Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-30 11:58:00
Məktəblilər üçün “Robototexnika” kursları yekunlaşdı

Zirə qəsəbəsi N.Yaqubov adına 120 saylı tam orta məktəbdə keçirilən ödənişsiz “Robototexnika” kursları yekunlaşıb.

AzEdu.az  xəbər verir ki, 24 nəfər şagirdin cəlb olunduğu kurslarının təşkilində məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağının  artırılması, texnologiya mühəndisliyi ixtisaslarının təbliği, robototexnika mühəndisliyinə marağı olan şagirdlərə robototexnika üzrə prototiplər hazırlanmaq,  sınaqlar keçirmək imkanı yaratmaqla bağlı  baza bilik və bacarıqlar formalaşdırmaq idi.

Həyata keçirilən kurs barədə məlumat verən layihə rəhbəri Gülnaz Zeynalova bildirib ki, kurslara 24 şagird cəlb edilib: "İcra etdiyimiz “Robototexnika” laboratoriyasının yaradılması” layihəsi iki orta ümumtəhsil məktəbini əhatə edib. Layihənin benefiasiarları Zirə qəsəbəsi  N.Yaqubov adına 120 saylı  və 241 saylı tam orta məktəblərdə təhsil  alan  şagirdlər oldu.  Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində icra edilən layihə 4 ay müddətində həyata keçirildi. Ödənişsiz “Robototexnika” kurslarında iştirak üçün 50-yə yaxın müraciət vardı. Aparılan seçim turundan sonra bu sahəyə maraqlı olan  24 nəfər seçildi. Kurslar hər birində 12 nəfər olmaqla iki qrupda aparıldı. Kurslarda iştirakçılara legoların yığılması, proqram təminatı, kompüter proqramlaşdırılması, dizayn və şəbəkə işi,  robotların yaradılması, robotların iş prinsipi ilə bağlı məlumat verilib. Şagirdlər muxtəlif robotların proqramlaşdırılması sahəsində ilkin bilik və bacarıqlara yiyələniblər. Kursları cari tədris ilinin sonunadək öz imkanlarımız hesabına davam etdirməyi düşünürük".

G.Zeynalovanın sözlərinə görə, kurs iştirakçılaının Fizika, riyaziyyat və informatika təmayüllü liseyə ekskursiyası təşkil edilib: "Ekskursiya zamanı kurs iştirakçıları bu təhsil ocağında oxuyan, yerli və beynəlxalq  olimpiadalarda uğur qazanan informatika və robototexnikaya marağı olan şagirdlərlə fikir mübadiləsi aparıb. Həmçinin, şagirdlər orada olan əyani vəsaitlərlə tanış olublar".

G.Zeynalova bildirib ki, layihə çərçivəsində  alınan legolardan uzun illər məktəb şagirdləri istifadə edə biləcək.