Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 16:15:00
2019-cu ildə vəzifəyə gələn, işdən azad edilən Təhsil Şöbə müdirləri – Siyahı və səbəblər

Bu tədris ilində rayon təhsil şöbələrinə edilən təyinatlar mediada müzakirəyə səbəb oldu. Rayon təhsil şöbələrinə yeni təyinat alan müdirlər sosial şəbəkələrdə tətbiq etdikləri yeniliklər, apardıqları islahatlarla gündəmə gəlirlər.

AzEdu.az 2019-cu ildə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Rayon Təhsil Şöbələrinə təyin olunan müdirlərin siyahısını təqdim edir:

Təyinatlardan biri Tərtər Rayon Təhsil Şöbəsinə olub. Müvafiq əmrlə bu vəzifəyə Yaşar Məhərrəmov təyin edilib. Yaşar Məhərrəmov bu təyinatadək Tərtər rayon Sarıcalı Kənd orta məktəbində direktor vəzifəsində çalışıb.

Bundan əvvəl isə Rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev olub. O, işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Yeni təyinatın edildiyi RTŞ-lər arasında Kəlbəcər də var. Bu rayonun təhsil şöbəsinə  Fazil Zeynalov gətirilib. Fazil Zeynalov  bundan öncə Kəlbəcər rayon təhsil şöbəsinin baş məsləhətçisi kimi çalışıb.

Kəlbəcər RTŞ-in əvvəlki müdiri Elmira Şükürova Təhsil naziri Ceyhun Bayramovun  əmrinə əsasən yaşa görə vəzifəsindən azad edilib. O, 2015-ci ildən bu vəzifədə çalışırdı.

Elmira Mürşüdlü  isə Tovuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib. O, bundan əvvəl rayonun Aşağı Quşçu kənd 1 saylı tam orta məktəbinin direktoru olub.

Təyinatdan bir müddət əvvəl isə Validə Hüseynova Tovuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, Oğuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Anar Məcidov təyinat alıb.  A.Məcidov 2013-cü ildən Oğuz şəhəri Emin Abdullayev adına 2 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

2019-cu ildə daha bir təyinat İmişli Rayon Təhsil Şöbəsinə olub. Müvafiq əmrlə bu vəzifəyə Ələmdar Quliyev təyin edilib. O, bu təyinatadək şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Şamaxı rayon Təhsil şöbəsinə də yeni müdir təyinatı olub. Müvafiq əmrlə bu vəzifəyə Namiq Nağıyev təyin edilib. N.Nağıyev bundan öncə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda direktor müavini vəzifəsində çalışıb.

Cəlilabad Rayon Təhsil Şöbəsinə isə Qərənfil Əhmədova gətirilib. Q.Əhmədova bu təyinata qədər şəhər 8 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışıb.

Biləsuvar Rayon Təhsil Şöbəsi də yeni təyinatla yadda qalıb. Müvafiq əmrə əsasən, Aqşin Bağırov Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, bu təyinatadək Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Murad Bayramov isə Gədəbəy rayon Təhsil Şöbəsinə müdir təyin edilib. Murad Bayramov bu təyinata qədər Gədəbəy rayon icra hakimiyyətində təlimatçı və Gədəbəy rayon Zəhmət kənd orta məktəbinin direktoru işləyib.

Təyinatdan bir neçə gün əvvəl isə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Gədəbəy rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev işdən azad edilib

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları