Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 15:52:00
Coğrafiya İnstitutu: Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb

Son 15 ildə Azərbaycanda bəzi yerlərdə yağıntılar azalıb, bəzi yerlərdə isə artıb.

AzEdu.az-ın məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun növbəti elmi seminarında İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərov deyib.

Sumqayıt, Bakı, Maştağa və Pirallahı, həmçinin Neft Daşları və Çilov hidrometeoroloji stansiyalarının müşahidə məlumatlarına əsasən yağıntı rejimini tədqiq edən alim son 10-15 il ərzində temperatur yüksəlməsinin daha böyük sürətlə getdiyini, Azərbaycanda yağıntıların bəzi yerlərdə azalmasını, digər yerlərdə isə artmasını diqqətə çatdırıb.

Tədqiqatçı yağıntıların artmasının səbəblərini qlobal istiləşmə nəticəsində hava dövranı xarakterinin dəyişməsi, dəniz səth suları temperaturunun artması ilə əlaqədar buxarlanmanın intensivləşməsi, əhalinin artması, şəhər sahəsinin kəskin genişlənməsi, havanın çirklənməsi və s ilə izah edir.

S.Səfərov bildirib ki, payız-qış aylarında yağıntıların belə kəskin artması nəqliyyatda hərəkət intensivliyinin azalmasına, avtomobil yollarının vaxtından əvvəl dağılmasına, ərazilərin, zirzəmilərin su ilə dolmasına, qrunt sularının səviyyəsinin yuxarı qalxmasına və s. bu kimi bir sıra problemlərin yaranmasına səbəb olur.

 İnstitut rəsmisi son dövrlərdə Bakı şəhərinin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələrinin aktivləşməsini bilavasitə payız-qış dövründə atmosfer yağıntılarının ümumi miqdarının və eyni zamanda intensiv və davamlı yağıntıların kəskin artması ilə izah olunduğunu diqqətə çatdırıb.

Alim onu da qeyd edib ki, bununla əlaqədar olaraq Bakı şəhərində aparılan tikinti və o cümlədən şəhərsalma işlərində yağıntı rejiminin kəskin dəyişməsi mütləq nəzərə alınmalıdır. (Trend.az)