Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 09:41:00
Təhsil Kompleksinin şagirdləri “Potensialını kəşf et!” layihəsində uğur qazanıblar

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksi Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan “Potensialını kəşf et!” layihəsində iştirak edərək uğur qazanıb.

AzEdu.az xəbər verir ki, dekabrın 4-də Təhsil Kompleksində layihənin yekununa həsr edilmiş tədbir keçirilib. Müvafiq qurumların nümayəndələrinin, müəllim və şagirdlərin, valideynlərin iştirak etdikləri tədbirdə layihə barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihədə iştirak edən VII, VIII və IX sinif şagirdlərindən 30-u seçilib. Seçilən şagirdlər üçün Qubada təşkil edilmiş düşərgədə müxtəlif mövzularda təlimlər, seminarlar keçirilib.

Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova cəmiyyətdə təhsilin mühüm rolundan danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə daim xüsusi önəm verdiklərini vurğulayıb.

Direktor xatırladıb ki, 2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə 132-134 nömrəli Təhsil Kompleksi əsaslı şəkildə yenidən qurulub və təmir olunub.

“Potensialını kəşf et!” layihəsinin əhəmiyyətindən bəhs edən S.Xanlarova qeyd edib ki, layihənin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını aşkara çıxarmaq və inkişaf etdirmək, xüsusilə onlara peşə seçimində sərbəst düşüncə bacarıqları aşılamaq olub.

“Məktəblilərin uğuru bizim uğurumuzdur”, - deyən direktor ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən proqram və layihələrin əhəmiyyətindən bəhs edib, şagirdlərə tövsiyələrini verib.

Tədbirdə Təhsil Kompleksinin fəaliyyəti və layihə ilə bağlı videoçarx nümayiş etdirilib.

Ötən tədris ilində Təhsil Kompleksinin 3 məzunu qızıl medala layiq görülüb. Təhsil müəssisəsinin məzunları hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayırlar. Əvvəlki illərin məzunları respublikamızın, eləcə də Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Ukrayna, İspaniya və digər xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alırlar.

Sonda layihədə uğur qazanan şagirdlərə sertifikat və hədiyyələr təqdim olunub.