Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 10:36:00
“Məktəb müdiri”- “Məktəbimizdən bu yolla  faydalanan şagirdin repetitora qəti ehtiyacı olmaz” – MÜSAHİBƏ

 “Ali məktəbə qəbul imtahanlarına fəal təlim metodu ilə hazırlaşan şagird dərs zamanı diqqətli olsa, onun  repetitora müraciət etmədən uğur qazanması heç də çətin olmaz”.

83 nömrəli məktəb–liseyin direktoru Almaz Bayramovanı–yəni, yuxarıdakı sözlərin müəllifini-müasir dövrün təlim metodları çox düşündürür. O, kurikulumun tətbiqi ilə yanaşı, məktəb idarəetməsi, ümumtəhsil müəssisəsində müxtəlif layihələrin həyata keçirilməsini də diqqətdə saxlayır.

Beləliklə, AzEdu.az-ın Bakı Şəhər Təhsil İdarəsi ilə birgə həyata keçirdiyi ortaq layihənin budəfəki müsahibi 83 nömrəli məktəb–liseyin direktoru Almaz Bayramovadır.

Qeyd:

Almaz Bayramova 2008-2009-cu tədris ilində keçirilmiş "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. 2014-cü ildə 246 nömrəli məktəb-liseyə direktor təyin olunub. 2017-ci ildə BŞTİ tərəfindən təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsindəki fəaliyyətinə görə Fəxri Fərmanla, 2018-ci ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

"Fəal təlimdə pedaqoji texnologiyaların və interaktiv metodların tətbiqi", "IV siniflərdə riyaziyyatdan çətinliyi artırılmış məsələlər" adlı metodik vəsaitlərin müəllifidir. Bir sıra innovativ kurs və layihələrin fəal iştirakçısı olub.

Hazırda 83 nömrəli məktəb – liseyin direktorudur.

2014-cü ildə Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkil etdiyi "Bu günün və sabahın direktorları" təlim kursunu müvəffəqiyyətlə tamamlayıb.

-Almaz xanım, iştirak etdiyiniz təlimlər arasında “Bu günün və sabahın direktorları" kursu da var. Sizcə, bugünün məktəb rəhbərləri nümunəvi direktor obrazını yarada biliblər?

-Sözsüz, bugünün direktorları cəmiyyətin tələb etdiyi meyarları özündə birləşdirməlidirlər. Həm xarakter, həm də idarəetmə baxımından tələblərə uyğunlaşmalıdırlar.

Münasibət bildirməyə elə iş prinsiplərimdən başlamaq istərdim: Direktorluq fəaliyyətimin altıncı ilidir. Bu məktəbə sonradan rotasiya olunmuşam.

Hələ işə başlayanda xəyallarımda şəffaf, ədalətli, nizam – intizamlı məktəb obrazı formalaşdırmışdım. Ən əsası isə şagird bu məktəbə sevərək gəlməli idi. Özümü misal göstərim: biz şagird olanda heç kim demirdi ki, məktəbin nəticələrini qaldırmaq lazımdır. Bu, sanki müasir dövrdə dəbə düşüb. O vaxt belə bir stereotip də yox idi. Özümüz şagird olaraq məsuliyyəti dərk edir, məktəbin həmişə birinci olmasını düşünürdük. Məktəbimiz həmişə məzunları, göstəriciləri ilə seçilirdi. Müəllimlərin də tədris zamanı bizi sırf nəticəyə fokusladıqlarını xatırlamıram. Bugünün direktorları da məktəbdə elə mühit qurmalıdırlar ki, həm pedaqoji kollektiv, həm valideyn, şagird, həm də digər işçilər görmək istədikləri üfüqə doğru getsinlər.

“Bu fobiyanı valideynlərin ağlından çıxarmaq lazımdır”

-Qeyd etdiniz ki, şagird məktəbə sevərək gəlməlidir. Şagirdləri repetitorların əlindən alıb məktəbə toplamaq üçün hansı addımlar atılmalıdır?

-Bu, təhsilimiz üçün çox bəlalı məsələdir. Məni də az düşündürmür. Valideynin məktəbə olan güvəninin azalmasından qaynaqlanır. O düşünür ki, övladı hazırlığa getsə, daha çox bilik alacaq. Amma heç də belə deyil.

Çünki sinifdə verilən biliyi heç nə əvəzləyə bilməz. Nəticədə repetitorlar da həmin məktəbin müəllimləridirlər. Onlar da eyni universiteti bitirib, eyni diplomu alıblar, fərqli heç nə yoxdur. Əksinə, sinifdə 20-30 arası şagird olur. Repetitor qruplarına nəzər saldıqda isə orada 16-18 nəfərlik qruplar görürük. Bu, məktəbdə bir sinfə dərs demək kimi bir şeydir. Bundan əlavə, repetitor sisteminin dərs saatlarına nəzər salaq: şagird hazırlıqda həftədə 2 dəfə saat yarım olursa, məktəbdə həmin fənn həftədə 5 saat tədris olunur.

Peşəkar müəllimlər olan məktəbdə də şagird dərsə fokuslanır. O, məktəbdən nə isə götürmək istəyirsə, bu zaman repetitorluğa da gərək olmaz. Sadəcə, bu fobiyanı valideynlərin üzərindən götürmək lazımdır. İşlədiyim məktəbdə repetitorsuz ali məktəbə qəbul olunanlar var. Həmin şagirdlərin ya fərdi müəllim tutmağa imkanları olmayıb, ya da özləri məktəbi seçiblər. Onlarla xeyli müzakirə aparmışam. Deyiblər, məktəbdə oxumaq rahatdır, deyiləni daha yaxşı başa düşürük. Sadəcə, ölkəmizdə “palaza bürün, el ilə sürün” kimi dəb düşüb. Məktəbdə dərs zamanı fənni tam öyrətməyə çalışmalıyıq.

-Boynumuza alaq ki, repetitorluğun belə geniş vüsət alması həm də müəllimlərdən asılıdır. Bu məsələni müəllimlərdən vergi tutulması kimi müəyyən standartlar tətbiq etməklə tənzimləmək olar?

-IX siniflərin buraxılış imtahanları ilə əlaqədar məktəbin qarşısında xeyli vəzifələr durur. Bunun üçün əlavə məşğələlər tərtib edir, şagirdləri dərsdən sonra da hazırlaşdırırlar. Bu, könüllülük prinsipi ilə aparılır və icbari xarakter daşıyır. Effekti isə çox olur. Məktəbin fəaliyyət planında da təlim nəticələri zəif olan şagirdlərin aşkarlanması və onlarla iş aparılması ilə bağlı məsələlər qeyd olunub. Məktəbli zəif nəticə göstərirsə, bu, yalnız onun günahı deyil. Burada müəllimin də günahı var. O, öz nəticəsini hansısa yolla artırmalıdır. Bunun üçün hər hansı standart və ya verginin tətbiqi, vəsaitin sərf olunmasına ehtiyac yoxdur. Müəllim düşünməlidir ki, qarşısındakı hər şagird onun əməyinin nəticəsidir. İşində maraqlı olmalıdır. Dərs müddətində çatdıra bilmirsə, dərsdən sonra fərdi yanaşma vasitəsilə şagirdinə dəstək ola bilər. Bəzi məktəblər müxtəlif layihələrə qoşulur, dərsdənkənar məşğələləri məhz həmin layihələrə verirlər. Fakültətiv məşğələlərin hesabına da müəyyən işlər görmək olar.

-Repetitora müraciət etmədən də qəbul imtahanlarında uğur qazanmağın mümkünlüyünü bildirdiniz. Fəal təlim metodlarının tətbiqi ilə şagirdi qəbul imtahanlarına hazırlamaq mümkündür?

-Fəal təlim metodu dünyanın hər yerində var. Sadəcə, bizdə kurikulumun 10 ildən çoxdur, tətbiq olunmasına baxmayaraq qəribə yanaşma var.

Bəli! Şagirdləri qəbul imtahanına fəal təlim metodları ilə hazırlamaq mümkündür. Əlbəttə, 16 nəfəri bir qrupa yığıb, onları fəal təlim metodları ilə hazırlaşdırmaq olmaz. Bunun üçün şagird sayı az olmalıdır. Həmişə valideynlərə deyirəm ki, övladınızın kurikulum ilə hazırlaşmasını istəyirsizsə, onlar mütləq dərslərdə iştirak etməlidirlər. Onlar repetitorluqdan çox məktəb dərslərinə diqqət etməlidirlər. Çünki Dövlət İmtahan Mərkəzi bütün sualları məktəb proqramına əsasən tərtib edir. Dərslikdəki tapşırıqların yerinə yetirilməsi və alternativ tapşırıqları hazırlanması isə məktəb müəllimindən asılıdır. Fəal təlim metodu ilə hazırlaşan şagird sinifdə diqqətli olsa, qəbul imtahanlarında uğur qazanması heç də çətin olmaz.

Dövlətin qoyduğu standartlar məzmun xətləri üzərində qurulub. Onların hər biri düzgün yerinə yetirilsə, problem olmaz. Dərs dinləmələrində də buna diqqət edirik. Yanlışların düzəldilməsini tələb edir, bunları düzgün tətbiq edən müəllimin təcrübəsindən yararlanırıq. Hansısa məzmun xəttinin yerinə yetirilməsində boşluğa yol verildikdə bu problemlər ortaya çıxır. Hər şey yerində tətbiq edilsə, problem olmaz.

-Dərs dinləmələri zamanı müəllimləri müşahidə edirsiniz. Müəllimlər əsasən, kurikulumla bağlı hansı yanlışlara yol verirlər?

-Kurikulum müəllimin öz yaradıcılığı deməkdir. Dərsi nə formada keçməsi, şagirdə necə mənimsətməsi onun özündən asılıdır. Yetər ki, təlim formasını düzgün seçsin. Hələ də ənənəvi təlim üsullarından istifadə edən müəllimlər var. Onların fikrincə, bu formada öyrətmək daha asandır. Nöqsanlar isə adətən, bununla bağlı olur: qoyulan standartın üzərində dərsin bütün mərhələləri tətbiq olunmalıdır. Əsas problem qiymətləndirmə meyarlarının çıxarılması ilə bağlı olur. Bəzən onlar düzgün tərtib edilmir, bəzən isə, ümumiyyətlə, olmur.

Təlim üsulları zəngin və dərs formasına uyğun olsa, şagird fəaliyyətini daha çox izləmək olar. Müəllim kurikulum dedikdə öz peşəkarlığını ortaya qoyursa, bu, hər şeyə dəyər.

“Müəllim qeydlərini elektron şəkildə etsə, “kağız əsri” bitər”

-Qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra əksər müəllimlər işlərinin artmasından gileyləndilər. Qiymətləndirmə üçün ayrıca tyutor ştatının yaradılmasını təklif edənlər də oldu....

....Hər şey elektronlaşdırılıb. Fikrimcə, müəllim qeydlərini elektron şəkildə etsə, “kağız əsri” bitər.  Üstəlik, işi də bir qədər yüngülləşər. Məktəblərdə tyutorluğun tətbiqini isə real görmürəm. Çünki müəllim şagirdini tanımalıdır. Başqa bir şəxs tanımadan onu necə qiymətləndirə bilər? Şagirdin işlədiyi tapşırığı müəllim özü nəzərdən keçirməlidir.

Elektron forma isə bütün bu işləri asanlaşdırar. Qiymətləri məktəbdəki laborantlar bazaya daxil edə bilərlər.

