Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-02 09:36:00
“Bakıdakı universitetlər bu rayonlara köçürülsün” – Təkliflər

Dünyanın bir çox ölkələrində universitet  və iri təhsil müəssisələri yalnız paytaxtda deyil, bölgələrdə də fəaliyyət göstərir.

Universitetlərin bölgələrdə  də fəaliyyət göstərməsi regionların inkişafına da təkan göstərən amillərdən biridir.

Amma Azərbaycanda demək olar ki, bütün universitetlər paytaxt Bakıda yerləşir.

“Hazırda insanlarda elə təsəvvür var ki, Azərbaycan sanki paytaxt Bakıdan ibarətdir. Buna görə də Azərbaycanın qərb rayonlarında da universitetlər köçürülərək tələbə şəhərciyi salınsa yaxşı olar”

Bu sözləri AzEdu.az-a Almaniyanın Mayns Universitetinin professoru Pərvanə Hacıyeva deyib. 

“İnfrastruktur cəhətdən zəif olan bölgələri  tələbə şəhərciyi kimi formalaşdırmaq olar. Məsələn, Azərbaycanın qərb rayonlarına universitetlərin  köçürülərək tələbə şəhərciyi salınsa yaxşı olar. Amma bunun mümkün olması üçün böyük investisiya lazımdır.  Çünki təhsil alanların tələbə həyatının maraqlı olması üçün hər bir şərait və infrastruktur yaradılmalıdır. Turizm yüksək olan bölgələr məsələn, şimal rayonları  Quba, Qax tələbələr üçün çox bahalı ola bilər.

Universitetlərin Bakı ətrafı kəndlərə də köçürülməsi mümkündür. Fikrimcə, bu paytaxtı daha da böyüdüb, genişləndirə bilər. Hazırda insanlarda elə təsəvvür var ki, Azərbaycan sanki paytaxtdan ibarətdir. Yüzlərlə gəncin  bölgələrdəki universitetlərdə təhsil alması, bu səhnəni dəyişə bilər".

 İngiltərənin “Queen Mary” Universiteti və  London Universitet Kollecinin məzunu, Türkiyənin “TRT World” kanalının siyasi təhlilçisi, araşdırmaçı Turan Qafarlı bildirib ki, universitetlər  respublikanın böyük şəhərlərində də fəaliyyət göstərməlidir:

“Azərbaycanın Qəbələ və Gəncə  kimi rayonlarında tələbə şəhərciyinin salınması ola bilər. Hər iki rayonun Gürcüstan və Türkiyəyə yaxınlığı, aeroportlarının olması tələbələrin beynəlxalq aləmə də açılmalarını asanlaşdırır. Ancaq fikrimcə, universitetlər böyük şəhərlərdə olmalıdır ki, tələbələrdə oradakı infrastrukturlardan faydalana bilsinlər. Elə buna görə də, şəhərlərdə öncə infrastrukturu düzəltmək lazımdır. Tələbə əgər əylənə və gəzə bilmirsə ətrafında  çox konservativ mühit varsa təhsil aldığı bölgə universitetindən sıxılıb Bakıya qayıdacaq. Bunun üçün mütləq universitetlərin köçürüləcəyi yerlər ən azı Bakı qədər cəlbedici olmalıdır. Bundan əlavə orada iş imkanları da olmalıdır ki, tələbələr  həm də “part time” işləyə bilsinlər. Bir sözlə tələbə  üçün regionlarda Bakıya ehtiyacı olmayacaq mühit yaratmaq lazımdır”.

Turan Qafarlı universitetlərin Bakıətrafı kəndlərə köçürülməsi məsələsinə də toxunub:

“Düşünmürəm ki, universitetlərimizin Bakı ətrafı kəndlərə köçürülməsinə  zəruriyyət var.

Universitetlərimiz Bakı ətrafı kəndlərdə yerləşsə belə  tələbələr şəhərin mərkəzində ailələriylə birlikdə yaşayacaqlar. Yəni tələbələr Bakının mərkəzindən şəhərətrafı kəndlərə oxumaq üçün gəlib-gedəcəklər. Elə buna görə də Bakının mərkəzində yenə də sıxlıqlar, tıxaclar və məhdudiyyətlər olacaq.  Buna  Sumqayıtın yollarındakı tıxacı nümunə göstərmək olar. Bakı kəndlərinin infrastrukturu yetərli olmasıyla bərabər həmçinin oradakı həyat tərzi də pozula bilər. Çünki Bakı kəndləri adətən bağlar üçün istifadə olunur. Universitetlərin kəndlərə köçməsiylə oradakı bağ adət-ənənəsinin də  sonu ola bilər”.   

Şeffild Universiteti və London İqtisad Məktəbinin məzunu, Azərbaycan Elm Assosiyasiyasının (ASA) həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazovun sözlərinə görə, universitetlərin bölgələrdə olması ən azından sənayenin inkişafına da səbəb ola bilər:

“Tələbələrin bölgələrdə yerləşən universitetlərdə təhsil almasıyla nəqliyyat, qida sektoru yataqxanalara da müsbət təsir göstərə bilər. Yataqxana böyük gəlir əldə edən biznesdir. Hazırda Bakıdan kənarda azsaylı bir neçə universitetlər var. Sadəcə təklif edərdim ki, bölgələrə universitetlər köçürülmədən öncə ciddi araşdırılma aparılsın. Statistik məlumatlar analiz əsasında araşdırmalar aparılmalıdır ki, Bakıda təhsil alanlar əsasən ən çox hansı rayonlardandır. Bu suala cavab tapdıqdan sonra hökumətin bir qurumu birləşib yəqin ki,  komissiya yaratmalıdır. Komissiyanın təklifləriylə apardığı  araşdırma nəticəsində müəyyən edilməlidir ki,  məsələn əgər Bakıda  təhsil alanların dördə biri şimal rayonlarındadırsa deməli həmin bölgədə universitetin açılmasına zəruriyyət var. Yalnız araşdırma aparıldıqdan sonra bunun əsasında fikir söyləmək olar.  Əgər bu gün  hökumət qərar versə ki məsələn, Tibb Universiteti kimi  böyük ali təhsil müəssisəsi Qəbələyə və ya  Lənkərana köçürülsün  əminəm ki, bu razılıqdan daha çox narazılığa səbəb olar. Bakının yükünün azaldılması əvəzinə çoxsaylı problemlər ortaya çıxarıla bilər. Buna da qətiyyən ehtiyac yoxdur. Əgər iri universitetləri bir neçə filialı böyük rayonlarda açılsa  həmin bölgələrdə sənayenin  inkişafına töhfə olacaq. Xaricdə təhsil aldığım təcrübə əsasında deyirəm ki, əgər nə qədər tələbə öz doğulduğu yerdə oxusa həmin bölgələr daima inkişafda qalacaq. Çünki təhsilə sərf olunan xərclər rayonun inkişafına da töhfə verəcək. 

 Fikrimcə, Quba, Gəncə, Lənkəran, Yevlax, Qəbələ və Şəkidə universitetlərin sayları artırılmalıdır ki, həmin onsuzda müəyyən qədər inkişaf ediblər”. 

Cənubu Koreyanın Hankuk Xarici Dillər Universitetinin məzunu, Xəzər Universitetinin müəllimi Sevinc İskəndərova, universitetlətin şəhərdən kənara köçürülməsini mühüm addım olduğunu bildirib:

“Dünya ölkələrinin təcrübələrindən də görmək mümkündür ki, ən nüfuzlu universitetlər bölgələr və ya paytaxtdan 40-50 dəqiqə kənar ərazilərdə yerləşdirilib. Beləliklə nəinki paytaxtdakı sıxlıq azalır, həmçinin də tələbələr əsl kampus həyatı yaşamaq imkanı əldə edirlər. Məncə Azərbaycanda da belə bir sistemi qurmaq elə də çətin deyil. Belə ki, Bakıdan çox da uzaq olmayan, ətraf mühitini də nəzərə alsaq Nabran, Şabran və ya Xaçmaz kimi ərazilərdə universitetlər yerləşdirilsə yaxşı olar. Tələbə şəhərciyi dedikdə ilk növbədə böyük kampus, universitet əsaslı müəyyən aktivitiləri həyata keçirmək ağıla gəlir. Ona görə də şəhərin mərkəzi deyil, şəhərdən 1-1.5 saat kənarda yerləşən bölgələr nəzərə alınmalıdır. Təbii ki, çoxlarımız belə təklifləri eşidəndə  Bakıda yaşamağımızı nəzərə alaraq ilk növbədə qarşımızda vaxt və nəqliyyatı problem kimi görəcəyik. Lakin xaricdə də olduğu kimi, universitet kampuslarına aparıb-gətirən avtobuslar bu məsələni kökündən həll edə bilər. Bakının bir hissəsindən digər hissəsinə gedərkən ictimai nəqliyyat vasitəsi ilə təkcə bir günə 1-2 saatımız yollarda keçir. Ona görə də məncə universitetin özünün kampus avtobusu olarsa və bu təhsil müəssisəsi tərəfindən xidmət kimi pulsuz təşkil edilərsə, yuxarıda qeyd etdiyim məsələ də artıq problemə çevrilməz”.

Sevinc İskəndərova  təhsil aldığı Cənubi Koreya universitetlərindən də nümunələr gətirib:

“Özüm təhsil aldığım Cənubi Koreya universitetlərindən də misal gətirmək istərdim. Belə ki, Koreyada hər bölgə və ya vilayət üzrə texnoparklar mövcuddur. Bu texnoparklar tələbə şəhərciyinin qurulmasında başlıca rol oynayırlar. Təkcə universitet kampusu deyil, həmin universitet ətrafında tələbələrin gündəlik ehtiyaclarını qarşılayacaq və universitet həyatında rəng qatacaq bir çox yerlər açılır. Bu yerlərə tələbələrin produktiv şəkildə vaxt keçirəcəkləri  “study café” deyilən dərs oxumaqları üçün xüsusi kafelər, restoranlar, kitab mərkəzləri, evə getmədən asanlıqla tapşırıqlarını edə biləcəkləri internet mərkəzləri, eləcə də restoranlar, “shoping” mərkəzləri daxildir. Məncə Azərbaycanda da bu tipli tələbə şəhərcikləri təşkil edilsə tələbə həyatı daha yadda qalan və produktiv keçirilə bilər”.

  

Günel Yaşarqızı
Müəllifin digər yazıları