Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 09:52:00
Universitetlərimizin bu ərazilərə köçürülməsi çox zərərli ola bilər -SƏBƏB

Bu gün dünyanın bir çox ölkələrində ali məktəblər şəhərdən kənar ərazilərdə yerləşir.

Azərbaycanda isə bir çox ali təhsil müəssisələri məhz şəhərin mərkəz hissələrində fəaliyyət göstərir. Bu da öz növbəsində şəhərin nəqliyyat sistemində ciddi problemlərin yaranmasına gətirib çıxarır.

Bəs dünyada tətbiq olunan bu təcrübənin Azərbaycanda reallaşdırılmasına nə dərəcədə ehtiyac var?

AzEdu.az mövzuyla bağlı vaxtilə xaricdə çalışan və oradakı universitet, kampus sistemləri ilə yaxından tanış olan alimlərimizin fikirlərini öyrənib:

Bakı Dövlət Universiteti “Cəbr və Həndəsə” kafedrasının müdiri, professor Arif Səlimovun fikrincə universitetlərin şəhərkənarı ərazidə yerləşməsi çox əlverişli effekt verə bilər:

“Bu məsələyə müsbət yanaşıram. Şəhərdə nə qədər sıxlıq olduğunu hər birimiz müşahidə edirik ki, tələbələr də bundan çox əziyyət çəkirlər.

Şəhərətrafı ərazilərdə kampusların yaradılması xarici ölkələrin praktikasında da var. Uzun illər Türkiyədə çalışan biri kimi universitetlərin yerləşmə mövqeyini müşahidə etmişəm. Orada ali təhsil müəssisəsi şəhərcik tipində fəaliyyət göstərir. Belə ki, bütün iaşə obyektləri həmin şəhərdə kompakt şəkildə mövcuddur. Hətta, bu tip kampuslarda tələbələrlə yanaşı, müəllimlər də məskunlaşırlar. Həmin ərazidə kompakt  yaşam tərzi formalaşır. Bizdə də bu tip kampusların yaradılması daha effektiv nəticə verə bilər.

Yeni yaradılacaq universitet şəhərciklərinin coğrafi mövqeyi üçün uyğun  ərazi seçilməlidir. Çox ucqar ərazilərdə  bu tip kampusların yaradılması nəticə verməz. Çünki həmin ərazilərə getmək çox çətinlik yarada bilər.

Məsləhət görərdim ki, Bakı şəhərinin ətrafında olan ərazilərdə universitetlər formalaşdırılsın. Nəqliyyat problemi bu yolla həll oluna bilər. Hazırda təhsildə vəziyyət elə bir həddə çatıb ki,  asan şəkildə gediş-gəlişi təmin etmək çox vacibdir. Bunun üçün ortaq şəkildə layihə həyata keçirilməli və bütün infrastruktur üzrə tədbirlər planı təsdiq edilməlidir”.

Vaxtilə Türkiyədə çalışan daha bir riyaziyyatçı alim, professor Mahir Hüseynov söyləyib ki, universitetlərin köçürülmə məsələsi aktual olsa da. onların verdiyi təhsil daha önəmlidir:

“İlk olaraq, universitetlərin verdiyi təhsilə baxmaq lazımdır. Hazırda təhsil elə bir vəziyyət alıb ki, binaları dəyişdirmək onun keyfiyyətinə təsir etməyəcək.

Tələbələr üçün yataqxana yaradılmalı və müəllimlərin məskunlaşacağı yerlər müəyyən edilməlidir. Bunun üçün çoxlu binalar tikilməlidir.

Xarici ölkələrdə olduğu kimi bizdə də universitetlər şəhərkənarına yerləşdirilməlidir. Məsələn, İranda bütün ali təhsil müəssisələri şəhər xaricində yerləşir. Orada hər universitetin 50-yə yaxın korpusu fəaliyyət göstərir. Tələbə  və müəllimlər kampuslarda yaşayırlar. Bundan əlavə, bütün dükanlar şəhərcikdə fəaliyyət göstərir və tələbələr istədiyini ala bilmək imkanına sahibdirlər. Lakin bizdə belə şərait yoxdur. Xocahəsəndə Tibb Universitetinin bir korpusu mövcuddur və tələbələr hər gün avtobusla oraya gedib-gəlirlər.

Nəticə olaraq onu qeyd etməliyik ki, universitetlərin şəhərkənarı ərazilərdə yerləşdirilməsi tələbələrin və universitet müəllimlərinin xeyrinə bir addım olar bilər.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları