Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 10:09:00
BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçirilib

Bakı Dövlət Universitetində (BDU) “Məktəblilərarası Astronomiya Olimpiadası” öz işinə başlayıb.

AzEdu.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev, AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadaya qatılan 150-yə yaxın IX-X sinif şagirdlərini salamlayaraq öz bilik və bacarıqlarını nümayiş etdirmək istiqamətində onlara uğurlar arzulayıblar.

Çıxışlarda qeyd olunub ki, “Məktəblilərarası Astronomiya Olimpiadası”nın əsas məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın geniş yerə sahib olması üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

"Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi Abdullah Bazarov olimpiadanın şərtləri, təqdim edilən suallar barədə ümumi məlumat verdikdən sonra “Kainatın yaradılması və təkamülü: zamana səyahət” adlı elmi-kütləvi film nümayiş olunub.

Qeyd edək ki, Bakı Dövlət Universiteti, Respublika Uşaq Gəncklər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun təşkilatçılığı ilə reallaşan “Məktəblilərarası Astronomiya Olimpiadası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçirilib.

Olimpiadanım qalibləri sertifikat və hədiyyələrlə mükafatlandırılacaqlar.