Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-06 14:29:00
Dünyanın ən ekoloji universitetləri

Azərbaycanın 3 ali məktəbi beynəlxalq reytinqdə yer alıb

İndoneziya Universiteti  tərəfindən dünyanın ən ekoloji universitetlərinin  beynəlxalq reytinqi (UI Green Metric Ranking of World Universities 2019)  açıqlanıb.  Sıralamada müxtəlif ölkələrdən 780  (2018-ci ildə 716)  universitet yer alıb.   

Dünyanın ən yaşıl ali təhsil müəssisələrinin siyahısında  ölkəmizi  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC 432-ci yer),  Azərbaycan  Memarlıq və İnşaat Universiteti (446-cı yer ) və Azərbaycan Dövlət Aqrar Universiteti (653-cü yer) təmsil edirlər.  Reytinqin nəticəsinə əsasən, UNEC həm də Cənubi Qafqazda lider  mövqedədir.  

Reytinqin tərtibçiləri qeyd edirlər ki,  tədqiqatın məqsədi akademik ictimaiyyətin diqqətini  ekoloji  problemlərin həllinə yönəltməkdir.  Reytinq tərtib olunarkən universitet kampuslarının  təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri,  kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada  istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi avtomobillər  və  ya velosiped) istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. təhlil olunub. 
Dünyanın ekoloji cəhətdən ən yaxşı  universitetlərinin ilk onluğunda aşağıdakı ali məktəblər yer alıb:  

  1. Wageningen University & Research ( Hollandiya).
  2. University of  Oxford (Böyük Britaniya).
  3. University of  California, Davis (ABŞ).
  4. University of Nottingham  (Böyük Britaniya).
  5. Nottingham Trent University (Böyük Britaniya).
  6. Trier University of Applied Sciences (Almaniya).
  7. Leiden University (Niderland). 
  8. University of Groningen  (Niderland).
  9. University College Cork (İrlandiya).
  10. Bangor University (Böyük Britaniya).

 Oruc MUSTAFAYEV(Azərbaycan müəllimi)