XƏBƏRLƏR

29.11.2019 15:56
Magistraturaya qəbulda II mərhələnin  ləğvi nələri dəyişəcək?-Narahatlıq və təkliflər

Tələbələr arasında yayılan məlumata görə 2020-ci ildə magistraturaya qəbulun II mərhələsi ləğv olunacaq.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a qəbul qaydalarında dəyişikliklərin ediləcəyi və təkliflərin müzakirə mərhələsində olduğu bildirilib.

Bəs ekspertlər magistraturaya qəbul imtahanlarında hansı dəyişikliklərin edilməsinin tərəfdarıdır?

Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhman Məmmədov AzEdu.az-a açıqlamasında bildirib ki, magistraturaya qəbulunun II mərhələsinin ləğv olunması imtahanın sadəcə birinci mərhələdən ibarət olacağı mənasına gəlmir:

“Fikrimcə, ixtisas imtahanı qalmalıdır. Türkiyədə magistraturaya qəbul olmaq üçün tələbələr ALES akademik imtahanı verirlər. Bu zaman tələbənin biliyini məntiq və riyaziyyatdan yoxlamaq kifayət edir. Bizdə də yeniliyi bu tipli etmək istəmiş ola bilərlər. Ancaq ixtisas imtahanı olmadan belə formatın uyğun olmayacağını düşünürəm”.

Bəhman Məmmədov qeyd edib ki, birinci turda məntiqdən ifrat dərəcədə çətin və lazımsız sualların salınmasına heç bir ehtiyac yoxdur:

“Doktoranturaya qəbulda informatika ləğv olundu. Magistraturaya qəbulda da bu fənnin suallarına cavab vermək üçün mövzuları sadəcə quru-quru əzbərləmək məcburiyyətindəsən. Bu fənnin başqa heç bir müsbət tərəfini görmədim.

Qəbul qaydalarında dəyişiklik olunursa, bu zaman magistraturanın daxili proqramı da nəzərə alınmalıdır. Tələbə həqiqətən də  iki ildə nəyisə öyrəndiyini bilməlidir, yoxsa bu müddəti vaxt itkisi kimi dəyərləndirilə bilər.

Bundan əlavə, magistraturada oxuyan tələbəyə ingilis dili bu səviyyədə harada lazım olacaq? Bu fənnin suallarını imtahana ifrat çətin səviyyədə salmağa ehtiyac yoxdur. Qısacası, imtahanının I və II mərhələsini birləşdirib ortaq məxrəcə gəlmək olar. Xüsusilə də qəbul may ayında keçirilsə tələbələr üçün daha faydalı olar”.

"Master N1" kurslarının ingilis dili müəllimi Bəhruz Alməmmədov bəzi ixtisasları saxlamaq şərti ilə II mərhələnin ləğv olunmasının tərəfdarıdır:

“İxtisasını dəyişmək istəyən tələbə sayı olduqca çox olduğuna görə həmin proqramları saxlayıb, digərlərini ləğv etsələr daha yaxşı olar. Ancaq  bəzi mənbələrdə ikinci turda tələbənin bal ortalamasının əsas götürüləcəyini eşitmişəm. Bu çox səhv addım olacaq deyə düşünürəm. Çünki universitetlərdə hələ də rüşvət kimi halların az da olsa qaldığını düşünsək, bu belə hadisələrin sayını daha da  artıracaq”.

Bəhruz Alməmmədov təklif edir ki, gələn ildən məntiqi saxlayıb informatika və ingilis dilindən  test tapşırıqlarını ləğv etsələr daha yaxşı olar:

“İngilis dili və informatikadan sertifikatlı imtahan təşkil etsələr ( pratik) faydalı olar. İELTS formatında imtahanının tətbiqi xaricə axını artıra bilər, lakin nisbətən aşağı səviyyəli imtahan keçirilsə, hər kəsin bu pillədə oxumaq şansı artar”.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu