Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 13:52:00
Universitetin müəllimi borca görə həbs olunub

Odlar Yurdu Universitetinin gənc müəllimi Leyla Əliyeva borca görə həbs olunub.

AzEdu.az xəbər verir ki “Qafqazinfo”ya müraciət edən L.Əliyevanın anası Nüşabə Məmmədova deyib ki, qızı etdiyi səhvin ucbatından indi dəmir barmaqlıqlar arxasındadır.

Belə ki, Füzuli rayonundan məcburi köçkün olan L.Əliyeva bir neçə il əvvəl ailəsindən boşanıb və 4-5 min manat borcu olub: “Bu borcu ödəmək üçün tanış mağazadan qızıl götürüb lombarda qoyub, orada da qızılı yarı qiymətinə alıblar. Pulu borcunun bir hissəsinə verib, sonra isə lombarda pulu ödəyə bilmədiyi üçün mağazaya borclanıb. Bu yolla, həndəsi silsilə ilə borcunun miqdarı artıb. Qızım tələbə yoldaşı və dostu Gövhər İldırımzadədən borc pul istəyib. Gövhər və anası Sevda Leylaya deyiblər ki, banka 43 min dollar kredit borcu olsa da, əllərindəki nəğd pulu ona verə bilərlər. Əvəzində isə Leyla həm borclarını qaytarsın, həm də  onların kreditini hissə-hissə ödəsin. Burada isə əlavə 5-6 min manatlıq faizi Leyla ödəməli idi. Razılaşma belə olub və Sevda İldırımzadə qızıma 43 min dollar verib. Leyla ilk ay üçün 3 min dollar krediti ödəyib, qalanını isə qızıla görə yaranan borclarına verib. Bir müddət sonra Leyla banka olan krediti də ödəyə bilmədiyi üçün Gövhər və Sevda İldırımzadə şikayət edib. Qızım Leyla bu ilin may ayında həbs edilib. Bir neçə dəfə onun ev dustaqlığına buraxılmasını xahiş etmişik, prokuror da razılıq verib, amma məhkəmə onu həbsdə saxlayıb.  Biz istintaq dövründə dəymiş zərərə görə 10 min manatdan çox ödəniş etmişik. Qızım da dəfələrlə müraciət edib ki, onu ev dustaqlığına buraxsınlar və çıxıb işləyərək borcunu ödəsin. 

 Biz bir valideyn olaraq hüquq-mühafizə orqanlarının rəhbərliyindən, məhkəmədən və zərərçəkmiş tərəfdən xahiş edirik ki, humanistlik göstərib qızımın azadlığa çıxmasına şərait yaratsınlar. Ailəsi dağılaraq onsuz da hər şeydən məhrum olmuş qızımı bədbıxt etməsinlər. Leyla azadlığa çıxıb cehizini sataraq borcu ödəmək istəyir. Həbs ediləndə o, doktoranturada təhsil alırdı”.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən L.Əliyeva ilə bağlı cinayət işinin istintaqı Nərimanov Rayon Polis İdarəsində aparılıb, hazırda iş yekunlaşdırılaraq məhkəməyə göndərilməsi üçün Bakı Şəhər Prokurorluğuna təqdim olunub.