Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 16:36:49
Aprel şəhidinin məktəbli qızı atasından yazdı: “Canım atam, sənə çox ehtiyacım var, sənin üçün darıxıram”

Azedu.az  təhsil portalı Aprel şəhidlərinin məktəbli övladları arasında “Mənim Atam Qəhrəmandır – O, Cümhuriyyətin əsgəri idi”  mövzusu ilə bağlı yazı müsabiqəsi keçirir.

“Aprel 2016”   Şəhid Ailələrinə dəstək İctimai Birliyi bu layihənin gerçəkləşməsində təşkilatı dəstək verir.   

Təqdim etdiyimiz  “Mənim Atam Qəhrəmandır - O, Cümhuriyyətin əsgəri idi” mövzusunda uşaqlar öz ataları haqqında düşüncələrini, xatirələrini bölüşüb, eyni zamanda 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik yolunda atalarının qəhrəmanlığından yazırlar.

 İlk olaraq,  Aprel döyüşlərində qəhrəmanlıq göstərən mayor Rasim Məmmədovun qızı Aysu Məmmədova atası haqqında ürək sözlərini inşa şəklində yazıb.

Aysu Məmmədova hazırda Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəbin 9-cü sinif şagirdidir.

AzEdu.az Aysu Məmmədovanın atası Rasim Məmmədov haqqında yazısını təqdim edir.

Şəhid övladlarının dil və üslubuna, əlyazma şəklində yazıdığı yazıların qrammatik nöqsanlarına toxunmadan – duyğuların təbiiliyinə xələl gətirmədən oxuculara təqdim edirik:

 "Şəhid mayor Rasim Məmmədov kimdir?

Mən şəhid mayor Rasim Məmmədovun qızı Aysu Məmmədova. Atam igid, mərd, Vətən sevən, canını torpağına həsr eləyən, ailəsini, uşağını bir an belə düşünməyən, hər zaman torpağına önəm verən mərd oğul, igid ata!

Mənim atamı sizlərə tanıtmağıma ehtiyac yoxdur. Çünki şəhadətə yetdiyi zaman Atamı bütün dünya tanıdı.

Qaldı Atamla öz münasibətimiz, bir cümlə ilə onu deyə bilərəm ki,o mənim həyatım, nəfəsim idi. Mən həyatı başa düşdükdən bəri silah səsləri ilə oyanmışam hər günə... Mənə ən maraqlısı bu idi ki, mən atam üçün narahat olduqca, mənə belə cavab verərdi:

“Mən bu yolu bilə-bilə  seçmişəm. Vətən uğrunda vuruşmağı, sonuna qədər mübarizə etməyi və sonunda ölüm olduğunu bilə-bilə bu yolda getməkdir. Biz atamla bu haqda söhbətləri tez-tez etmirdik. Amma bir gün yanımızda olmayacağını da dilə gətirirdi. Elə bil ki, bizi yoxluğuna alışdırırdı.

Hətta bir gün ad günümdə atam gəlmədi, deyə tortumu kəsmək istəmədim. Saat 12-yə 10 dəqiqə işləmişə kimi gözlədim. Bilirdim ki, Atam gələcək və elə də oldu. Atam gəldi. “Səni gözləyirdim” -,deyə qabağına qaçdım. Boynumu qucaqlayaraq mənə dedi ki, atası olmayanlar neyləsin?

Mən qız olmağıma baxmayaraq Atam məni oğlan kimi böyüdüb. Heç kimdən qorxmamağı, çəkinməməyi öyrədib mənə. Hər zaman yanımda olacağını deyirdi. Hətta səhvim olsa belə, məni başa salırdı. Atamın mənə verdiyi cəza kök yedirtmək olurdu. Heç bir vaxt Atam bizimlə uca səslə danışmayıb. İşdən yorğun gəlsə belə, işinin nə qədər ağır olduğunu bizə bildirməyib. Atam boş vaxt tapan kimi bizi aparıb gəzdirərdi. Atamın ən böyük arzusu məni həkim paltarında görmək idi. Həmin günü görə bilməyəcəyini hiss etdiyi üçün mənə həkim paltarı aldı. Mən də atama söz verirəm ki, çox çalışıb həkim olacağam. İnşallah.

Mən atamla olan münasibətimizdən çox danışa bilərəm. Ancaq sözləri nə böyük ağuyla yazıram bir Allah bilir. Ürəyimdə elə bir boşluq var ki, ağrısı heç keçmir. Əksinə hər gün daha çox şey yadıma düşür, daha çox ağrayıram.

Məktubların toplanmasının son günü mayın 20-sinə təsadüf edir. Həmin gün mənimçün çox ağırdır.Çünki Atamın ad günüdür.3 ildir ki, Atam aramızda yoxdur. Atamın ad gününü Atasız qeyd edirəm. Canım Atam sənə çox ehtiyacım var.Kaşki həmişəki kimi yanımda olardın.Sənin üçün darıxan qızın.

Şəhid Rasim Məmmədovun qızı Aysu Məmmədova