XƏBƏRLƏR

02.12.2019 11:20
“Hansı məktəbdə istilik problemi varsa, müraciət etsin, tədbir görək” - “Azəristiliktəchizat”

“Fərdi istilik sistemləri olmayan məktəb və bağçalar “Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin olunur. Onların heç bir istilik problemi yoxdur”.

AzEdu.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında bəzi məktəb və bağçaların istilik problemi barədə şikayətlərinə münasibət bildirərkən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O, qeyd edib ki, ölkə üzrə 290 məktəb, 160 bağça “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin edilir:

“Bu günə qədər istilik problemi, istiliyin zəif olması və ya olmaması ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən və ya hansısa məktəbdən bizə müraciət daxil olmayıb. Müraciət olduğu halda araşdıra bilərik. Məktəblərin istilik təminatı xərcləri BŞTİ və “Azəristiliktəchizat” arasında bağlanan müqavilə hesabına həyata keçirilir. Yenə qeyd edirəm, “Azəristiliktəchizat”ın hesabında olan məktəblərin heç birində istilik problemləri yoxdur. Kimdə problem varsa, müraciət etsin, araşdıraq, tədbir görək. Amma onlar müraciət etməsə də, bizə hər bir qazanxanadan məlumat gəlir. Hər iki saatdan bir qazanxanaların rejimi barədə məlumat alırıq. Heç bir qazanxanada problem yoxdur”.

İlin gənc müəllimi-Müraciət formu