Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 14:24:00
Universitetlərin şəhər kənarında yerləşməsinin hansı müsbət və mənfi tərəfləri olacaq?- TƏHLİL

Bu gün dünyanın bir çox ölkələrində ali məktəblər şəhərdən kənar ərazilərdə yerləşir.

Azərbaycanda isə bir çox ali təhsil müəssisələri məhz şəhərin mərkəz hissələrində fəaliyyət göstərir. Bu da öz növbəsində şəhərin nəqliyyat sistemində ciddi problemlərin yaranmasına gətirib çıxarır.

Bəs dünyada tətbiq olunan bu təcrübənin Azərbaycanda reallaşdırılmasına nə dərəcədə ehtiyac var?

AzEdu.az mövzuyla bağlı millət vəkillərinin fikirlərini öyrənib.

Deputat Sona Əliyeva AzEdu.az-a açıqlamasında universitetlərin şəhərdən kənardakı ərazilərə köçürülməsiylə bağlı müsbət fikirdə olduğunu səsləndirib:

“Bu, dünyanın bir çox yerlərində yaxşı təcrübə hesab olunur. Bakıda kifayət qədər nəqliyyat problemi var. Problemin yaranma səbəbləri həm məktəblər, həm də universitetlərlə bağlıdır. İctimai nəqliyyatdan istifadə etmək çox çətindir, xüsusilə də metroyla bağlı məsələ narahatedicidir. Bakı o qədər də böyük şəhər deyil ki, universitet şəhər kənarına köçürüləndə kimsə bundan əziyyət çəksin. Yaxşı olardı ki, ali məktəblər Lökbatana, Əhmədliyə və digər ərazilərə köçürülsün. Təbii ki, məsələ sadəcə universitetin köçürülməsi deyil. Onların yaxınlığında yataqxanalar da fəaliyyət göstərməlidir. Buna həm dövlət, həm də özəl sektor maraq göstərməlidir. Təklif reallaşarsa, bu, ölkə iqtisadiyyatına böyük xeyir gətirə bilər. Eyni zamanda, özəl sahibkarlığa da dəstək verilmiş olar. Özəl yataqxanaların tikilməsi ilə bağlı təşəbbüs göstərilsə, dövlət də sahibkarlara müəyyən imtiyazlar tanıya bilər. Dünyada, əsasən də Türkiyədə dövlət yataqxanalarıyla yanaşı, özəl yataqxanalar da fəaliyyət göstərir ki, burada sentyabrda belə yer tapmaq çətindir”.

Sona Əliyeva bildirib ki, dünyanın hər yerində dövlət yataqxanaları universitetin tələbatını tam ödəmir:

“Nəqliyyat sıxlığının qarşısını almaqüçün mütləq düşünmək lazımdır. Ali məktəblərdə minlərlə tələbə təhsil alır, ildən-ilə plan yerlərinin, ixtisasların sayı artırılır. Təkcə ADNSU-nun hazırda 7 minə qədər tələbəsi var. Bu baxımdan universitetlərin köçürülməsi çox yaxşı təcrübə olar. Bakı Mühəndislik Universiteti şəhərdən kənarda yerləşir deyə buraya tələbat azdırmı? Təbii ki, xeyr. Demək ki, universitetin yerləşdiyi ərazi elə bir önəm daşımır. BMU Abşerona nə qədər dəstəkdir. İstənilən halda tələbə qidalanır,alış-veriş edir, kirayə qalır və s. Düşünmürəm ki, hansısa tələbə BMU-ya gedəndə böyük əziyyət çəksin. Şəhərin ən mərkəz yerlərində çoxlu universitetlərimiz var. Doğrudur, bu ali məktəblərin gözəl tarixi binaları var. Pedaqoji Universitetə daxil olanda akademik ruh hiss edirsən, amma bu ümumilikdə şəhər sıxlığına zərər verirsə, köçürülmə mütləqdir. Parlamentdə bununla bağlı çox fikirlər səsləndirilib. Hamı  bir mənalı şəkildə düşünür ki, ali məktəbləri Bakının kənarına köçürmək lazımdır. Nəzərə alsaq ki, Bakı böyük şəhər deyil”.

Deputat Jalə Əliyevanın sözlərinə görə, dünyada tələbə şəhərciklərinin yaradılması təcrübəsi var:

“Şəhərciklər bir qayda olaraq şəhərin mərkəzindən kənarda yerləşir. Təhsilin tək əldən idarə edilməsi, tələbələrin şəhərin səs-küyündən uzaqda olması, fikrin yayınmaması, şəhərciyin tələbəyə aid olması düşüncəsinin yaranması da onlarda dərsə bağlanma meyilini artıra bilir.Köçürülmə nəqliyyat baxımından da əhəmiyyətlidir. Sadəcə dünyadakı təcrübəni izləyəndə görürük ki, həmin tələbələr bir qayda olaraq elə şəhərcikdə yaşayırlar və yataqxana ilə təmin olunurlar. Nəzərə alsaq ki,köçürülmə nəticəsində bizim tələbələrin bir hissəsi böyük bir məsafə qət etməli olacaqlar, deməli, məsələnin xüsusi tərəfləri də düşünülməlidir. Şəhərdən uzaq məsafələrə getmək üçün xüsusi nəqliyyat vasitəsi təmin edilməlidir. Təbii ki, bunların hər biri məsələnin digər tərəfləridir. Ümumi qaydada yanaşsaq, çox gözəl təklifdir”.