Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 17:15:00
Növbətçi müəllimlərin bilmədikləri çox vacib məqamlar – Təhlil və zəruri bilgilər

Orta ümumtəhsil müəssisələrində nizam – intizam qaydalarına əməl olunması məktəb rəhbərlərinin diqqət etdikləri əsas məqamlardandır.

Bəzən bu qaydalara düzgün riayət olunmasının məsuliyyəti növbətçi müəllimlərin üzərinə yüklənir. Amma həmin müəllimlər bunun üçün heç bir əməkhaqqı almırlar.

Qeyd:

“Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları”nda bir sıra intizam tədbirləri əks olunub.

Bura şagird və müəllimlərin davranış qaydaları; kontingentin məktəbə gediş-gəliş saatları; bu saatlarda icra olunan işlərin ardıcıllıqları; dərsdənkənar tədbirlər; məktəbdənkənar tədbirlər zamanı kollektivin iştirakı və davranış qaydaları; tətil müddətində pedaqoji işçilərin və inzibati heyətin məktəbə gəliş–gediş saatları və eyni zamanda məktəbdaxili növbətçilik qaydaları aiddir.

Qanunvericiliyə görə, növbətçi müəllimin aşağıdakı vəzifələri mövcuddur:

-Dərsin başlanmasına 30 dəqiqə qalmış məktəbə gəlmək, dərs qurtarandan 30 dəqiqə sonra məktəbdən getmək;

-Növbətçi olduğu gün ayrı-ayrı siniflərin sinif növbətçilərini yoxlamaq, dərs məşğələlərinin gedişində baş verə biləcək pozuntuları aradan qaldırmaq;

-Dərs məşğələlərinin gedişi zamanı dəhlizdə sakitliyi bərpa etmək;

-Zəngin vaxtında vurulmasına nəzarət etmək;

-Sinif jurnallarının yerində olmasını yoxlayır, dərsdə iştirak etməyən şagirdlərin hesabatını aparmaq;

-Zəng içəri vurulduqdan sonra bütün şagirdlərin sinifdə olmasını, dərsdə iştirakını təmin etmək, intizamı pozan şagirdlər haqqında müvafiq ölçü götürmək;

-Şagirdlərin məktəb avadanlığı və tədris ləvazimatları ilə düzgün rəftar etmələrinə nəzarət etmək;

- Müəllimlər otağının təmiz və səliqəli saxlanmasına nəzarət edir;

-Dərslər qurtardıqdan sonra məktəbdə gün ərzində baş vermiş işlərə dair direktor müavininə hesabat vermək və s.

Bəs, fəaliyyəti zamanı bir sıra ştata vahidlərinin ixtiyarında olan işlərin öhdəsindən gələn növbətçi müəllimləri necə stimullaşdırmaq olar?

“Bunun üçün ayrıca vəsaitin ayrılmaısnı isə düzgün hesab etmirəm”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ağdam rayonu 148 nömrəli məcburi köçkün tam orta məktəbinin direktoru Rəşad Kazımov da bəzən müəllimlərin buna etiraz etdiklərini bildirib:

“Dövlət müəssisəsində çalışırıq və valideynlər övladlarını bizə həvalə ediblərsə, gün ərzində bu məsuliyyət sırf bir müəllimin üzərinə düşməli deyil. Hamımız bu işə nəzarət etməliyik. Amma hər sinifdə nümayəndə olduğu kimi, məktəbə də gün ərzində növbətçi təyin olunması müsbət haldır. Bu zaman pərakəndəlik olmur. Müəllim bilir ki, həfənin müəyyən günündə məktəbdə baş verənlərə cavabdehdir.

Bunun üçün ayrıca ştat təyin etmək yanlış addım olardı. Müəllim növbətçi olmadığı gün məktəbdə baş verənlər üçün məsuliyyət daşımır deyə bir şey də yoxdur. Bütün günlər üçün hər birimiz məsuliyyət daşımalıyıq. Ümumi nəzarət olmalıdır. Sadəcə bir nəfər zəngin vurulması, vaxtın təyin olunmasına nəzarət edir. Bunun üçün ayrıca vəsaitin ayrılmaısnı isə düzgün hesab etmirəm”.

“Növbətçi müəllimlərlə sərt davranırlar”

Müəllimlərin növbətçiliyə hansı səbəblərdən etiraz etmələrinə gəlincə isə direktor belə cavanlayıb:

“Kiçik, yeni qurulmuş müəssisə olduğuna görə, məktəbimdə bu kimi hallarla rastlaşmamışam. Bir vaxtlar işlədiyim başqa məktəblərdə isə növbətçi müəllimə yanaşma problemini müşahidə etmişəm. Növbətçi müəllimlərlə sərt davranırlar. Bir hadisə baş verən kimi “növbətçi müəllimlər hanı?” cümləsi eşidilir.  Müəllimlər bundan narahat olurlar. Dəfələrlə demişəm ki, hər kəsin yanlışı ola bilər , müəllimin üzərinə belə sərt şəkildə getmək düzgün deyil. Bəzən növbətçi müəllimə deyirlər ki, “sən orada dayanmalı idin, niyə buradasan? Fikrimcə, müəllimlə bu şəkildə davranmağa ixtiyarımız yoxdur. Çünki bunun qarşılığında heç bir əməkhaqqı almırlar.

Bundan əlavə, növbətçi müəllim seçilərkən gənc kadrlara üstünlük verilməlidir”.

-Bəs, nələr tətbiq edilməlidir ki, müəllimlər növbətçiliyə əlavə yük kimi baxmasınlar?

“Sırf növbətçiliyə görə əlavə əməkhaqqının tərəfdarı deyiləm”

Rəşad müəllim bildirib ki, maddi baxımdan stimullaşdırılmanın tərəfdarı deyil:

“Məktəbimdəki bir növbətçi müəllim tənəffüsdə boş olan kimi mütaliə edirdi. Bunu bütün iclaslarda qeyd etdim. Növbəti dəfə gördüm ki, müəllimlər məsələyə daha yaxşı yanaşırlar. Əksər müəllimlər ona oxşamaq istəyirdilər. Növbətçilərə “sırf güvəndiyimiz üçün bu işi sizə həvalə edirik” kimi yanaşmaq lazımdır. Onlara tədbirlərdə tərifnamələr də verilə bilər.

Amma sırf növbətçiliyə görə əlavə əməkhaqqının tərəfdarı deyiləm. Bu, ataya övlad saxladığına görə maaşdan əlavə pul verilməsinə oxşayır. Təsəvvür edin, ataya əlavə pul verirlər ki, övladına qayğı ilə yanaşsın”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları