Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 12:50:00
Səfir: "Fransız dilinin Azərbaycanda inkişaf etməsi üçün səylərimizi əsirgəməyəcəyik"  

"Fransız dilinin Azərbaycanda tədrisi, inkişafına görə Azərbaycan hökumətinə təşəkkür edirəm".

AzEdu.az-ın məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan Dillər Universitetində Beynəlxalq fransız dili müəllimlərinin peşə gününə həsr olunan tədbirdə deyib.

Səfir fransız dili müəllimlərinə də təşəkkür edərək bildirib ki, onlar bu dili seçməklə Azərbaycanla yanaşı həm də Fransaya xidmət etmiş olurlar:

 "Fransa Prezidenti Emmanuel Makron 20 mart 2018-ci ildə Fransa Akademiyasında çıxışı zamanı əsas diqqəti dünyada fransız dili və çoxdillilik məsələsinə yönəldib. Prezident həmin nitqində qeyd edib ki, dünyada 270 milyon insan bu dildə danışır və fransız dili ölkənin özündən çox hüdudlarından kənarda danışılır. Fransız dili dünyada ən çox danışılan 5-ci dildir".

Z. Qrossun bildirdiyinə görə, amma qarşıya məqsəd qoyulub ki, 2050-ci ilə qədər fransız dilinin mövqeyi daha da möhkəmlənsin və dünyada ən çox danışılan 3-cü dil səviyyəsinə qalxsın:

"Bütün bu nəticələri əldə etmək üçün əsasən 3 aspektdən olmaqla bir sıra tədbirlər planı hazırlanıb. Tədbirlər planında əsasən fransız dilinin öyrədilməsi, kommunikasiya-ünsiyyət və yaradıcılıq yer tutur. Fransız dilinin tədrisini daha çox təbliğ etmək üçün ilk növbədə müəllimlik peşəsini qiymətləndirməliyik. Bu səbəbdən də 28 noyabr tarixi bütün dünyada Beynəlxalq Fransız dili müəllimləri günü qeyd edilir". 

Səfir bildirib ki, Fransa dilinin tədrisini yüksək səviyyəyə qaldırmaq üçün eyni zamanda, fransızdilli liseylər şəbəkəsinin sayını artırmaq hədəfdədir:

"Fransızsayağı təhsil modeli hələ ki, Azərbaycanda mövcud deyil. Bu təhsil modeli hələlik 2020-ci ildən etibarən Fransanın bəzi pilot məktəblərində tədris oluna bilər. Eyni zamanda, hesab edirik ki, digər məktəblərdə, intensiv sürətdə fransız dilinin öyrənildiyi təhsil müəssisələrində də belə bir təhsil modelinin tətbiqi labüddür. Bu zaman qeyri-dil fənlərindən biri də fransız dilində tədris oluna bilər, burada riyaziyyat və coğrafiya fənni haqqında danışa bilərik. Universitetlərlə bağlı məsələyə gəldikdə isə Fransa Prezidenti xarici tələbələrin sayının 2 dəfəyə qədər artırılmasını və Fransa ali məktəblərinin beynəlmiləlləşdirilməsini qarşıya məqsəd qoyub. Bu zaman həm də müştərək qurumların sayını 2 dəfəyə qədər artırmaq hədəf kimi göstərilib".

Z. Qross bildirib ki,  Fransız-Azərbaycan Universitetinin fəaliyyət göstərməsi Azərbaycanın digər universitetləri ilə əməkdaşlığa stimul verir:

"Bizim belə bir məqsədimiz var ki, təhsillərini Fransada davam etdirmək niyyətində olan azərbaycanlı tələbələrin sayını əhəmiyyətli dərəcədə artıraq. İstənilən dili, o cümlədən fransız dilini öyrənmək üçün ünsiyyət olmasa bunun mənası olmaz. Fransız dilinin ünsiyyət və mübadilə dili olması üçün bu vacibdir. Beynəlxalq təşkilatlarda, biznes sahəsində, mətbuat və internet məkanında fransız dilinin yerinin möhkəmləndirilməsi labüddür. Bu gün internet məkanında müəyyən mənbələrə daxil olmaq üçün ingilis dili ilə yanaşı fransız dili də geniş imkanlar yaradır. Ona görə də Fransa dilinin daha çox tədrisi və tərcümənin inkişafı baxımında internetə çoxlu sayda resurs qoyulub. Eyni zamanda, dünyadakı bütün fransız dili müəllimləri üçün sosial şəbəkə yaradılıb. Bu şəbəkənin yaradılmasında əsas məqsəd müəllimlər arasında təcrübə mübadiləsi yaratmaqdır.

İstəyirik ki, bu şəbəkə Azərbaycanda da geniş yayılsın". 

Səfir qeyd edib ki, fransız dili hələ də yaradıcılıq dili olaraq qalmaqdadır:

"Əgər bu gün fransız dili Azərbaycanda əhəmiyyətli yer tutursa, bu, müəllimlərin sayəsində olub. Ona görə də istəyirik ki, müəyyən sahələrdə fransız dili müəllimlərinə dəstək olaq. Bu baxımdan Azərbaycanın Təhsil Nazirliyi ilə yaxından əməkdaşlıq etməyi planlaşdırırıq. Eyni zamanda, burada universitetlərin də dəstəyini unutmaq olmaz. Bundan sonra da fransız dilinin Azərbaycanda inkişaf etməsi və yayılması üçün səylərimizi əsirgəməyəcəyik". (Apa)