Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 12:06:00
“Dünyanı gəzən Molla Nəsrəddin”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji kontekstdə araşdırılmasına həsr olunan “Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar,  milli folklorşünaslıq təcrübəsi” mövzusunda respublika elmi konfransı və “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının təqdimatı keçirilib.

 AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli qeyd edib ki, bütün dünyada məşhur olan xalq gülüş qəhrəmanı Molla Nəsrəddinlə bağlı lətifələrin araşdırılması elmi və ümumictimai əhəmiyyətə malikdir.

 Folklor İnstitutu və SOCAR AQŞ-nin birgə əməkdaşlığı ilə bu istiqamətdə görülən işləri müsbət dəyərləndirən akademik “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının mühüm əhəmiyyət kəsb etdiyini deyib.

 T.Kərimli bildirib ki, Molla Nəsrəddin lətifələri folklor nümunələri içərisində öz lakonikliyi, fəlsəfi dərinliyi ilə xüsusi seçilir. Lətifələrdə xalq müdrikliyi özünün bütün dolğunluğu ilə əks olunub. Bu mənada Molla Nəsrəddin lətifələrinin, o cümlədən digər xalqların folklorunda olan lətifələrin tərcüməsi və nəşri, geniş ictimaiyyətə çatdırılması olduqca vacibdir.

 AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, Molla Nəsrəddin lətifələrinin müasir nəzəri-metodoloji aspektdən araşdırılması institutun prioritet elmi istiqamətlərindən birini təşkil edir və bu sahədə xeyli uğurlar qazanılıb.

 Konfransda SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev çıxış edərək son illər rəhbəri olduğu qurumla Folklor İnstitutu arasında sıx əməkdaşlıq əlaqələrinin formalaşdığını, artıq bu əlaqələrin konkret elmi nəşrlərdə, kitab və məqalələrdə öz əksini tapdığını bildirib. İki cilddən ibarət Molla Nəsrəddin lətifələri, nüfuzlu bazalara daxil olan beynəlxalq elmi jurnallarda dərc olunmuş bir sıra məqalələr, mollanasreddin.az portalı əməkdaşlığın bariz nümunəsidir.

 Daha sonra AMEA Folklor İnstitutunun böyük elmi işçisi, “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının tərtibçisi Qumru Şəhriyar nəşrlə bağlı ətraflı məlumat verib.