-Bəzi müəllimlər isə formativ qiymətləndirmə dəftərindən narahatdırlar. Bu dəftərdə qeydlərin aparılması müəllimə hansı üstünlükləri qazandırır?

-Təlimatda ətraflı şəkildə qeyd edilib ki, müəllim formativ qiymətləndirmə dəftərini özünə asan şəkildə hazırlaya bilər. Müəllim orada qeydlərini mütləq aparmalıdır. Çünki bəzən valideyn övladının Kiçik və Böyük Summativ Qiymətləndirmə nəticələrindən narazı qalır. Belə hallarla sıx rastlaşırıq. Şagird summativ qiymətləndirmə imtahanından az və çox bal toplaya bilər. Bu vaxt müəllimin əlində şagirdin gündəlik fəaliyyəti barədə ətraflı məlumat verən formativ dəftər olmalıdır. Bununla müəllim şagirdin yarımil ərzində dərsə nə dərəcədə hazır olduğunu valideynə sübut edə bilər. Şagird uğurunun, inkişaf dinamikasının izlənməsi baxımından formativ qiymətləndirmənin rolu böyükdür. Şagird summativ qiymətləndirmə zamanı həyəcanlana, imtahan stressinə düşə bilər. Amma təkcə summativ onun haqqında  fikir yürütməyə əsas vermir. Bu dəftər də müəllim yaradıcılığı ilə bağlıdır. Müəllim bu qeydləri asan formada apara bilər.

“Proqrama məntiqlə bağlı bir fənnin əlavə edilməsi yaxşı olardı”

-İndiki tədris proqramının hansı formada dəyişilməsini istərdiniz? Əlavə edilməsini arzuladığınız hər hansı fənn var?

-Həmişə düşünmüşəm ki, proqrama məntiqlə bağlı bir fənnin əlavə edilməsi yaxşı olardı. Çünki məntiq hazırda şagird üçün önəmlidir. Çünki məntiqi təfəkkürü güclü olan şagird bütün fənləri mənimsəyə bilir. Bununla bağlı fənnin əlavə olunmasını istərdim. Amma məktəblilərin dərs yükünün ağırlığını da nəzərə almaq lazımdır. Bəzi məktəblərdə əlavə layihələr mövcuddur, çünki şagird yüklənir.

-Bəzi məktəblərdə müəllimlər üçün vahid geyim forması tətbiq edilir. Onlara daha hansı bu tip standartların tətbiqini faydalı hesab edirsiniz?

-Müəllim şagird diqqətini cəlb etməyəcək, sadə aksesuar və geyimlərdən istifadə etməlidir. Müəllimlərə nümunə olmaq üçün hər zaman geyimimə diqqət etmişəm. Müəssisə rəhbəri geyimi, nizam-intizam və işə yanaşması ilə işçilərə nümunə olmalıdır. Müəllimlərə də xarici görkəmləri ilə diqqət çəkməmələrini tapşırıram. Elə geyinməlidirlər ki, dərs zamanı şagirdin fikri yalnız müəllimin izahında olsun. Uzun dırnaq, kirpik, rəngarəng geyim və aksesuarlar məktəbə yaraşmır. Mən pedaqoji təcrübə keçəndə bizi yalnız yoxladıqdan sonra sinif otağına buraxırdılar. Bunlar dünya təcrübəsində də var.

Müəllimlərə vahid formanı tətbiq etmək barədə çox düşünmüşəm. Amma bəzən insanları çərçivəyə salmaq istəməmişəm. Onlar bir qədər sərbəst olmalıdırlar. Özüm də azad düşüncəli, sərbəst fikirli insanlarla işləməyə üstünlük verirəm. İstərdim, gizli qalan məqam olmasın, hər kəs fikrini açıq-aydın desin. Sözsüz, qayda - qanun çərçivəsində, etik normalara riayət etmək şərti ilə...

-Üzərində çalışmayan müəllim müasir şagirdin tələbatına cavab verə bilmir. Sizcə, bu gün müəllim üzərində işləyirmi?

-Dərs dinləmələrində iştirak edərkən müəllimdən ilk tələb etdiyim gündəlik icmal olur. Gündəlik plana nəzər saldıqda müəllimin axşamdan dərsə necə hazırlaşdığı məlum olur. Müəllim fikrində sabah mövzunu şagirdə hansı formada təqdim edəcəyini planlaşdırmalıdır. Bu, özü də elə öyrənmək deməkdir. Çünki 1 il öncə keçdiyimiz mövzu indi başqa formada tədris edilə bilər. Bunu təcrübələrdən də görürük. Məsələn, bir mövzunu paralel siniflərdə tədris edəcəyiksə, hərəsinin öz ehtiyaclarını ödəməli, siniflərin kontingenti, qavrama qabiliyyətini nəzərə almalıyıq. Müəllim hər iki mühiti tutub onlara uyğun formada izah verməyi bacarmalıdır. Bunun üçün isə daim üzərində işləməlidir. O daim öyrənməsə, bildikləri yaddan çıxar. Peşəkarlıqlarını artırmaq üçün davamlı şəkildə, könüllü olaraq kurslara qatılan müəllimlərimiz var. Düzdür, müəllimi məktəb də müxtəlif layihə və kurslara yönləndirir. Amma onun özünü inkişaf etdirməsi başqa məsələdir. Bu, müəllimin yaradıcılığı, mütaliəsi, öyrənmə və axtarmasına dayanır.

-Növbəti tədris ilindən dərsliklərin hansı formada dəyişilməsini istərdiniz?

-Hazırda dərsliklər həm müəllim, həm də şagirdləri qane edəcək formadadır. Bəzən müəllimlərdən kiçik iradlar eşidirik. Tövsiyə edirik ki, elektron dərslik portalında müzakirəyə açıq olsunlar.  Fikrimcə, dərslik elə olmalıdır ki, sanki uşaqla danışır. O, anlaşıqlı olmalı, şagird beyninin qaldıra biləcəyi səviyyədə yazılmalıdır.

-Direktor hansı keyfiyyətlərinə görə, müəllimdən üstün olmağı bacarmalıdır?

-Direktor işləmək üçün öncə kommunikativ bacarıqlar olmalıdır. Ünsiyyət bacarığı olmayan biri məktəbdə işləsə, çətinlik çəkəcək. Yüksək səviyyədə ünsiyyət qura biləndə həm müəllim, həm valideyn, həm də şagirdlə işləmək daha asan olur.

-Həmkarlarınıza hansı əlavə səlahiyyətlərin verilməsini istərdiniz?

-Təhsil Nazirliyi direktorlara lazım olan bütün səlahiyyətləri verib. Sadəcə, onları düzgün başa düşüb icra etmək lazımdır. Bura kiminsə özəl, şəxsi mülkiyyəti deyil. Dövlət müəssisəsidir və burada dövlətin qoyduğu qanunları icra etməliyik. Onlardan kənara çıxma səlahiyyətimiz yoxdur. Direktora verilən səlahiyyətlər də qanunvericiliyə uyğundur. Direktora verilən səlahiyyətlər sırf təhsilin inkişafına xidmət edir. Əvvəl onları yüksək səviyyədə icra edə bilək, sonra əlavə səlahiyyət istəyərik.

“Bəlamız budur: Valideyn hər şeyi məktəbdən gözləyir”

-Bir qədər də təhsilin sifarişçilərindən danışaq. Ümumiləşdirmə aparsaq, azərbaycanlı valideynin bəyənmədiyiniz 3 xüsusiyyətinə nələri aid edərdiniz?

-Birincisi, həddindən artıq çox qoruyucu olması, güvənsizlik; ikincisi, davamlı olaraq “mənim, mənim” deməsi,  “mənim övladım” düşüncəsi; üçüncüsü, övladına az zaman ayırması.

Sosial problemlər valideynlərin başını o qədər qatır ki, eşitdiyimiz söz ancaq bundan ibarət olur: “onsuz da müəllim tutmuşam”. Məsələn, bir şagirdin IX sinfə qədər qiymətləri çox aşağı olmuşdu. X sinfə keçmək məsələsi ortaya çıxanda valideyn dedi ki, onsuz da müəllim tutmuşam, hazırlaşdıracaq. Hiss olunur ki, valideyn övladına nəzarət etmir. Ümumiyyətlə, onunla maraqlanmaq istəmir. Oxumayan şagird son 2 il ərzində nə qədər uğur əldə edə bilər?

Bizim bəlamız budur: Valideyn hər şeyi məktəbdən gözləyir. Deyirlər, şagird üzərindəki əməyin 50 %-i valideynin, 50%-i isə məktəbin boynunda olmalıdır. Mən deyərdim ki, bu, onun 20%-i valideynin, 80%-i məktəbin üzərinə düşməlidir. Çünki indiki valideynləri sosial problemlər çox məşğul edir. Övladlarının təhsilini üçüncü tərəfə etibar etmək məcburiyyətindədirlər.

“O vaxt dərnəkdə öyrəndiyim fars əlifbası hələ də yadımdadır”

-Şagird yaradıcılığını inkişaf etdirən nüanslardan biri də dərnək məşğələləridir. Sizcə, bu saatlar kimlərə verilməlidir?

-Dərnək məşğələləri şagirdin dərsdənkənar fəaliyyətinin daha səmərəli keçirilməsi üçündür. Şagird dərsdənkənar məşğələyə sevərək getməlidir. Bizim vaxtımızda dərnəklər dillərə, bədii qiraət, teatr və s-yə verilirdi. Hələ o vaxt dərnəkdə öyrəndiyim fars əlifbası hələ də yadımdadır. Dərnəkdə öyrəndiyim tikişləri hələ də tətbiq edirəm. Belə də olmalıdır. Onsuz da şagird dərsdə yüklənir. Dərnək də dərs kimi olsa, buna fiziki və zehni cəhətdən gücü çatmaz.

Amma dərnək məşğələlərini sırf dərs yükünü artırmaq məqsədilə hər hansı müəllimə verilməsi düzgün deyil.

-Azərbaycan orta məktəblərini 15 il sonra necə görmək istəyərdiniz?

-Məktəblərimizdə ciddi işlər gedir. Məsələn, bu yaxınlarda məni bir dərsə dəvət etdilər. Dərsdə Ukrayna və İtaliya məktəbləri ilə birgə videokonfrans qurulmuşdu. 3 məktəb əməkdaşlıq edirdi. Öz şagirdlərimizin heç də əcnəbi məktəblilərdən zəif olmadıqlarını gördüm. Hər üç ölkədə ingilis dili dərsi idi. Hərə öz ölkəsi barədə məlumat verirdi. Şagirdlərimizin daha gözəl nitq qabiliyyətinə malik olduqlarını gördüm. Baxanda aydın olurdu ki, məktəblərimizdə olan şərait onlarda yoxdur. Məsələn, biz videokonfransı elektron lövhə ilə, onlar telefonla edirdilər. Kimin nə resursu var idisə, onu da istifadə edirdi. Bu, dövlət qayğısını təsdiqləyirdi. Fikrimcə, dövlət tərəfindən göstərilən bu qayğının əvəzini verməliyik.

İnanıram ki, Finlandiya, Yaponiya məktəbləri adla tanındığı kimi Azərbaycan təhsil sistemi də gələcəkdə məşhur olacaq. Təhsilimizin hər hansı təhsil sistemindən aşağı olduqlarını düşünmürəm.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları