Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 10:14:23
Gizli  səma sirlərini insanlara çatdıran, haqqı yeyilən türk alimi – ARAŞDIRMA

AzEdu.az böyük  türk alim – filosofu, astronom Əl Biruni haqqında yazını təqdim edir:

62 yaşında nə qədər ağır xəstə olsa da yenə səmanın “xəbərgir dərvişləri” olan münəccimlərdən nəsə soruşmaq istəmirdi. Yaxşı xatırlayır ki, bir neçə dəfə istər Xarəzm şahının, istər Buxara hakiminin, istərsə də dövrün nəhəng sultanı Mahmud Qəznəvinin yanında həmin münəccimləri acılamışdı. Onların guya taledən xəbər verməsini insan zəkası üçün təhqir saymışdı. Amma soruşdu... Bir münəccim dedi ki, o, öləcək.  Azacıq gülümsündü. Cavanlıq çağlarına xəyali səfər etdi. O zaman heç otuzu da haqlamamışdı. Özündən yeddi yaş cavan olan amma ölümcül xəstələri, bir neçə əmiri sağaltmaqla məşhurlaşan İbn Sina adlı bir gəncə meydan oxuduğunu xatırladı. O, İbn Sina ki, sonradan dövrün böyük bilicisi və təbibi olacaqdı. Amma həmin vaxt İbn Sina özü qədər məşhurluq qazanmamış bu alimin 18 sualı qarşısında aciz qalmışdı. Lakin gələcəyin böyük təbibi həmin suallardan sonra bir gün ulduzu sönəcək qoca Şərqdə ondan da böyük bir alimin- Əl Biruninin varlığına qəti şübhə etməmişdi. Sonradan Xarəzmdə ilk dəfə canlı olaraq üz-üzə gələn zaman Əl Biruni həmin sualları ona bir daha ünvanlamışdı:

-Ey, fəzilət sahibi İbn Sina, biz bu gün də  Ərəstun düşüncəsinə qul olmuşuq. Sən niyə mənə yazdığın məktubunda ona xitab edir və vakuumun olmadığını deyirsən. Bir gün mən hamıya bəyan edəcəyəm ki, vakum var.-....

-Deyirsən ki, Günəş şüaları maddi olan cisim deyil. Əgər onlar maddi deyilsə o zaman torpaq nədən qızır, hər yan niyə istilənir?

-Havada ən sürətli yayılan nədir: işıq şüaları, yoxsa səslər? 

Bu dialoq bir xeyli davam etdi. İbn Sina da çox susmadı. Pis duruma düşdüyünü görüb əsassız müzakirələrə girişdi. Amma Əl Biruni ona anlatdı ki, təbiət, səma cisimləri haqqında fəlsəfə yürütmək ayrı bir işdir. Onları tədqiq etmək, səbəblərini dəlillərlə araşdırmaq isə tamam ayrı sevdadır. “Sən dəlillərdən xali olan fəlsəfəçisən” deyərək söhbətə xitam vermişdi. 

HAŞİYƏ-1: 973-cü ildə Xarəzmdə anadan olan Əl Biruni İbn Sinadan 7 yaş böyük idi. Onların hər ikisi Buxara və Xarəzmdə yetişdilər. Yeddi övladı ilə çətinliklə dolanan Mehranə adlı dul qadının oğlu olan Əl Birunini Xarəzm sarayının alimi Əbu Nəsr kəşf etdi və onu övladı kimi yetişdirdi. Sonradan XI əsri öz adına çıxaracaq, yəni elm tarixində bu əsri “Əl Biruni əsri” adlandıracaq alim ömrünün sonuna qədər Əbu Nəsrə minnətdar olacaqdı. Əbu Nəsr də həmin yolu keçmişdi. Onu Şərqin böyük alimi Əbül Vəfa formalaşdırmışdı. Qoca Əbül Vəfa riyaziyyata tanges və kotanges kimi terminləri gətirən, “triqonometriyanın atası” sayılan  bir alim idi. Sonradan o, 20 yaşını yenicə adlamış Əl Biruni ilə tanış oldu  və səma cisimləri ilə bağlı müştərək araşdırmalar apardı. Onlar belə qərara gəldilər ki, Biruni Xarəzmdə, Əbül Vəfa isə çalışdığı Bağdadda Ay tutulmasını müşahidə etsinlər. Eyni zaman daxilində iki fərqli nöqtədən aparılan müşahidələr  Biruniyə səmanı öyrənmək yolunda təkan verdi. O, sonrakı Ay tutulmalarını da dəqiqliklə hesabladı. 24 yaşına çatanda isə ilk kitabını yazdı. Kitabında zaman anlayışını riyaziyyat, astronomiya, coğrafiya, həndəsə və digər elm sahələrini araşdırdı. Gündüz və gecənin necə meydana gəldiyini və günlərin dəyişən uzunluqlarını, dünyanın şəkli və günəş ətrafındakı hərəkətinə səbəb göstərərək açıqladı.

Onda qoca münəccim 62 yaşlı Əl Biruninin öləcəyini deyəndə adətən nadanları sancmaqla ad çıxaran alim sadəcə gülümsədi. Dərmanlar haqqında kitab yazmaq fikrinə düşdüyündən tibb haqqında əksər mənbələri çək-çevir etmişdi. Bilirdi ki, ölümcül xəstə deyil. Özündən asılı olmayaraq Sultan Mahmud Qəznəvini xatırladı. Onlar heç vaxt yola getmədilər. Baxmayaraq ki, alim böyük sultanın himayəsində yaşayırdı. Amma başqa alimlər kimi mütilik edib onun adına əsər yazmırdı. Xarəzmi yağmalayaraq Biruni ilə Əbu Nəsri paytaxt Qəznəyə gətirən Mahmud onlardan yüksək sədaqət tələb edirdi. Amma gənc Biruni onunla razılaşmadı. Kiçik mübahisədən sonra saraydan qovuldu. Qəznənin kasıb məhəllələrində ağır bir həyat yaşadı. Amma yenə də yazırdı və yazıdan əl çəkmirdi. Günlərin bir günü Şərqin 32 illik söz sahibi Qəznəvi hökmdarı Sultan Mahmud bazar meydanına  çıxan zaman təsadüfən Əl Biruni ilə qarşılaşdı:

-Eşitdim səfil bir həyat sürürsən? Amma sarayı bəyənmədin...

-Mən dövlət işlərindən kənar olmaq istəyirəm, hökmdar! Siz buna izn verməzdiniz.

-Yadına gəlir, Məmun məndən icazəsiz qərarlar verdi. Xarəzmə hücum etdim. Səni qarşıma elçi kimi çıxardılar. Bilirdilər ki, elm, fəzilət sahibinə hər zaman hörmətim sonsuzdur.

-Amma siz yenə də Xarəzmi dağıtdınız. Elm diyarı atların ayaqları altında qaldı. Fəziləti, zəkanı at dırnaqlarının arasında toza döndərdiniz...

-Və... Sən ona görə “Mahmud qanunları” əsərini yazmadın. Saraya gəl. “Sultan Mahmud qanunları”nı yaz. Səmadan, hesabdan, dövlətlərdən, sudan və torpaqdan yaz. Mən səni dünya işlərinə qatmayacağam. 

Mahmudun “dünya işləri” dediyi nəsnə əslinə dövlət işləri, dövrün siyasi mənzərəsi idi. Bu şərtlər altında Əl Biruni Qəznəyə qayıtdı. Bu zaman onun 41 yaşı var idi. 

