Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 16:38:00
Summativ qiymətləndirməyə çətinlik dərəcəsinə görə nə qədər vaxt ayrılmalıdır? -Cavab

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişikliklər müəllimlərdə xeyli suallar yaratdı. Orta ümumtəhsil müəssisələrində yarımil sonu yaxınlaşdığına görə eyni məsələlər indi də aktuallığını saxlayır.

Hazırda müəllim, valideyn və şagirdlərin maraqlandığı məqamlardan biri də summativ qiymətləndirmələrin nə vaxt və nə qədər müddət ərzində keçirilməsi ilə bağlıdır.

Bəzən məktəblilər çətinlik səviyyəsi yüksək olan tapşırıqlara görə az vaxt verilməsindən gileylənirlər.

AzEdu.az məlumat verir ki, summativ qiymətləndirmələrlə bağlı bütün təlimatlar “Təhsilalanların attestasiyası qaydaları”nda əks olunub.

Qaydalara görə, hər fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində isə 45-90 dəqiqə ərzində aparılır.

Hər fənn üzrə kiçik summativ qiymətləndirmə isə həmin fənnin tədris olunduğu 1 dərs saatı ərzində keçirilir.

Kiçik summativ qiymətləndirmə II-XI siniflərdə bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır.

Hər fənn üzrə kiçik summativ qiymətləndirmələrin aparılacağı tarix haqqında məlumatı tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi şagirdlərə elan etməlidir.

Böyük summativ qiymətləndirmə isə ümumi təhsil müəssisəsinin rəhbərliyi tərəfindən hər yarımilin sonunda aparılır.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I sinif istisna olmaqla bütün siniflər üzrə KSQ keçirilir.

BSQ IV, IX və XI siniflərində bütün fənlər üzrə, V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə aparılır.

Lisey və gimnaziyalarda, eləcə də təmayülləşmənin tətbiq olunduğu siniflərdə isə summativ qiymətləndirmənin keçirildiyi fənlər fərqlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları