışda fərqli ab-hava gördük. Paxıllıq yox, ədalətsizlik yox. Sağlam rəqabət mühitində ədalətli bir yarış təşkil edildi. Təəssüratlardan gördüm ki, hər kəs əylənərək yarışdı və yarış mühitindən də, nəticələrdən də razı qaldılar”.

Uzun sözün qısası, valideynlər də, şagirdlər də onları adbaad tanımır. Kimliyindən asılı olmayaraq, məktəblilər üçün onlar dostdur.

...onlar gördüyü işdən zövq alırlar

Məktəblinin dostları hər keçən gün məqsədinə yaxınlaşır. Məktəbli ilə arasındakı məsafə aradan qalxdıqca, valideynlərin onlara və məktəbə güvəni artır. Məktəb dəhlizlərində şagirdlərin sevgi dolu baxışlarını hiss etmək isə onları daha da ruhlandırır. Bu ildən məktəblinin dostu seçilən Aynur Arzumanova kimi.

Məlumat üçün qeyd edək ki, Aynur Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2016-cı il məzunudur. Fransız dili müəllimliyi ixtisası üzrə bakalavr təhsilini tamamladıqdan sonra kurslarda müəllimlik edib. Könüllü fəaliyyəti onun “Məktəblinin dostu” layihəsinədək olan  yolunu qısaldıb: “Uşaqlarla indiyədək ünsiyyətim çox olduğundan bu işin öhdəsindən gəlirəm. Məktəblinin dostu olaraq daha çox uşaqlara kömək edə bildiyimə görə sevinirəm. Xüsusən ibtidai sinifdə oxuyan uşaqları sevindirmək, onların gözündə özünə qarşı sevgini hiss etmək çox gözəldir”.

Ruhiyyə DAŞSALAHLI(Azərbaycan müəllimi)