HAŞİYƏ-2: - Əl-Biruni Qəznə sarayına gələndən sonra elmə daha da bağlandı. Deyilənlərə görə, ildə cəmi iki dəfə-Ramazan və Qurban bayramlarının ilk günlərində  başını kitablardan, yazı-pozudan ayırardı. Elə o səbəbdən də çox məhsuldar işləyir, hər an yeniliyə can atırdı. Dövrün əsas elm sahələrindən olan astronomiya ilə yanaşı Yerin ölçüləri  və quruluşu, minereologiya və geologiya sahələrində də yeni əsərlər ortaya qoyurdu. “Nihayatül-Emakin” adlı əsərində Yerin Günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu söyləyir. O bunu Kopernikdən  5 əsr əvvəl deyir.

Koperniklə başlayan müasir astronomiya və fizikanın təməlini Əl Biruni qoyub. Dünyanın bir çox ölkələrinin o cümlədən Azərbaycanın o zaman məlum olan böyük şəhərlərinin enlik -uzunluq dairələrini göstərib.  “Kitabül-Camahir fi Marifetil-Cevahir” kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və onların mədənləri haqqında məlmatlar verib.

Əl-Biruni daha sonra cisimlərin sıxlığını təyin edən cihaz düzəldir və “Xüsusi çəki” kitabında onu təsvir edib. Bu cihaz mayelərin sıxlığını öyrənməkdən ötrü dünyada tətbiq olunan ilk laboratoriya məhsulu idi. İxtiranın alimlər tərəfindən çox yaxşı qarşılandığını görən Əl Biruni xüsusi çəkini ölçmək üçün də cihaz düzəldir. Həmin cihazın köməyi ilə suyun isti və soyuq, şirin və duzlu halındakı xüsusi çəkisini müəyyən etmək mümkün olur. Bu iki cihazın köməyi ilə suyun sıxlığı ilə onun çəkisi arasındakı xüsusi asılılığı müəyyən edir. 

Biruni xəstə yatağında uzanan zaman bir xatirənin sönük işığını buraxıb digərinə qucaq açırdı. Əslində onlar heç xatirə də deyildi. Hamısı əzab xəmiri ilə yoğrulmuş həyat zərbələri idi:

Bir gün  Biruni Qəznədə olanda Sultan Mahmudun hüzuruna gəldi. Sultanın ətrafındakılar ona dedilər:

 

-Əbu Reyhan  nücüm elmində elə dərəcəyə çatıb ki, ona heç nə qaranlıq deyil. 

-Hər şeyə agah olan yalnız Allahdır,- Mahmud öz əsəbi halını bir daha göstərdi.  

-Əgər sultanın şübhəsi varsa, gizli fəzilət və bacarığı üzə çıxarmaq üçün imtahan etsin,- Biruni hamını susduracaq tərzdə cavab verdi. 

-Ürəyimdə olan bir fikri tap və de görüm, mən bu qəsrin hansı qapısından çıxacam.  

Sultanın bu sualı alimin əhvalını heç pozmadı. Sarayın 12 qapısı var idi. Biruni üstürlab adlı cihazı götürüb, məsələni oradaca məlum etdi: 

-Cavabı tapdım və kağıza yazdım. 

Sultan kağızı oxumadan əmr etdi ki,  qəsrin qarşıdakı divarını uçurtsunlar. Beləcə o, heç bir qapıdan deyil  yarığdan çıxmaqla alimi ələ salacağını düşünürdü. 

Elə də etdi. Daha sonra Birunini yenidən məclisə gətirdilər. Sultan Birunidən kağızı göturüb oxudu. O yazmışdı: “Sultan heç bir qapıdan yox qarşı divarın yarığından çıxacaq.”

Mahmud  bunu oxuduqda daha da qəzəbləndi və Birunini imarətin üstündən yerə atmağı əmr etdi. Sultanın vəzirlərindən biri onun çox qəzəbləndiyini görüb bildı ki, heç kimin şəfaətini qəbul etməyəcək. Buna görə də sultandan icazəsiz gizli göstəriş verdi. İmarətin aşağısına pambıq və sair yumşaq şeylər tökdülər. Biruninin yerə atsalar da o sağ- salamat qaldı. 

Bir neçə gündən sonra Sultan Mahmud öz gördüyü işə peşiman oldu.Lakin vəzirlə aralarında olan söhbət zamanı həqiqət üzə çıxdı. Mahmud çox məsud oldu. Əmr etdi ki, Birunini onun hüzuruna gətirsinlər. 

Əbu Reyhan Biruni Sultanın hüzuruna gələn zaman Mahmud yalnız bir cümlə dedi və sonra da üzr istədi: 

-Əgər istəyirsən ki,  səndən razı qalım, gərək mənim  sözünə uyğun söz danışasan, öz elminə müvafiq yox. 

HAŞİYƏ-3 Biruni üçün elə çətin olan da bu idi. Elmin deyil, sultanın sözünü dinləməmək üçün o, hər cür girdaba düşmüşdü. Bundan sonra necə olacaqdı. Hiss edirdi ki, başqa böyük alimlər kimi vəzir olmayıbsa, dövlətdə ali mənsəb sahibinə çevrilməyibsə insanlar arasında o qədər də nüfuzu olmayacaq. Amma bunu bilmirdi ki, təkcə dövrünün insanları yox, elə gələcəyin alimləri də vəzir-alimləri ön cərgəyə salıb onun adını ilim-ilim silməyə çalışacaqdılar. Baxmayaraq ki, sağlığında  inkişaf etdirdiyi teleskoplar ilə müşahidələri nəticəsində, planetlərin günəş ətrafında döndüyünü təsdiqləyən Qalileydan 500 il əvvəl, dünyanın fırlandığı fikrini müdafiə edib. Nyutondan 700 il əvvəl riyazi olaraq isbat etdiyi Yerin cazibə qanunu üzərində ilk fikirləri əl-Birini irəli sürüb. “Dünya dönürsə, ağaclar və daşların niyə atılmadığı sualına, mərkəzdə bir cazibədarlıq olduğu və hər şeyin dünyanın mərkəzinə düşdüyü” cavabını verib. 

Sonrakı araşdırmalarında Şimal, Cənub, Şərq və Qərbin fərqli nöqtələrdə görüşdüyünü; dənizlərin ardında dünyanın şərqi və qərb sahilləri arasında bir qurunun oldugunu (Bu günki Amerika) nəzərdə tutdu. Hindistandaykən öyrəndiyi triqonometriyanın astronomiyadan ayrı bir elm olaraq görülməsi lazım olduğunu müdafiə etdi. Triqonometrik funksiyalarda radiusun vahid olaraq istifadə edilməsini təklif edib. 

O, 995 –ci ildə Amu-Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü dəqiq təyin etdi və ondan sonra   Yer kürəsinin modelini hazırlamağa başladı. Bu, müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk relyefli qlobus idi. 

Nəhayət Əl Biruni münəccimin ölüm proqnozuna cavabını kəskin sözlərlə yox, öz hərəkəti ilə cavab verdi. Onu qarşıda çox böyük işlər gözləyirdi. O səbəbdən də 62 yaşında- yəni ömrün müdrik çağında ölməyə heç bir haqqı yox idi.  Hələ bundan sonra çox əsər yazıb, ahıl çağlarından onların siyahısını tutacaqdı. Amma bilməyəcəkdi ki, siyahıdakı 113 əsərdən yalnız 27 salamat qalacaq. Hər zaman düşünəcəkdi ki, vaxtilə sualları ilə susdurduğu İbn Sinanın kölgəsində qalıb. Tarix də uzun əsrlər elə deyəcək. Amma dünyanın düz vaxtında elm tarixçiləri İbn Sinanın da yaşadığı XI əsri “Əl Biruni əsri” adlandıracaq. Sultan Mahmudun da içində uyuduğu XI əsr... Hansı Mahmud ki, bir zamanlar onun sözünü dinləməyib elm şəhərini atların ayaqlarına saldı. Amma bu gün həmin sultanın özü də “Biruni əsrində” daldalanır...