Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-10 10:40:00
Məktəblərdə akademik siniflər yaradılır

Universitetlər tələbələrini özləri seçəcək

Rusiyanın Təhsil və Elm Nazirliyinin və  Moskva  şəhər Təhsil  departamentinin birgə layihəsinə əsasən,  2016-cı ildən  paytaxtın ümumtəhsil məktəblərində akademik siniflərin yaradılmasına start verilib.  Artıq növbəti mərhələdə ölkənin 8 - Sankt-Peterburq şəhəri,  Kareliya,  Tatarıstan, Başqırdıstan,  Şimali Osetiya-Alaniya respublikaları, Perm, Novosibirsk və İvanovsk  vilayətləri də  layihəyə qoşulacaq.

"Rossiyskaya qazeta"nın məlumatına əsasən, "akademik siniflər"- çoxşaxəli professional təlim növüdür.  Hazırda  Moskvada 13 məktəbdə  akademik siniflər yaradılıb, onların işinə 800-dən çox təhsilalan, 23 elmi institut və 14 federal universitet  cəlb olunub.  
Yeni dərs ilinin başlanması ərəfəsində ölkənin elm və ali təhsil naziri Mixail Kotyukov bildirib ki, layihə, çox güman ki, paytaxtdan kənara çıxacaq.  Artıq qərar qəbul edilib.  Pilot bölgələrin layihə üzrə fəaliyyəti  2020-ci ildən başlayacaq.  
Bəs, "Akademik siniflər" nədir?
Akademik siniflərə cəlb olunan yuxarı sinif şagirdləri, nəinki müxtəlif elm sahələri ilə tanışlıq əldə edir,  eyni zamanda elmi və layihə fəaliyyətinə cəlb olunurlar.  İnformasiya texnologiyaları, tibb, mühəndislik işi kimi tədris fənlərinin proqramlarına ciddi tədqiqat praktikumları əlavə edilir,  məktəblilər müasir laboratoriya avadanlığında işləyir, yalnız məktəbin imkanlarından deyil, həm də tərəfdaş şirkətlərin resurslarından istifadə edirlər. Onlara bu işdə əsl alimlər - akademiklər, professorlar kömək edir.

Akademik siniflər yalnız məktəblərdə deyil, həm də bu gün ölkədə tətbiq edilən  "Elm" milli layihəsi çərçivəsində yaradılan elmi-tədris mərkəzlərinin bazasında  da açıla bilər. Elm və ali təhsil naziri M. Kotyukovun fikrincə, bu, ali məktəblərin, elmi təşkilatların və biznes resurslarının birləşməsinə, region iqtisadiyyatı üçün motivasiyalı mütəxəssislərin hazırlanmasına kömək edəcək.  Alimlər isə hesab edirlər ki, akademik siniflərin başlıca hədəfi şagirdləri layihə işlərinə cəlb etməkdir.

Pilot bölgələr seçilib, lakin layihədə hansı məktəblərin iştirak edəcəyi hələlik məlum deyil. Layihəyə daxil olmaq üçün məktəbə nə lazımdır? Məktəb rəhbərliyi elmi və təhsil tərəfdaşları ilə birlikdə  əlavə təhsil modulunun işə salınmasına tam hazır olduğunu təsdiq etməlidir. Yalnız ciddi seçimdən sonra  məktəblər akademik siniflər qazana bilər.

Layihə hamı üçün faydalıdır: şagirdlər müasir avadanlıq və texnologiyalara giriş əldə edirlər; ali məktəblər üçün artıq məktəb partasında potensial abituriyentlər yetişir, işəgötürənlər isə yuxarı sinif şagirdlərini motivasiya edə bilirlər.

Oruc MUSTAFAYEV(Azərbaycan müəllimi)