Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 17:38:00
Bir məktəbdən digərinə keçən şagird üçün ən vacib sənəd və tövsiyə  

AzEdu.az mütəmadi olaraq müəllim və direktorları maraqlandıran sualların cavabını təqdim edir. Müsahibə zamanı direktor namizədlərə ən çox verilən suallardan biri də şagirdin ümumi orta təhsilini izləyən sənəd – Şəxsi işlə bağlıdır.

Sual:

Digər məktəbdən məktəbə şagird qəbuluna əsas verən sənəd hansıdır? Onu kim və necə hazırlamalıdır?

Cavab:

AzEdu.az məlumat verir ki, ümumtəhsil müəssisəsinə digər məktəbdən şagird qəbuluna əsas verən sənəd məktəblinin şəxsi işidir.

Şəxsi iş bütün ümumtəhsil müəssisələrində şagird məktəbə qəbul olunduğu gündən bitirənə qədər aparılır.

O, həm də yeni təyin olunan sinif rəhbərinin şagirdi öyrənmək üçün istifadə edəcəyi metodlardan biridir. Sinif rəhbəri şagirdlərin şəxsi işlərini diqqətlə nəzərdən keçirib, normal vəziyyətdə hazırlayır, dərs ilinin sonunda hər şagirdə onun təlim-tərbiyə fəaliyyəti, şagirdlər üçün qaydalara necə riayət etməsi, məsuliyyəti, intizamı, mədəni davranışı və xasiyyəti haqqın­da xüsusi xarakteristika tərtib edir.

Şagirdin şəxsi işinə bunlar yazılır:

-Şagird haqqında ümumi məlumat;

-Siniflər üzrə yekun müvəffəqiyyəti.

Şagird IX-XI siniflərdə oxuyursa, əsas təhsil haqqında  şəhadətnaməsi şəxsi işdə saxlanır və orta məktəbi bitirdikdə ona verilir.

O, məktəbdən məzun olmadan gedərsə, şəxsi işinə hər il aparılan tibbi müayinələrin nəticələrinə əsasən doldurulan tibbi arayış qoyulur. Burada onun səhhəti ilə bağlı zəruri məlumatlar əks olunur.

Məktəblilərin şəxsi işləri I-IV siniflərdə müəllim, V-XI siniflərdə isə sinif rəhbəri tərəfindən hazırlanmalıdır.

Şagird məktəbdən gedərkən şəxsi işi yazılı ərizəyə əsasən valideynə və ya onu  əvəz edən şəxsə verilir. Məktəbi bitirdikdən sonra şagirdin şəxsi işi 5 il məktəbin arxivində saxlanmalıdır.

Məktəbli ölkə daxilində məktəb yerdəyişməsi edərsə, onun şəxsi işi arayış əsasında yeni təhsil alacağı məktəbə verilir və hər iki məktəb tərəfindən əmrləşdirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları