Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 12:18:00
Breyn-rinq bilik yarışına start verilib

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilib.

Bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.

Yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin “Kiçik Akademiya” üzvlərindən ibarət komandaları iştirak edib.

Bilik yarışının “Qarabağ Azərbaycandır!" devizi altında təşkil olunmuş ilk mərhələsində komandalar Azərbaycan tarixi, Qarabağ tarixi və ümumi dünyagörüşü üzrə biliklərini sınaqdan keçiriblər. Mərhələnin sonunda 76 nömrəli tam orta məktəbin komandası 13 xal toplayaraq digər komandalardan üstün olub.

Qeyd edək ki, “Gənc istedadlar” breyn-rinq bilik yarışının hər ay keçirilməsi planlaşdırılır. Yarışın bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq sonda qalib məktəb seçiləcək.