Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 14:18:00
BDU-da Nəsimi ilə bağlı elmi konfrans keçirilib

Bakı Dövlət Universitetində (BDU) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümünə həsr edilən “Klassik Azərbaycan ədəbiyyatı: dil, üslub, ideya problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev böyük mütəfəkkir şair Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən danışıb.

 Filologiya fakültəsinin dekanı Elçin Məmmədov  şairin həyat və yaradıcılığından bəhs edərək,  onun poeziyasının dil-üslub özəllikləri, bədii-fəlsəfi mahiyyəti ilə bağlı mühüm məqamları diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, konfransa respublikamızın müxtəlif ali məktəblərindən və AMEA-nın institutlarından təqdim olunan məqalələrdə Nəsimi irsi fərqli aspektlərdən tədqiqata cəlb edilib.

 AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bütövlükdə türk dünyasının dahi şairi, mütəfəkkiri, filosofu Nəsimi ilə bağlı keçirilən konfransı yüksək qiymətləndirib; bölmə iclaslarında dinləniləcək məruzələrin onun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd edib. O, Nəsimi poeziyasının mahiyyəti haqqında danışıb, dahi mütəfəkkirin əsərlərində hürufilik fəlsəfəsi, insan gözəlliyinin vəsfi, insanla dinin əlaqəsi kimi fəlsəfi baxışları sələflərinin ideya davamı kimi qiymətləndirib.

 Daha sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayevanın “Böyük Azərbaycan şairi Nəsimi” mövzusundakı məruzəsi dinlənilib. Məruzəçi Nəsimi sözünün qüdrətindən, onun yaradıcılığında mühüm yer tutan kamil insan problemindən söz açıb, təsəvvüf ədəbiyyatının mahir söz ustalarından olan filosof şairin şeirlərindən nümunələr səsləndirib.

 Plenar iclasda Nəsimiyə həsr olunmuş videomaterial nümayiş etdirilib, Filologiya fakültəsi tələbələrinin Nəsimiyə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış da keçirilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.