Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 17:29:00
Nazir müavini xüsusi tipli internat məktəblərində olub-Fotolar

3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Bakı şəhərində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil ocağının şəraiti ilə tanış olub və dərs prosesini izləyib. Məhəbbət Vəliyeva tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyətini diqqətə çatdırıb.

Nazir müavininə məlumat verilib ki, sözügedən təhsil müəssisəsi 1967-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 18 sinif komplektində 112  nəfər şagird təlim-tərbiyə alır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra xüsusi  təhsil haqqında şəhadətnamə alırlar. Xüsusi təhsil proqramları ilə yanaşı onlar məktəbin tədris emalatxanalarında tikiş, naxış salma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Müəssisənin nəzdində ayrıca iki mərtəbəli  korpusda yerləşən reabilitasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 139 nəfər uşaq reabilitasiya xidmətinə cəlb olunub.

İnternat məktəbində uşaqların təlim tərbiyəsi ilə 55 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

 

***

 

Nazir müavini həmçinin Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyada 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə də iştirak edib. 

Məhəbbət Vəliyeva əvvəlcə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olub.

Tədbir çərçivəsində şagirdlərin ifasında maraqlı səhnələr, oyun və rəqslər nümayiş olunub, musiqi, şeir və nəğmələr səsləndirilib.

Nazir müavini internat məktəbində yaradılmış şəraitlə də tanış olub. Bildirilib ki, təhsil müəssisəsi 1996-ci ildən fəaliyyət göstərir. 2010-ci ildən məktəbdə ümumtəhsil siniflər də fəaliyyətə başlayıb. Hazırda internat məktəbində İnteqrasiya təlimli internat tipli gimnaziya 10 ümumtəhsil sinif üzrə-179 nəfər, 29 xüsusi  sinif üzrə 266 nəfər şagird təlim-tərbiyə alır. İnternat məktəbində uşaqların təlim-tərbiyəsi ilə 115 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Sonda xatirə şəkili çəkdirilib.