Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 13:30:00
Məktəblilərimiz beynəlxalq yarışlarda fərqləniblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri şagirdlərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, Türkiyədə şahmat üzrə keçirilən Ümumdünya Yeniyetmələr Olimpiadasında milli komandanın tərkibində çıxış edən 308 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gövhər Beydullayeva qızıl medal və kubokla mükafatlandırılıb.

Vətənə qalibiyyətlə dönən digər idmançılar isə 171 nömrəli tam orta məktəbin şagirdləridir. Məktəbin X sinif şagirdi Oruc Alişanov taekvando idman növü üzrə keçirilən beynəlxalq yarışda 70 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbli bu qalibiyyətinə görə qızıl medal, diplom və kubokla mükafatlandırılıb. Məktəbin XI sinif şagirdi Hüseyn Əliyev isə 59 kiloqram çəki dərəcəsində II yeri tutub.

Paytaxtdakı 270 nömrəli tam orta məktəbin V sinif şagirdləri Elton Əliyev və Cansu Əhmədzadə Makedoniyada karate üzrə keçirilən XI Avropa çempionatında 30 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək I yeri tutublar. Məktəblilər bu qələbələrinə görə qızıl medalla mükafatlandırılıb. 116 nömrəli tam orta məktəbin XI sinif şagirdi Riyad Şirəliyev isə Koreyada taekvando idman növü üzrə keçirilən dünya çempionatında III yerə layiq görülüb. Məktəbli bu qalibiyyətinə görə medal və sertifikatla təltif olunub.