Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 15:31:00
Latviyada İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş tədbir keçirilib

Latviyada Riqa Klassik Gimnaziyasında görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həs edilmiş tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin fəalları, Riqa Klassik Gimnaziyasının tələbə və məzunlarının ortaq əməyi ilə reallaşan tədbirdə görkəmli şairin yaradıcılığından ilhamlanaraq bir-birindən maraqlı kompozisiyalar təqdim edilib. Gecənin təşkilatçısı və koordinatoru, uzun illər Riqada Azərbaycan dilini uğurla tədris edən Günay Əliyeva olub.

Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov çıxış edərək şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O, Nəsiminin ilk dəfə Azərbaycan dilində “Divan” yaratdığını, dilimizi zənginləşdirdiyini, ədəbiyyatımızın gələcək inkişafına Nəsimi şeirinin təsir etdiyinə nəzər salıb, görkəmli ədibin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu qeyd edib.

Nəsimin daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu deyən C.Axundov vurğulayıb ki, İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var.

Səfir söyləyib ki, ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə də şairin irsinin dərindən araşdırılması və təbliği aktual olub. Böyük mütəfəkkirin 600 illiyinin UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunduğu dövrdən etibarən Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb. Qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb. 1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəlinin ucaldılması, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında şairin vəfatının 600 illiyinin qeyd edilməsi, 2018-ci ilin sentyabrında ölkəmizdə ilk dəfə Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının təşkili bu dahi insanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlərdəndir. O qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi, böyük şairin yaradıcılığının tədqiqinə və geniş miqyasda təbliğinə güclü təkan verib.

Riqa Klassik Gimnaziyasının direktoru, Latviya Təhsil və Elm Nazirliyi nəzdində Məsləhət Şurasının sədri, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, fəlsəfə elmləri doktoru Roman Əliyev Nəsiminin fəlsəfi fikir dünyasına nəzər salıb, bir sıra Avropa mütəfəkkirləri ilə onu müqayisə edib. O, həmçinin Nəsiminin qəzəllərinin latış dilinə tərcümə olunmasının çətinliklərindən danışıb, şairin qəzəllərindən birini latış dilində oxuyub.

Sonra Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi Zümrüd Dadaşzadənin “Nəsimi obrazı bəstəkar yaradıcılığında” adlı məruzəsi dinlənilib.

Z.Dadaşzadə Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında da məlumat verib.

Nəsimi poeziyasının məzmunu və ahənginin müxtəlif üslublu (akademik musiqi, caz, rep) yaradıcı insanlar üçün cazibədar olduğunu söyləyən natiq UNESKO-da Nəsiminin 650 illik yubileyinin təntənəli surətdə keçirildiyinə və həmin tədbirin bədii hissəsinin özəlliklərinə xüsusi diqqət yetirib.

Ümumiyyətlə, tədbirdə Nəsimi şeirləri dörd dildə - Azərbaycan, latış, rus və türk dillərində ifa edilib. Gecəni azərbaycanlı tələbələr Sevinc Məmmədova və Rasim Məmmədov Azərbaycan və rus dillərində məharətlə idarə etdilər. Gimnaziyanın şagirdləri Mark Staseviç və Alyona Yefremova latış dilində Nəsiminin həyat və yaradıcılıq yolu haqqında auditoriyaya qısa məlumat veriblər. Şairin rəngarəng qəzəllər çələngini Anastasiya Moroz, Elizabet Nəsibova, Samir Əzizov təqdim ediblər.

Riqa Klassik gimnaziyasının şagird və məzunlarının təqdimatında Xalq şairi Qabilin “Nəsimi” poemasından səhnələrin sərgilənməsi xüsusi marağa səbəb olub.

Sonda gimnaziyanın direktoru, latış dilində çıxışların hazırlanmasında böyük əməyi olan R.Əliyev gecənin fəallarını xatirə hədiyyələri ilə mükafatlandırıb.

Sonra tədbir kompozisiya ilə davam edib. Ssenari müəllifi Sevinc Məmmədova olan kompozisiyada musiqi parçaları səsləndirilib, şeirlər oxunub, teatrlaşdırılmış səhnəciklər göstərilib. Nəsimi şeirləri dörd dildə - Azərbaycan, latış, rus və türk dillərində ifa olunub. (Azərtac)