Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 12:30:00
“Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı”

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan filologiyası fakültəsinin dekanlığı, Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin birgə təşkilatçılığı ilə “Əsrlərin, nəsillərin yaddaşında yaşayan Cəfər Cabbarlı” adlı tədbir keçirilib.  

 Qeyd edək ki, tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,  yazıçı, dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar respublikamızda keçirilən tədbirlər silsiləsindəndir.

 Tədbirdə professor Tahirə Məmmədin “Cəfər Cabbarlı yaradıcılığında obrazların tipologiyası” mövzusunda, professor Nizami Məmmədovun “Cəfər Cabbarlı dramaturgiyası digər xalqların səhnəsində” mövzusunda məruzələri dinlənilib.

 C.Cabbarlı adına ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi  Qəmər Seyfəddin qızı çıxışında babası ilə bağlı ailə xatirələrindən, sənətkarın keşməkeşli həyat və yaradıcılıq yolundan danışıb. O, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı Gültəkin Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyeva, həmin kafedranın dosenti Fərrux Məmmədov çıxışlarında C. Cabbarlının elmi-tənqidi məqalələrinin müasirliyini və əhəmiyyətini vurğulayıblar.

 Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev bildirib ki, C.Cabbarlı şəxsiyyət azadlığının və humanizmin tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.

 Tədbirdə BSU-nun Əsas kitabxanasının müdiri Səmayə Əliyeva tərəfindən  hazırlanan C.Cabbarlının kitablarından ibarət sərgi ilə tanışlıq da olub.