Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-01 15:20:00
FHN məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirib 

Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə Əlaqə İdarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu 46 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

AzEdu.az-ın məlumatına görə, FHN-in müvafiq canlı qüvvə, texnika və avadanlıqlarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəb kollektivinə yanğın təhlükəsizliyi qaydalarının, o cümlədən yanğın zamanı təxliyə qaydalarının aşılanması olub.

Təlimdən əvvəl məktəb heyətinə yanğın təhlükəsizliyinə, eləcə də yanğın zamanı təxliyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib.

Təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb.

Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Təlimdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin nümayəndələri də iştirak edib.(Apa.az)