XƏBƏRLƏR

02.12.2019 13:28
Alimlər şagirdlərlə birlikdə tədqiqatlar aparacaq

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsinin təqdimatı keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev təhsilə göstərilən dövlət qayğısından bəhs edib, “Sabahın tədqiqatçıları” layihəsini şagirdlərin elmə marağının artırılmasında olduqca əhəmiyyətli bir addım kimi qiymətləndirib.

Naxçıvanın Təhsil naziri Rəhman Məmmədov deyib ki,  Naxçıvan rəhbərliyinin diqqəti  sayəsində muxtar respublikada təhsil infrastrukturu yenilənib, müasir tipli yeni məktəb binaları inşa edilib, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, yüksək tədris şəraiti yaradılıb. Bildirilib  ki, istər ümumtəhsil məktəblərində, istərsə də ali təhsil müəssisələrindəki şərait “Sabahın tədqiqatçıları” layihəsinin  tətbiqinə geniş imkan yaradır.

Nazirin sözlərinə görə, layihənin əsas məqsədi ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi- tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir.

Qeyd olunub ki,  Naxçıvan Bölməsi ilə birgə həyata keçirilən layihə çərçivəsində bölmənin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürəcək, onlarla birgə müəyyən edilmiş istiqamətlərdə  fərdi və ya kollektiv şəkildə tədqiqatlar aparacaqlar. Həmçinin, müsabiqə və yarışlar, elmi-təcrübi konfrans və seminarlar keçiriləcək; həmin elmi tədqiqatların nəticələrindən ibarət sərgilər də təşkil olunacaq; bu yolla şagirdlərin tədqiqatçılıq bacarıqları inkişaf etdiriləcək, bütün bunlar onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmələrində rol oynayacaq.

İlin gənc müəllimi-Müraciət formu