Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-12 14:42:00
Təhsil Nazirliyi: Məktəblərin idarə olunmasına ciddi nəzarət edilir

"Məktəb direktoru həm təsərrüfata rəhbərlik edir, həm də gənc nəslin təlim-tərbiyəsi prosesinə cavabdehlik daşıyır".

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, direktor öz fəaliyyətini ölkə qanunlarına uyğun qurur: "Hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq idarəetmə qanunlarına istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa, Təhsil Nazirliyi bu barədə qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar – intizam, hətta işdən kənarlaşdırma tədbirləri də həyata keçirir".

Nazir müavini bildirib ki, məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil: "Amma məktəb direktoru üzərinə düşən məsuliyyəti başa düşür. Təhsil Nazirliyinin də ümumtəhsil məktəbini idarə etməsinə nəzarətini yaxşı bilir. Təhsil Nazirliyi ciddi şəkildə məktəblərin idarə olunmasına nəzarət edir. Düşünürəm ki, hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərinin sağlamlığının, təhlükəsizliyinin, istərsə də sağlam psixoloji mühitin yaradılmasının, məktəb-valideyn münasibətlərinin vacibliyini başa düşüb işini bu müstəvidə qurmalıdır. Bizim də tələbimiz bundan ibarətdir. Səmərəli fəaliyyət göstərən direktorlarımız çoxdur. Amma nöqsanlara yol verən direktorları da cəzalandırmaqdan çəkinmirik. Bundan sonra da nöqsanlara yol verən direktorla bağlı məlumat daxil olarsa, bununla bağlı müvafiq addımlar atılacaq". (APA.az)