Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 09:01:00
UNEC-in bölgələrdə tanıtım aksiyası davam edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, oradakı bacarıqlı və savadlı abituriyentləri bu universitetə cəlb etmək məqsədilə ali məktəbin professor-müəllim heyətinin Azərbaycanın bölgələrinə səfərləri davam edir.

UNEC-dən AzEdu.az-a bildirilib ki, növbəti görüşlər cənub bölgəsində, həmçinin Yevlax və Balakən rayonlarında keçirilib. Biləsuvarda abituriyentlərlə görüş şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə təşkil edilib. Cəlilabadda isə Sevil Əliyeva adına 7 nömrəli tam orta məktəbdə rayonun bir neçə təhsil ocağının şagirdləri ilə görüş olub. Lənkəranda analoji tədbir Boladi kənd 1nömrəli və şəhər 10 nömrəli məktəblərdə keçirilib. Yevlax şəhərində orta məktəblərdə keçirilən görüşlərdə valideynlər də iştirak ediblər.

Nümayəndə heyəti şagirdlər qarşısında UNEC barədə təqdimatla çıxış edib. Bildirilib ki, UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə qəbul keçirilir, tədris 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparılır. Universitetdə tədris prosesi tamamilə elektronlaşdırılıb, bütün auditoriyalar elektron tribuna və proyektorlarla təchiz edilib. Beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 manat həcmində xüsusi təqaüd verilir. Həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlavə təqaüd verildiyi qeyd edilib. Şagirdlərə UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə proqramları barədə də ətraflı məlumat verilib. UNEC-in 24/7 kitabxanası, Yaradıcılıq Mərkəzi və İdman Klubunun fəaliyyətindən bəhs olunub.

Sonra şagirdlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.