Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 12:14:00
Bakıdakı şagirdlərin 3 elm sahəsi üzrə qazandığı biliklər qiymətləndirilib

Təhsil Nazirliyində PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri açıqlanıb.

AzEdu.az  xəbər verir ki, nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev mətbuat konfransında PİSA Proqramı haqqında ümumi məlumat verib.

O qeyd edib ki, 3 ildən bir keçirilən PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür.

Şöbə müdiri əlavə edib ki, Azərbaycanı 2018-ci ildə PİSA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 15 yaşlı 6827 şagird təmsil edib: "Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Oxuda qızlar oğlanlara nisbətdə daha yaxşı nəticə göstərirlər. Riyaziyyat sahəsi üzrə isə əksinə. Adətən ən yüksək nəticələri Şərqi Asiya ölkələri və inkişaf etmiş ölkələr əldə edir. PİSA tədqiqatlarının təhlili göstərir ki, təhsilin inkişafında nəticələrimiz əvvəlki illərə baxanda daha yaxşıdır. Bugünkü 15 yaşlı şagirdlər təxminən 10 il əvvəl məktəbə getmiş uşaqlardır. Yəni bu gün təhsillə bağlı görülən işlərin təsirini hələ PİSA təhlillərində görmürük, bu nəticələr gələcək illərdə özünü büruzə verəcək".

E.Əmrullayev məktəblərdə müəllimlərin şagirdlərə qarşı emosional münasibətinin də yüksək nəticələr əldə edilməsinə təsir etdiyini deyib: "Bakı məktəblərinin göstəriciləri bir-birindən xüsusilə fərqlənmir. Digər ölkələrdə nəzər yetirdikdə görürük ki, daha çox hər hansı bir şəhərdə bir-iki məktəb fərqlənir. Bizdə bu cür fərqlilik müəyyən edilməyib, daha çox sinif daxili fərqliliklər nəzərə çarpır".

O vurğulayıb ki, nəticələrlə bağlı gələn il milli hesabat hazırlacaq: "Növbəti qiymətləndirmə 2021-ci ildə keçiriləcək və nazirlik artıq hazırlıq prosesinə başlayıb". 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları