Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 12:18:00
Müəllimlərinin and içdiyi, fərqli sinifli məktəbin direktoru: “Almanlar dedi ki, bunları tətbiq edin”

 

Bakı Şəhəri 138 nömrəli tam orta məktəbdə hər tədris ilinin başlanğıcında yeni işə qəbul olunmuş müəllimlərin andiçmə mərasimi keçirilir. Bu il keçirilən andiçmə mərasimi mediada xeyli maraq qazana bildi. Bu, müəllimlərin motivasiyası, öz öhdəliklərini daha ciddi şəkildə dərs etməsi baxımından müsbət addım kimi qiymətləndirildi.

Mövzu ilə bağlı AzEdu.az-a danışan 138 nömrəli tam orta məktəbin direktoru  Mirfaiq Mirheydərli bildirib ki, mərasim Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarı ilə təsdiqlənmiş “Müəllimlərin etik davranış Qaydaları”nın “Müəllim andı” adlı 5-ci bəndinə əsasən təşkil olunur:

“Etik davranış qaydaları tam oxuyanlar bilirlər ki, orada cəmiyyəti, valideynləri, məktəb icmasını narahat edən xeyli məsələlər ciddi şəkildə vurğulanıb. Bu, idarəedicilər üçün olduqca vacib sənəddir. Əvvəl bu və ya digər tədbirlər görülə bilmir, uzun–uzadı sənədləşmə aparmaq tələb olunurdu. Buna görə də məktəblərdə əmək intizamını pozan, etik qaydalara riayət etməyən müəllimlərlə mübarizə aparmaq mümkün olmurdu. Amma həmin əmrdən sonra bu istiqamətdə dönüş yaranıb. Etik qaydaları həm məktəbin görüntülü guşəsində yerləşdirmiş, həm də müəllimləri onunla tanış etmişik. Bu, Əmək Məcəlləsinin əmək münasibətləri ilə bağlı maddələrinə əsaslanan və məsələyə pedaqoji istiqamətdən yanaşan sənəddir. Hələ əmr veriləndə bu sənədlə tanış olmuş, sırf andiçmə ilə bağlı maddəni yadda saxlamışdım. Bu il işə qəbul olunan müəllimlərlə belə bir mərasim keçirə bildik”.

Müəllimlərin mərasimə reaksiyasına gəlincə isə direktor bildirib ki, andiçmədə yalnız işə yeni qəbul olunanlar deyil, digər müəllimlər də iştirak edirlər:

“Onların andiçməyə necə həvəslə baxdıqlarını görürəm. Sanki üzlərindən “kaş biz də belə təmtəraqla qarşılanar, and içərdik” hissləri oxunur.

Andiçmə müəllimlərim etik davranış qaydalarının bir hissəsində verilib. Adətən, o, qısa, lakonik olur. Bu baxımdan andiçmə əsas istiqamətləri rəhbər tutur. Onu bir qədər genişləndirib daha detallı etsək, həmin effekti verməz. Bu baxımdan düşünürəm ki, həmin bənddə qeyd edilənlər kifayətdir. Amma etik davranış qaydalarının andiçmədən başqa da qabartdığı, müəllimlərin üzərinə qoyduğu xeyli öhdəliklər var.

Fikrimcə, əvvəllər  əmək münasibətlərində olan mübahisəli, vaxtaparıcı şeylər aradan qaldırılıb. Bu, işə xeyli müsbət təsir göstərib. Andiçmənin müddəalarını pedaqoqlar hazırlayıblar. Düşünürəm ki, indiki etik qaydalar bunun üçün kifayət edir. Çünki qaydalarda bütün hallara uyğun situasiyalar nəzərdə tutulub”.

“Almanlar dedilər ki, burada gördüklərinizdən öz modelinizi yaradaraq tətbiq edin”

Mirfaiq müəllimin direktorluq etdiyi məktəb yalnız müəllimlərin andiçməsi ilə deyil, həm də inklüziv təhsilin yüksək şəkildə əcnəbi təcrübələrə əsaslanaraq tətbiq edilməsi ilə məşhurdur. Direktorun dediyinə görə, 5 ildir, məktəbdə inkluziv təhsil verilir:

“Bu proses respublikada əvvəlcə 2, sonra isə 4 məktəbdə həyata keçirilməyə başlayıb. Proses Təhsil Nazirliyi və UNİCEF-in əməkdaşlığı ilə reallaşmağa başladı. Bir neçə müəllimi ölkəmizdə alman mütəxəssislərin keçdikləri təlimlərə cəlb etdikdən sonra, Almaniyaya göndərdilər. H. Heine adına ibtidai inkluziv məktəbdə təcrübə keçdik. Orada çox şey öyrəndim. Mütəxəssislər bizə dedilər ki, burada gördüklərinizdən öz modelinizi yaradaraq tətbiq edin.

Qayıdandan sonra şagirdlər seçildi və prosesin tətbiqinə başladıq. Hazırda məktəbimizdə 20 şagird inkluziv siniflərdə təhsil alır. Onun nəticəsi barədə indidən qəti söz demək olmasa da, proqnoz vermək mümkündür ki, atipik və tipik uşaqların birgə təhsili adaptasiya prosesinə müsbət təsir göstərəcək”.

“Kökdən gələn düşüncələrimiz inkluziv təhsilə təkan verən baxışlardır”

Mirfaiq müəllim əvvəllər ölkəmizdə bu sahədə mütəxəssislərin olmamasını da prosesə təsir göstərən amil kimi qiymətləndirib:

“İndiki müəllimlərin çoxu SSRİ təhsilini görənlərdir. Biz oxuduğumuz dönəmdə inkluziv təhsil sahəsində mütəxəssislər hazırlanmayıb. Biz isə təlimlərdən keçmişik. Bu təlimlər indi də davam edir.

Təlimlər olmasa belə, milli, kökdən gələn düşüncələrimiz inkluziv təhsilə təkan verən yaxın baxışlardır. Sadəcə problem onların təhsilə gətirilməsi, bu ənənələrin necə sistemləşdirilməsində idi, bunu bilmirdik. Amma təlimlərdən sonra sistemləşdirə bildik. Artıq belə tip şagirdlərlə işləyə bilirik. Milli xarakterimizdə bu uşaqlarla işləməyimizə kömək edəcək yetərincə dəyərlər var. Sadəcə milli dəyərlərimizi təhsilə tətbiq etməyi öyrəndim. Bu baxımdan, fikrimcə, əcnəbi təcrübəyə azərbaycanlılar daha tez yiyələnə bilirlər. Çünki müəllimlərimizdə inkluziv təhsil üçün vacib olan ənənələr var. Sadəcə onları sistemə gətirmək lazım idi”.

O, alman təcrübəsində gördüyü bir sıra praktiki məsələlər də toxunub:

“Alman təcrübəsində ən çox xoşuma gələn Fiziki tərbiyə dərslərində uşaqlarla iş oldu. Təcrübədən sonra aladım ki, bizdəki TOPs proqramın onların ümumtəhsil məktəblərinin inkluziv siniflərinə keçdikləri Fiziki tərbiyə dərslərinə daha yaxındır. Düzdür, onların şərait, imkanları bu və ya digər proqramın həyata keçirilməsini daha real edir. Amma hər halda bu məsələləri həyata keçirməyə çalışırıq. Fiziki tərbiyə dərsindəki yanaşmalar birbaşa uşaqların təlim nailiyyətlərin təsir göstərir.

Məsələn, Almaniyada belə dərslərdən birini təsvir edim: Uşaqlar ayaqlarını uzadaraq yerdə oturublar.  Bir top var və onu bir – birilərinə ötürürlər. Onlarla birgə sağlam uşaqlar da əyləşib. Bəlkə də başqa situasiyada inluziv təhsil alan şagird topla necə davranacağını bilməzdi. Amma o bunu görür və tətbiq edirdi. Bu, diqqətin obyektə yönəlməsi idi. Burada söhbət yalnız fiziki hərəkətlərin yerinə yetirilməsindən getmir. Dolayısı ilə müəllim inkluziv təhsilin qarşısında duran nəzəri məsələləri də həyata keçirmiş olur.

Bundan əlavə, inkluziv təhsil alan şagirdlərin vasitəsilə uşaqlara şirələr paylayırdılar. İnkluziv təhsil alanlar rənglər və işarələrdən bilirlər ki, sinif hansıdır və ona nələr paylanmalıdır. Yəni, belə şagirdlərə etibar edirlər, onlar cəmiyyətə hazırlanırlar.

Təcrübədə olduğum müddətdə çalışdım ki, məsələnin fəlsəfəsini qiymətləndirim”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları