Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 17:49:00
Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Noyabrın 22-də Rusiya Federasiyasının Moskva şəhərində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.

AzEdu.az xəbər verir ki, forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə “Dəyirmi masa”lar təşkil edilib.

 “Humanitar sahədə əməkdaşlıq” mövzusunda təşkil olunan “Dəyirmi masa”da moderator qismində Azərbaycan tərəfindən Təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya tərəfindən isə Maarif nazirinin birinci müavini Pavel Zenkoviç çıxış edib. 

İclasda çıxış edən Firudin Qurbanov Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında humanitar sahənin rolundan danışıb. O, Rusiya Federasiyası ilə təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib. Nazir müavini Azərbaycanda rus dilinə göstərilən qayğını xüsusi vurğulayaraq bu dilin tədrisinin qorunub saxlanması və inkişafı, o cümlədən rus dilində təhsil almaq imkanlarının genişləndirilməsi üçün ölkəmizdə Təhsil Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyünü qeyd edib.

Firudin Qurbanov bildirib ki, ölkədə tədris rus dilində aparılan 338 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə 130 mindən çox şagird təhsil alır. Bununla yanaşı, üç mindən çox məktəbdə rus dili xarici dil kimi tədris olunur. Məktəblilər arasında rus dilinə olan marağın artdığını vurğulayan nazir müavini 2008-ci ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə hər il ənənəvi olaraq keçirilən rus dili və ədəbiyyatı üzrə Respublika olimpiadası barədə məlumat verib.

Rus dilinin tədris dili kimi ali təhsil müəssisələrində də geniş istifadə olunduğunu qeyd edən Firudin Qurbanov iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyəti barədə məlumat verib.

Sözügedən “Dəyirmi masa”da Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Gəncə Dövlət Universitetinin elm və texnika üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri Çingiz Əliyev və Azərbaycan Dillər Universitetinin  Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Məmməd Əliyev çıxış edib.

Tədbirdə həmçinin Azərbaycanın digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edib.