Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-07 10:00:00
Gənc azərbaycanlı alim Rusiya universitetləri Şurasına həmsədr seçildi

 

 Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bir çox sahələrdə olduğu kimi, elm, təhsil, innovasiyalar sferasında da əməkdaşlığımız üçün yeni üfüqlər açıldı, gənc tədqiqatçıların qarşılıqlı elmi araşdırmlarının sürətləndirilməsinə daha geniş şərait yaradıldı.

Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının 5 dekabr 2019-cu il tarixli vəsatəti və ÜmumRusiya Universitetləri Şurası Kollegiyasının 879 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Elm üzrə Prezident mükafatçısı, YAP Gəncə şəhər Təşkilatının sədr müavini Elnur Həsənov İctimai və humanitar elmlər üzrə Rusiya Universitetləri Elmi Nəşriyyatı Redaksiya Heyətinin həmsədri seçilib.

Gənc alimin bu quruma ekspert seçilməsi sayəsində Azərbaycandan olan alimlərin tarix, hüquq, fəlsəfə, ədəbiyyatşünaslıq elmləri üzrə məqalələri müsbət rəy aldıqdan sonra ödənişsiz əsaslarla Rusiya Federasiyasının Universitetlər Şurasının nəşrlərində çap ediləcək və ən yaxşı tədqiqat işləri honorar ilə mükafatlandırılacaqdır.

Gənc tarixçi-antropoloq alimin Azərbaycan tarixinə dair dünyanın 65 ölkəsində ingilis, alman, ispan, rus, italyan, türk, fransız və portuqal dillərində nəşr edilmiş elmi əsərləri nüfuzlu beynəlxalq elmi bazalar olan “Web of Science” və “Scopus” sistemlərinin Q1 və Q3 dərəcəli yüksək impakt faktorlu jurnallarında çap olunmuşdur. Qeyd olunan elmi monoqrafiyaların (kitabların) və məqalələrin bir qismi Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının yüksək istinad əmsallı nəşrlərində dərc edilib.

Qeyd etmək lazımdır ki, gənc tədqiqatçı ölkəmizdə 35 yaşa qədər alimlər və mütəxəssislər arasında impakt faktorlu elmi nərşlərdə ən çox əsərləri dərc olunmuş mütəxəssisdir və onun elmi işlərinə yerli və xarici alimlər tərəfindən 418 dəfə istinadlar edilib.